Qadın ömrü elə bir nəfis aləmdir ki, o, incəliyi, səmimiyyəti və şəfqəti ilə ətrafına hər zaman işıq saçır. Lakin bu ömür təhsilə, maarifçiliyə, gənc nəsillərin tərbiyəsinə və insanlığa təmənnasız xidmətə həsr olunanda daha böyük zirvələrə ucalır, müqəddəs bir missiyaya çevrilir. Həyatını məktəbə, elmin nurunu şagirdlərin qəlbinə köçürməyə həsr edən, cəmiyyətdə dərin ehtiram və böyük sevgilə əhatə olunan dəyərli ziyalımız Südabə xanım, şərəfli bir ömür yolu keçmişdir. O, yalnız müəllim kimi deyil, həm də ocağının çırağını yandıran müdrik bir ana, ocağına ruzi və mehribanlıq gətirən qayğıkeş bir gəlin, nəslinə nümunə olan gözəl bir qaynana kimi qəlblərdə dərin iz buraxmışdır.
İllər boyu sinif müəllimlərinin işinə rəhbərlik və nəzarət etmək son dərəcə məsuliyyətli və zəngin pedaqoji bacarıq tələb edən bir vəzifə olmuşdur. Müəllimənin yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı və zəngin biliyi nəzərə alınaraq ona dil və ədəbiyyat fənlərinin tədrisi üzrə, eyni zamanda ibtidai siniflər üzrə direktor müavini vəzifəsi etibar edilmişdir. Bu etimadı hər zaman doğruldaraq mənəvi dəyərləri, ana dilimizin incəliklərini gənc nəslə sevdirmişdir.
2005–2006-cı tədris ilində Lənkəran Şəhər Təhsil Şöbəsi müəlliməyə böyük etimad göstərərək onu Lənkəranda nümunəvi təhsil ocaqlarından biri olan Şəhid Vidadi Qasımov adına Digah kənd orta məktəbinə direktor təyin etmişdir. Çalışdığı illər ərzində şagird və müəllim kollektivi arasında samimiyyət, qarşılıqlı hörmət, tələbkarlıq və işgüzarlıq əhval-ruhiyyəsi yaratmış, məktəbə rəhbərlik etdiyi dövrdə nümunəvi idarəçilik nümayiş etdirmişdir. Müstəqil Azərbaycanın qurucusu və memarı, Ümummilli Liderimiz Heydər Əliyevin həyatı və şəxsi nümunəsində vətənpərvərlik hissinin aşılanması mövzusunda dövrü mətbuatda məqalələri tez-tez nəşr olunmuşdur. Fədakar əməyi nəzərə alınaraq dəfələrlə Fəxri diplom və Fəxri fərmanlara layiq görülmüş, 2008-ci ildə Bakı şəhərində keçirilən Müəllimlərin XIII qurultayının iştirakçısı olmuş və “Qızıl Qələm” mükafatı ilə təltif olunmuşdur.
Cəmiyyətdə böyük nüfuz qazanan ziyalı xanımın ən böyük uğurlarından biri də ailəsində yetişdirdiyi cəmiyyətə yararlı, tərbiyəli və vətənpərvər övladlarıdır. O, ləyaqətli bir ana kimi övladlarının boya-başa çatmasında, onların cəmiyyətdə öz layiqli yerini tutmasında əvəzsiz rol oynamışdır. Səmimiyyəti, əxlaqı, xoş rəftarı və hər bir kəsin köməyinə çatmaq istəyi ilə ətrafındakı hər bir insanın sevimlisinə çevrilmişdir. Ömrünü təhsilə, ailəsinə və insanlığa həsr edən bu nurlu ziyalı xanıma möhkəm cansağlığı, uzun, mənalı ömür arzulayırıq.
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent,
Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Leyla Qadir qızı Məcidova.






















