Nəsiminin məzarı üzərində yazılanlar – Ölümdən sonrakı tarix – MARAQLI

İmadəddin Nəsiminin Hələb şəhərindəki məzar sənduqəsinin üzərindəki yazıda bunlar yazılıb:
“Əlfatihə. Həzə mərqədu’ş şəhidu’l mutəəbbədu’s sufi, əl kəbiru’l arifu billahi vəliyullah əş-Şeyx Əli İmadəddin Nəsimi. İstəşhədə fi sənəti 824 hicri. Rəhməhu’llahu Təala və qəddəsə sərruhu”
Ərəbcədən tərcüməsi: “Fatihə. Bu məzar, ALLAHın və onun vəlisinin böyük bilicisi, sufi inancına etiqad edən Şəhid Şeyx Əli İmadəddin Nəsiminindir. Hicri 824-cü ildə ( miladi 1421-ci ildə) şəhadətə yetirilmişdir. Uca ALLAH rəhmət eləsin, məzarının torpağı pak olsun”
Professor  Ramazan Siracoğlunun “MÜASİRLƏRİNİN FƏHM EDƏ BİLMƏDİYİ NƏSİMİ” adlı yazısından götürülən  bu məzarüstü yazıdakı iki söz xüsusilə diqqətimi çəkdi:”Şəhid” sözü, “Sufi inancına etiqad edən”… – Hər iki fakt həqiqətən də indiyə qədər çox diqqət edilməyən bir məqamdır.
Moderator.az xəbər verir ki, böyük İmadəddin Nəsimi Hələb ərazisinin də tabe olduğu Misir sultanı Məmlük ibn Müəyyədin fərmanı ilə böyük şair dəhşətli bir tərzdə edam olunub, ona çıxarılan bədnam hökm , dərisinin soyulması olub.
Nəsiminin məzarının Suriyanın Hələb şəhərində olması uzun illər Azərbaycan cəmiyyətinə məlum olmayıb. 1968-ci ildə xalq şairi Rəsul Rza Suriyaya ezamiyyətə gedərkən Nəsiminin qəbrinin Hələbdə olduğunu aşkar edib və bir sıra əlyazma nüsxələrini tapıb. Hələbdə Nəsiminin qəbrini ziyarət edib qayıdandan sonra Rəsul Rza Bakıda ”Ədəbiyyat və incəsənət” qəzetində dərc etdirdiyi ”Cahana sığmayan şairin qərib məzar”  alı məqaləsində böyük şairdən bəhs edib.
Çox-çox sonralar Azərbaycan hökumətinin dəstəyi Nəsiminin məqbərəsi və onun ətrafı abadlaşdırılıb.
Nəsimi onun adı ilə tanınmış təkyədə dəfn olunub, bu təkyə Hələbin əl-Ferafire məhəlləsində “Sultan hamamı” adı ilə məşhur olan hamamla üzbəüz və hökumət evinin yanındadır. Bu təkyəni idarə edən şeyxlər ona “Nəsimi təkyəsi” deyirlər”.
Nəsiminin böyük qardaşı və ilk müəllimi hesab olunan Şah Mərdan adlı şair isə öz doğma torpağında uyumaqdadır. Belə ki, Şamaxının Məlhəm kəndi həndəvərində salınan Şah Mərdan qəbiristanlığı məhz adını o şairdən götürür. Çağdaşlarından fərqli olaraq Jəmu Dəmun (yəni dağınıq saçlı) ləqəbli bu şair nə missionerlik məqsədilə, nə də ki, qürbət saraylarını rövnəqləndirmək üçün vətəni tərk etməyib. Amma o zaman yəni XIV əsrdə çox adam nəyəsə aldanaraq yad saraylara üz tutublar. Pakistan, Əfqanıstan, Hindistana qədər gedib çıxan bu şairlər elə orada da vəfat edib.
Share: