Tanınmış Misir yazıçısı Əşrəf Dalinin “Şəmaus” romanı Azərbaycan dilinə tərcümə olundu

Tanınmış Misir yazıçısı Əşrəf Dalinin “Şəmaus” romanı Azərbaycan dilinə tərcümə olundu

Müasir Misir ədəbiyyatının parlaq simalarından biri yazıçı Əşrəf Dalinin (Əşrəf Əbul-Yəzid) cəmiyyətin sosial təbəqələşməsini və mənəvi aşınmasını çılpaqlığı ilə üzə çıxaran “Şəmaus” romanı Azərbaycan dilinə tərcümə olunub. Ərəb dilindən tərcümə edən şərqşünas, yazıçı Təranə Məmməd, redaktor və Ön Sözün müəllifi isə filoloq-alim Adilə Nəzərdir. Kitab Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin layihəsi kimi işıq üzü görür. Layihənin ideya müəllifi: Mərkəzin sədri, ədəbi tənqidçi Əsəd Cahangirdir.

Roman kəndli qızı Nərgizin faciəvi ölümü və onun ardınca başlayan amansız ədalət axtarışından bəhs edir. Günahsız insanların həyatını darmadağın edən texnoloji fitnələr, qürbətdən vətəninə – şəfqət sığınacağına qayıdıb dəhşətli bir tələyə düşən ata və sükutu pozan xalq qəzəbi əsərin əsas süjet xəttini əhatə edir. “Şəmaus” bir ocağın, kəndin faciəsindən daha çox, amansız sistemlə fərd arasındakı barışmaz ziddiyyətləri əks etdirən bütöv bir cəmiyyətin mənəvi aynasıdır.

Əşrəf Dali “Mədəni İpək Yolu” konsepsiyası ilə Şərq xalqları arasında mənəvi-ədəbi körpülər qurur. Bu kitabın Azərbaycan dilində işıq üzü görməsi də həmin böyük mədəniyyət layihəsinə növbəti uğurlu töhfədir.

 Adilə Nəzər

Share: