Real TV-nin rəhbəri, tanınmış telejurnalist Mir Şahin Ağayev ötən gün 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildiyi üçün Prezident İlham Əliyevə təşəkkür edib.
Müstəqil.Az sözügedən məktubun mətnini təqdim edir:
“Möhtərəm cənab Prezident!
Azərbaycan Dövlətinə xidmət etmək kimi adi fəaliyyətimi 22 iyul 2020-ci ildə Siz ali əhəmiyyətli etdiniz. Adi bir jurnalisti-məni dövlətin ən yüksək mükafatlarından biri, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməklə, sadə peşə borcumu yerinə yetirməyimə, təvazökar fəaliyyətimə xüsusi təyinat, özəl dəyər verdiniz.
Möhtərəm cənab Prezident!
Mən bu mükafatın üzərimə qoyduğu böyük məsuliyyəti dərindən dərk edirəm. Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, Sizin formalaşdıraraq müasir dünyanın aparıcı dövlətlərindən birinə çevirdiyiniz Azərbaycana xidmət etmək şərəfinin nə qədər qürurverici hiss, daxili məmnunluq gətirdiyi duyğu olduğunu izah etməyə söz tapmıram. Yüksək Etimadınıza layiq olmaq, Dövlətə və Xalqa daha çox, daha böyük enerji və səmimiyyətlə xidmət etmək-bu, mənim bundan sonrakı fəaliyyətimin də ana xətti olacaq!
Cənab Prezident!
Mənə etimad göstərərək layiq bildiyiniz mükafata görə Sizə hədsiz minnətdaram. Var gücümlə çalışacağam ki, ideologiya cəbhəsində də, informasiya meydanında da ədalətli müharibə aparan bir dövlətin Ali Baş Komandanının-Sizin tələblərinizə cavab verim, xalqımızın dünyanın istənilən nöqtəsindən etibarlı xəbərə olan tələbatının ödənməsini təşkil və təmin etmək işində ən yaxından iştirak edim.
Bir daha təşəkkür edirəm, cənab Prezident!Yüksək etimadınıza layiq olmağa həmişə çalışacağam!”
Müstəqil.Az