Münaqişə daha da kəskin xarakter ala bilər… – İlqar Türkoğlu yazır

Hər kəsin hisslərinə sayğı duyuram. Bununla belə, bir- birimizə qarşı bəzi ittihamları da yersiz hesab edirəm. Ağırdır, bir gecədə 50 nəfər şəhid verməyimiz çox ağırdır. Vətəni ayaqda tutan, yaşadan hər zaman qəhrəman oğullar olub. Nər kimi igidlərin şəkillərinə baxdıqca ürəyimiz para-para olur. Ruhları şad olsun! Vətən sağ olsun! Mənfur bir düşmənlə qonşu olmaq taleyimizə yazılıb. Üstəlik, Rusiya, Fransa və Amerikanın da şərin-alət kimi qullandıqları erməninin yanında olmasını da unutmamalıyıq.
Brüssel görüşündən dərhal sonra ermənilərin sərhədboyu fəallaşması, mövqelərimizi intensiv atəşə tutması açıq-aşkar ermənilərin revanşist mövqe tutmalarına bir işarə idi. Onlar öz mənfur niyyətlərini həyata keçirmək üçün sentyabrın 13-nə keçən gecə Azərbaycan Ordusunun mövqeləri arasındakı əraziləri və onlara təchizat marşrutlarını minalamaq üzrə daha ciddi əməliyyatlara keçdi. Bu, bəllidir ki, düşmənin geniş hücumu üçün Azərbaycan ordusunun hərəkət imkanlarını zərərsizləşdirmək məqsədilə edilirdi. Bütün bunlara Azərbaycanın sərt cavabı Ermənistan Silahlı Qüvvələrinin hərbi potensialına sarsıdıcı zərbələr endirilməsilə nəticələndi. Döyüş postları, silah-sursat anbarları dağıdıldı, hava hücumundan müdafiə sistemləri sıradan çıxarıldı, digər hərbi obyektləri, hərbi hissələri yerlə yeksan edildi.
Beləliklə: Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan Ermənistanın Azərbaycanla sərhəddinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edildi. Bu obyektlərin bərpası üçün Ermınistana illərlə vaxt lazım olacaq.
Azərbaycan bu bölgədə bütün nəqliyyat-kommunikasiya sisteminə, çox mühüm yüksəkliklərə nəzarəti təmin etdi. Ermənistanın vaxtaşırı yaratdığı təhlükələri minumuma endirdi.
Ermənistan 44 günlük müharibədən sonra arsenalında qalan xeyli sayda hərbi texnikasını, milyard dollarlıq 2 ədəd S-300 raketini, 200 nəfərə yaxın canlı qüvvəsini, çoxlu sayda hərbi obyektlərini və onlarla postunu itirdi. Yüzlərlə yaralıları olan Ermənistan bundan sonra Rusiyanın və Batının aləti olmaqda davam edəcəkmi? Bəli. Düşmənin başı tam əzilməyincə, rusməramlılar bölgəni tərk etməyincə, Xankəndiyə sahiblənməyincə ermənilər öz məkrli niyyətlərindən əl çəkməyəcək.
Azərbaycan son zamanlar Ermənistanın ciddi-cəhdlə revanşa, yeni hərbi əməliyyatlara, hücuma hazırlaşdığını bilirdi. Onlar Qarabağda, həm də sərhədboyu təxribatların sayını artırmışdı. Azərbaycan Ordusu cəmi 7 saat davam edən əksəməliyyat gerçəkləşdirməklə bütün bu planları alt-üst etdi.
Ukraynada mövqelərini ciddi şəkildə itirən Rusiya Qafqaza son ümid yeri kimi baxır. For-post Ermənistanın Rusiyanın maşa rolundan məhrum edilməsi ilə bölgəyə sülh gələ bilər.
Tezliklə Qarabağdan erməni silahlılarının çıxarılması, Ermənistanla Xankəndini birləşdirən yolda gömrük-buraxılış məntəqəsinin yaradılması həyata keçirilməzsə münaqişə daha da kəskin xarakter ala bilər…

İlqar Türkoğlu

Share: