Nəğməkar ömrü- Yusif Nəğməkarın doğum gününə

Bir az odlu-alovlu, bir az da ahəstə adamdır. Yəni bir az adi, həm də qeyri-adidir. Ürəyi SÖzlə doludur. Dolusu SÖZ boydadır. Dəyərini çoxdan alıb- Zər qədrini zərgər bilər…

Kimdir, Yusif Nəğməkar?..

1955-ci ildə Beyləqanda, isti bir yay günündə dünyaya gəlib. Qızmar günəş altında boy atıb, yetişib. Sonra? Sonrası bəllidir…

…Biri şair desə sənə, inanma,
İnan ilhamından el danışanda…

İçində bir dünya sevinc var, kimsəyə bildirməz. Başını qaldıranda gözlərində ildırım çaxar. Sonra damla-damla səpələnib selə dönər. Bir də görərsən ki, yeddi rəngə çevrilib, “Fatma nənənin xalısı” kimi göz oxşayır. Sədaqətlidir, lap elə həzrəti Yusif təki. Çox quyulardan salamat çıxıb…

Deyir ki,- “Şair olan kəs bədii təfəkkürə malik olmalıdır, obrazlı düşünə bilməlidir. Və obrazlı düşündüyünü də qələmə ala bilməlidir…”

…Ah, bu sazın kökü zildir,
Barmaqların telə dildir.
Mizrab tutdum, elə bildim
Həsrətimi boğazladım…

İçinə çoxdan qalib gəlib. Ruhunu vücudunda cilovlaya bilib. Vücudu ruhunun əsiri, ruhu vücudunun köləsidir…

…Yer üzündə yer axtarma,
Bu ki, sirrdir, sirr axtarma.
Gölməçədə dürr axtarma,
Okeanın içindədir…

Sonsuz okeana bənzəyir. Elə ki, SAZı sinəsinə basdı, müdrikləşir, ünə çevrilir…

Eşqdən pərvazlandığı üçün getdiyi yolun hər döngəsində eşqlə üz-üzə gəlir. Onu irəli aparan da eşqdir…

Uzaqdan, lap uzaqdan üzü bəri gələ-gələ çatıb altmış beşə. Sonuncu dayanacaq qabaqda, hələ çox qabaqdadır…

İyunun 15-i doğum günüdür. Onu təbrik edir və hər iki dünyanın səfasını arzulayıram.
Deyir ki,- “Elə ölmək var ki, o yaşamaqdır…”

Bir də deyir ki:

“Mən girdə boyunduruğu
Uşaqkən qapımızda görmüşəm.
Sevinə-sevinə yüyürüb
Üzüyola heyvandan qabaq
Həlqəsinə girmişəm.
Tanıyıram boyunduruğu:
Bilirəm ki:
Öküzlərin, kəllərin,
Əməkçi əməllərin
Qismətinə yarlıqdı:
Ay maşallah! –
Boyunda boyunduruq
Yaman bəxtiyarlıqdı!…
Boyunduruqdakı boyuna
Yaxşı naz yaraşır, naz;
Onsuz da möhkəmdi, boyunduruq –
Qırılmazdı, qırılmaz!
Sınmaz ağacdan kəsilib,
Bəlkə min dəfə
ehtiyatla,
ya saymazyana
Ölçülüb-biçilib.
Üstündə yüz məqsədə and içilıib…
Hələ seçilib,
köçülüb,
kiçilib.
Düzəldilən gündən
təmənnayla, minnətlə
Kiçik, işgüzar, qoçaq
boyunlara qoyulub,
boyunduruq olub.
Onu təslim,
həm də
sülhsevər əlləriylə
boynuna keçirənlər
Nuh əyyamından
Boynu buruq olub.
Buyurana
Öz buyruğu bayraq olub –
Buyrulana
Öz həyatı buyruq olub.
Əzab çəkən,
Qəzəb bükən
boyunlar da
boyunduruq altında
Boyun yox, quyruq olub.
Boyunduruq içində
O mələyən öküzdü?
Quzu, yoxsa qoyundu?
Yoxsa elə boyundu?
Qoyun boyunduruqda,
Boyun boyunduruqda –
Bilmirəm nə oyundu…”

Mövludun mübarək, ŞAİR!

Elman Eldaroğlu

Share: