Elşad BARATdan Mir Şahinin ailəsini söyənlərə cavab

Mən uşaq olanda həmişə mamamın yanında gəzirdim. Mamam hara getsəydi daban-dabana onu izləyərdim. Qonşu arvadlarla nə danışırdılarsa hamısını eşidir, uşaq kafama doldurardım. Tez-tez kənd arvadları fövqəladə toplaşır, ölkə siyasətini bir-birinə vururdular. Qarabağ müharibəsindən sonrakı illər idi deyə hamının qulağı radioda, gözü televizordaydı.

Əsasən də ANS kanalına baxırdı hamı. Bir arvad o birinə nəsə ciddi xəbər deyirdisə, qarşı tərəf tezcə soruşurdu: hansı kanal dedi? ANS. Hə, onda doğrudur. Camaat, əsasən də kənd arvadları ANS-ə allah kimi inanırdılar. Hələ o kanalda bir kişi vardı, tez-tez danışır, sərt sözlər deyirdi. O danışanda evimizdə milçəklər də sakit olub qulaq asırdı. Heç vızıldamırdılar da. Kənd arvadları öz aralarında ona “ANS-dəki kişi” deyirdilər. ANS-dəki kişi elə bil camaatın ürəyini oxuyurdu. Xalq nə eşitmək istəyirdisə onu da danışırdı. Elə gözəl danışırdı ki… adamın ürəyindən tikan çıxarırdı. Sonralar bildim ki, ANS-dəki kişi Mir Şahin Ağayevdir.

Mir Şahini bu gün bəlkə də məndən çox tənqid edən adam yoxdur. Amma son vaxtlar, özünün də dediyi kimi, onun ailəsinin, nəslinin ünvanına deyilən təhqiramiz sözlər məni bir jurnalist kimi narahat edir. Niyə narahayət edir, bir neçə cümləylə deyəcəm.

Əvvəla onu deyim ki, Mir Şahin Ağayev 25 il bir kanalda vuruşub, döyüşüb, mübarizə aparıb. 25 il. Bu müddət ərzində ANS kanalının keçdiyi yollar, yazdığı tarix heç kimə gizlin deyil. Döyüş alnına yazılan bir kanalın rəhbərlərindən biri məhz Mir Şahin olub.

Mir Şahinin bu xalqa və bu dövlətə xidmətlərini saymaqla bitməz. Təkcə onu deyim ki, Gəncə hadisələrində böyük bir araşdırma apardı, xəyanətlərin arasından İranın barmağını tapıb çıxardı. Sonra da o barmağı yiyəsinin gözünə soxdu. Yəni Mirşahin bu millət üçün əvəzolunmaz bir adamd, bir jurnalistdir. Bütün bunları unutmamalıyıq.

İndi gələk mənim narahat olduğum məsələyə. Biz cəmiyyət olaraq, fərd olaraq bəzən nə etdiyimizi bilmirik. Bu ölkədə hər kəs tənqid oluna bilər. Mən istənilən sahədə tənqidin tərəfdarıyam. Ancaq kiminsə ailəsinə söymək etik qaydalara sığmayan bir mədəniyyətsizlikdir. Mir Şahin Ağayev jurnalist olaraq hansısa haqsızlığı edibsə, yalan danışıbsa və ya bizə xoş gəlməyən bir addım atıbsa, biz onu sərt şəkildə tənqid edə bilərik. Onun ailəsinin, iki yaşında uşağının nə günahı var?

Mən hələ görməmişəm ki, Mirşahin hansısa fərdi müdafiəyə qalxsın. Biz hamımız bilirik ki, hakimiyyətlə dövlətin arasında dağ boyda fərq var. Hər bir vətəndaş da başa düşməlidir ki, dövlət müqəddəs amildir. Ona qarşı çıxmaq olmaz. Mirşahin nə qədər ki, dövlətin yanındadır, biz də onun yanında olmalıyıq.

Baxın, bu xalqa Rauf Arifoğlu böyük xəyanət edib, yoxsa Mir Şahin? Bu xalqa Aynur Camalqızı çox xidmət edib, yoxsa Mir Şahin? Rauf dünənə qədər bu hakimiyyətə müxalif idi, indi dost, “canbrat”. Aynur Camalqızının təkcə üzük məsələsini yadınıza salsam, bəsdir. Mir Şahin isə yüz ildir nədirsə, kimdirsə, odur. ANS vaxtı da beləydi, indi də. Sadəcə oyunda gedişlər dəyişib. Mir Şahin xıxa olub, başqaları çiçə. Rauf və Aynur kimilər isə yada düşmür. Söyülən Mir Şahin Seyyid Mir Şahin. Bəlkə də bu adamları elə Mir Şahinin cəddi tutdu. Kim bilir?

Düşünürəm ki, Mir Şahin nəinki yuxarıda adını çəkdiyim şəxslərdən, bu gün media rəhbəri olan əksər insandan daha çox xidmət etmiş insandır və biz onun xalqa, dövlətçiliyə xidmətlərini yüksək qiymətləndirməliyik.

Bizim cəmiyyət olaraq səhvimiz lazım olan anda danışmamaq, lazım olmayanda susmamaqdır. Mir Şahin “Hesabat” verlişini kimlərsə bağlatdıranda biz ayağa qalxmalı, Mir Şahinin yanında dayanmalıydıq. Çünki o verliş bizə ölkə həqiqətlərini çatdırırdı. Mirşahinin “seriallara ayrılmış on milyon manat hara getdi?” Sualına görə biz məsuliyyət dayışırdıq. Çünki o sual bizim verəcəyimiz sual idi. Niyə vermədik? Niyə susduq? Niyə Mirşahinin yanında dayanmadıq?

ANS bağlandı. Yenə susduq. Yenə Mir Şahinin yanında dayanmadıq. Bir il səkkiz ay keçdi. Heç birimizin yadına ANS düşmədi. Mir Şahini unutduq. Bu gün isə onun ailəsinə söyürük ki, niyə ANS-i saxlaya bilmədin? ANS-i o yox, biz qoruya bilmədik. ANS bizim alnımıza yazılmış döyüşün kanalıydı. Nə vaxta qədər öz gözümüzdə şalbanı görməyib başqasının gözündə talaşa axtaracayıq? Kiminsə ailəsini, nəslini söymək bizə yaraşarmı? Biz Koroğlunun, Babəkin nəsli deyilmiyik?

Əziz mənlər, xahiş edirəm, biraz dərindən düşünək. Görək Mir Şahini bu vəziyyətə kim gətirib? Sosial şəbəkələrdə onu kim söydürür? Bizim işimiz ona oxşayır ki, bir ağac əkirik, illərlə ona baxmırıq, su vermirik, kimsə budaqlarını sındıranda göz yumuriq, illər keçir, gəlib ağacı təpikləyirik ki, niyə bar vermirsən? Bu hansı məntiqə sığır?

Sonda deyim bilək ki, heç kimin alnına döyüş yazılmayıb.

Elşad BARAT

Share: