Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

Müasir Azərbaycan poeziyasında ruhun və sözün vahidliyi: Səfərli Aysel Xanlar qızı- Leyla Məcidova yazır

 

Zamanın və məkanın poetik cizgilərində hər bir sənətkarın yaradıcılıq xəritəsi onun doğulduğu, havasını udduğu, torpağına bələndiyi coğrafiyanın mənəvi iqlimi ilə sıx bağlıdır. Azərbaycanın cənub mirvarisi, qədim mədəniyyət və ziyalılıq mərkəzlərindən biri olan Lənkəran mühiti tarix boyu söz sənətinə, ədəbiyyata bənzərsiz rənglər bəxş etmişdir. 1982-ci ildə bu füsunkar məkanda, köklü bir ziyalı ailəsində dünyaya göz açan Səfərli Aysel Xanlar qızının ömür və sənət yolu məhz bu saf mənəvi qaynaqlardan qidalanmışdır. Aysel xanım müasir Azərbaycan ədəbi mühitində sadəcə poetik nümunələr yaradan bir şair deyil, həm də sözün fəlsəfi tutumunu, filoloji dərinliyini dərk edən, sənəti bir həyat formulu kimi qəbul edən istedadlı bir qələm sahibidir. Filoloji təfəkkür və yaradıcılığın elmi-nəzəri müstəvisində Aysel Səfərlinin yaradıcılığını təhlil edərkən onun peşəkar kimliyinə – filoloq ixtisasına xüsusi diqqət yetirmək zəruridir. İxtisasca filoloq olmaq sənətkara dilin daxili qanunauyğunluqlarına bələd olmaq, sözün semantik qatlarına nüfuz etmək və obrazlar sistemini elmi-estetik meyarlarla tənzimləmək imkanını tanıdır.
Elmi prizmadan yanaşdıqda, onun poetik mətnlərində təsadüfi elementlərə rast gəlinmir. Burada bədii təsvir və ifadə vasitələri metaforalar, təşbehlər, epitetlər,şüurlu bir filoloji süzgəcdən keçərək oxucuya təqdim olunur.Dəyərli ustadımız Azərbaycan Yazıçılar Birliyinin üzvü Ziyafət Yəhyanın Lənkəran Dövlət Universitetinin tələbələrindən təşkil etdiyi”Ziya ədəbi məclisi”dən başlanan şeir yaradıcılığı zamanla klassik və müasir poetik ənənələrin sintezi ilə zənginləşmiş, təbii istedad nəzəri biliklərin işığında kamil bir bədii təfəkkürə çevrilmişdir.
Publisistik fəaliyyət və coğrafi sərhədləri aşan ədəbi körpülər Aysel Səfərlini müntəzəm olaraq dövri mətbuatda çıxış edən, cəmiyyətin mədəni və mənəvi nəbzinə bələd olan fəal bir publisistə çevirdi. Onun yazıları və şeirləri oxucu auditoriyası tərəfindən hər zaman maraqla qarşılandı. Lakin onun ədəbi fəaliyyəti təkcə ölkə hüdudları ilə məhdudlaşmadı.
Şairənin ədəbi statusunun beynəlxalq miqyasda qəbul olunmasının göstəricilərini belə qruplaşdıra bilərik:
Azərbaycan Yazıçılar Birliyinin üzvlüyü,ölkənin ali ədəbi qurumunda təmsil olunmaq, onun bədii keyfiyyətinin rəsmi təsdiqidir.
İraq-Türkman Ədəbiyyatçı və Yazarlar” birliyinin üzvlüyü:Bu üzvlük Aysel xanımın ümumtürk ədəbi kontekstində, xüsusilə Kərkük-türkman mühiti ilə qurduğu mənəvi və bədii körpülərin bariz nümunəsidir.
Prezident təqaüdünə layiq görülməsi.
Dövlətin gənc və istedadlı qələm sahiblərinə göstərdiyi diqqətin, həmçinin şairənin yaradıcılığına verilən ali qiymətin ifadəsidir.
Poetik İrsə nəzər saldıqda,kitablarının fəlsəfi və estetik təhlilini görə bilərik.
Aysel Səfərlinin işıq üzü görmüş hər bir kitabı onun daxili dünyasının, mənəvi təkamülünün bir mərhələsidir. Onun yaradıcılığını xarakterizə edən əsas toplulara nəzər salsaq kitabın adı,nəşr,təsir coğrafiyası,əsas poetik və fəlsəfi motivlər bunu təstiq edir.
“Bir dünya var” kitabında Azərbaycanın,kainatın, insan taleyini, varlığın poetik dərki və sənətkarın fərdi dünyagörüşü təsvirini görə bilərik.
“Yoxluğunun cazibə qüvvəsi” kitabında Azərbaycanda psixoloji lirizm, itki, həsrət, sevgi və fəlsəfi tənhalığın bədii əksini görə bilərik.
“Hardasan, dostum?”Təbriz (Cənubi Azərbaycan) Milli intizar, sərhədləri aşan mənəvi bağlar, can qardaşlığı və həsrət poetikası öz əksini tapır.
Xüsusilə “Hardasan, dostum?” kitabının Təbrizdə işıq üzü görməsi böyük rəmzi əhəmiyyət kəsb edir. Bu, şairənin sözünün bütöv Azərbaycan ideallarına, vahid mədəniyyət coğrafiyasına xidmət etdiyini, şimalı və cənubu mənəvi tellərlə bağladığını sübut edir.
Ədəbi-ictimai portretinə və şəxsi həyatın harmoniyasına nəzər saldıqda Aysel Səfərlinin portretini tamamlayan ən mühüm cizgilərdən biri də onun ictimai kimliyi ilə şəxsi həyatı arasındakı harmoniyasını görürük. O, uğurlu bir şairə olmaqla bərabər,Lənkəran Dövlət Universitetində həmdə sevdiyi,seçdiyi ömür,gün yoldaşı Səfa Rəşidlə xoşbəxt bir ailə cütlüyüdür,bu sevgidən dünyaya gələn,iki kamil övlad anasıdır. Bu cütluklər ailə qurandan sonra,vətəndən uzaqda İspaniyada çalışsalarda Azərbaycan sevgisi,Ayseli geri vətənə gətirdi.Təsadüfi deyil ki,vətən sevgisi cəmiyyətdə qadın ziyalılığını hər zaman həm ailə dəyərlərinin qorunmasında, həm də milli təfəkkürün inkişafında aparıcı qüvvə olmuşdur. Aysel xanım öz həyatı və yaradıcılığı ilə bu nəcib missiyanı layiqincə davam etdirir. Ana fədakarlığı, qadın zərifliyi və ziyalı məsuliyyəti onun şeirlərinin intonasiyasında, səmimiyyətində hər an hiss olunmaqdadır.
Səfərli Aysel Xanlar qızı müasir Azərbaycan ədəbiyyatında öz dəsti-xətti, fəlsəfi baxışı və milli poeziyaya bəxş etdiyi yeni nəfəsi ilə seçilən imzalardandır. Lənkəranın ziyalı mühitindən başlayan bu yol, bu gün ümumtürk mədəniyyət məkanında öz əks-sədasını tapmaqdadır. Onun filoloji dərinliyi, publisist fəallığı və poetik ilhamı gələcəkdə də Azərbaycan söz sənətini yeni-yeni zirvələrə daşıyacağına tam təminat verir.
Dəyərli Aysel Khanlarqizi Safarli ruhunuzun qələmi heç zaman susmasın.Sözünüz hər zaman zirvələrdə olsun.

Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi nin direktoru
Məcidova Leyla Qadir qızı

Share: