Nazir “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Əmək və əhalinin sosial müdafiəsi naziri, “Yüksəliş” Təşkilat Komitəsinin üzvü Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin işçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Nazir Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə tanış olub, onları əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əmək, məşğulluq, sosial müdafiə sahələrində ölkəmizin gələcək inkişaf hədəfləri, bu istiqamətdə görülən işlərlə bağlı qaliblərə məlumat verib. Həmçinin nazir şəxsi və peşəkar idarəçilik təcrübəsindən qaliblərə nümunələr və tövsiyələr verib.

Sahil Babayev mentorluq proqramının həyata keçirilməsində maraqlı olduğunu qeyd edib. Nazir qaliblərin suallarını cavablandırıb, “Yüksəliş” müsabiqəsi qaliblərini DOST agentliyinə dəvət edərək, rəqəmsal inkişafla yaxından tanış olmağı təklif edib. Son olaraq gələcəkdə “Yüksəliş” müsabiqəsi qaliblərinin dövlətin inkişafında öz töhfələrini verməsi üçün müəyyən məsələlərə cəlb edilməsi müzakirə edilib.


Share: