“Naxçıvanın statusu məsələsinə heç kimin şübhəsi yoxdur”

“Naxçıvan Muxtar Respublikasının ləğv olunması məsələsi ortaya atılıb və geniş müzakirələrə səbəb olub. Bu günlərdə Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin dəqiqləşdirilməsi və digər işləri apardığı yerdə belə bir mövzunun yeridir?”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

“Bunu eliyənlər erməni, Fransa dərmanına su tökənlərdir. Hesab edirəm ki, bu insanlara qarşı kəskin mövqeyimizi ortaya qoymalıyıq”, – deyə deputat qeyd edib.

O vurğulayıb ki, 1921-ci ildə Qars, Moskva müqaviləsi ilə Naxçıvanın statusu müəyyən olunub: “Beş dövlət onun təhlükəsizliyinə zəmanət verib. Naxçıvanın muxtariyyət statusu nə millidir, nə də etnikdir. Bu, siyasi statusdur”.

S. Novruzov xatırladıb ki, daha əvvəl Naxçıvanın statusunun ləğv edilməsinin qarşısı ümummilli lider tərəfindən alınıb: “Həmin dövrdə AXC-Müsavat cütlüyü Naxçıvanın statusunu ləğv edib onu Ermənistana vermək istəyirdi, ümummilli lider qoymadı. İndi də onların tör- töküntüləri bu məsələni ortaya atıb. Bunun üçün birinci, Prezident tərəfindən referendum çağırılmalıdır. Bu gün Naxçıvan MR-ə qarşı aparılan bu təxribatxarakterli müzakirələrə son qoyulmalıdır. Başqaları suyu bulandırmasın”.

Bu çıxışa reaksiya verən Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, mediada çox şey yazılır: “Naxçıvan MR-in statusu məsələsinə heç kimin şübhəsi yoxdur”.

Eldar Tanrıverdi


Share: