Mübariz Mənsimov 43 gündür ki, saxlanılıb. 43 gündür ki, anasından, atasından, ailəsindən, işindən, dostlarından, bir sözlə, azadlıqdan məhrum edilib. 43 gündür ki, onun həbsi ətrafında baş verənlərdən xəbəri yoxdur. Buna sonda toxunacağam.
Əvvəla deyim ki, “Palmali”nin gəmilərinə həbs qoyulması xəbəri yalandır. Heç bir gəmimizə nə həbs, nə əl qoyulub. Bu uydurmaları yayanlar sevinməsinlər. “Palmali” öz işini davam etdirir və gəmilərimiz səfərlərini plana uyğun şəkildə həyata keçirir. “Palmali”nin gəmi heyəti işlərini layiqincə, “Palmali” standartlarına uyğun yüksək səviyyədə həyata kecirir. Mübariz Mənsimovun həbsindən sonra şirkətin problemlər yaşaması da yalandır.
Tərəfdaşlarımızla işbirliyimiz normal qaydada davam edir. Hətta əlavə edim ki, daşımağa çatdırmadığımız yüklər var ki, bu işləri yerinə yetirmək üçün əlavə gəmilər kirayə edirik. Növbəti yalan xəbər Mübariz Mənsimovun aprelin 30-da həbsdən azad olunacağı haqda məlumatdır. “Mübariz Mənsimovun azad olacağı tarix məlum oldu” başlıqlı yazılar insanları həyəcanlandırır və ümüdləndirir. Təəssüflə, bunu da təkzib etmək məcburiyyətindəyəm.
Bizdə belə xəbər yoxdur. Türkiyədə virus səbəbi ilə məhkəmələr öz işini 30 aprel tarixinədək təxirə salıb. Ayın 30-da məhkəmələrin yenidən işini bərpa edəcəyi gözlənilir. Lakin hazırki proseslər göstərir ki, bu tarix də dəyişə bilər, çünki bununla bağlı rəsmi xəbər hələ yayılmayıb. Bir daha xahiş edirəm: yalan və uydurma xəbərlərlə insanların əsəbləri ilə oynamayın. Çox həssas dönemdir. Sayqı göstərməyimiz mütləqdir.