Mir Cəlal Paşayev adına hekayə müsabiqəsində haqsızlıq olub?

“Ədibin Evi” tərəfindən keçirilən, Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş hekayə müsabiqəsinin nəticələri ilə bağlı iştirakçıların etirazları davam etməkdədir. Müsabiqənin nəticəsindən şikayətlənənlərdən biri də filoloq, yazıçı Günel İbrahimovadır.

Kulis.az Günel İbrahimovanın yazısını təqdim edir.

Keçəl, başını yudunmu?


Buna nə ad verəcəyimi bilmirəm. Göstərişmi, yola veməkmi? Yoxsa, heç bir ad verməyib, sadəcə hər kəs özünə yaraşanı edər deyib keçim? Təəssüf ki, haqsızlıqları qəbul edən, həzm edə bilən biri deyiləm. Deməli, Mir Cəlal kimi bir dühanın 115 illiyi münasibəti ilə “Ədibin evi” III hekayə müsabiqəsini elan etmişdi. Müsabiqə fevralın 1-nə kimi yekunlaşırdı.

Şərtlər isə belə idi ki, hər müəllif yalnız bir hekayə yollaya bilər və söz limiti 1500-ü keçməməli, heç bir yerdə çap edilməmiş hekayə olmalıdır. Hekayələr fevralın 1-nə kimi qəbul edilirdi. Mən də hekayə yazdım, amma söz sayı 2500-ü keçdiyi üçün azaltdım, redaktə işlərini bitirincə gördüm ki, söz sayını azaltdıqca məzmun, məna da cılızlaşır. O səbəbdən də həmin hekayəmi yox, başqasını yolladım.

Səbrsizliklə nəticələri gözləyərkən “Ədibin evi”nin Ədəbiyyata dəstək fondunun icraçı direktoru Şəfəq Mehralıyevaya yazıb nəticələrin nə zaman açıqlanacağı ilə maraqlandım. Şəfəq xanım qeyd etdi ki, nəticələr aprelin sonu məlum olacaq. Mən də aprelin sonunu iplə çəkərkən gördüm ki, artıq elanlar paylaşılır, qaliblər elan edilib, hətta mükafatlandırılıb. Amma hələ aprelin ortalarıdır. Maraq məni birtəhər etdi ki, bu hekayələri tapıb oxuyub hekayəmi qalibiyyətdən uzaq salan səbəbləri özüm üçün aydınlaşdırım. Hekayələrdən yalnız birini, 2-ci yerin qalibi “Bənövşə xala”nı tapıb oxudum. Hətta eləmədim tənbəllik, sözlərini də sayıb gördüm ki, 1800-ə qədərdir. Üstəlik, 1930-40-cı illərin bədii üslubunda yazılmış bir hekayədir. Səhv başa düşməyin, məqsədim hekayəni, ya da müəllifi tənqid etmək deyil, sadəcə hekayəmi ondan heç də zəif, geri qalmış hesab etmədiyim və yalnız bu hekayəni əldə edib oxuduğum üçün onun üzərindən çıxış etdim. Bu haqsızlığı görüncə yenidən Şəfəq xanıma yazmaq qərarına gəldim və ona qoyduqları şərtləri niyə pozduqlarını soruşdum. Yazdığım o qədər sözə, ünvanladığım suallara baxmayaraq, aldığım ilk mesaj “Siz o hekayəni harada oxumusuz, axı qalib hekayələr hələ çap edilməyib?!” sualı oldu. Mən hekayəni müəllifin özünün hesabında paylaşmış olduğunu qeyd etdim, hətta yazının surətini də ona yolladıqdan sonra suallarımı təkrar elədim və belə bir mesajla məsuliyyəqdən qaçmağa çalışdılar:


“Bizim imzamız olmadan hansısa hesablarda paylaşılmış yazılara görə biz heç bir məsuliyyət daşımırıq!”


Mən bir də qaydaları, şərtləri niyə pozduğunu soruşsam, yazmaq məqsədimi izah etməyə çalışsam da, ənənəvi cavab gəldi ki, diqqətinizi yuxarıda qeyd etdiyim fikrə bir də yönəltməyinizi xahiş edirəm, xanım….

İndi deyək ki, mən yazıçı, publisist, filoloq, ədəbiyyatşünas deyiləm, sadəcə həvəskar yazaram, bəs bu sinəsinə döyən on məşhur yazıçı, ədəbiyyatşünas? Bəs onların seçdiyi hekayələr? Bəs haqq, ədalət? Şəffaflıq, düzgünlük? Yoxsa bu kəlimələr sadəcə lüğətimizdə, leksikonumuzda öz əksini tapmaqla qısıtlanmağa məhkumdur? Maraqlı olan məqam isə budur:


– Əgər müsabiqə elan etmisizsə, onu niyə sadəcə ad, göstəriş üçün edirsiz?


– Bu bir məcburiyyətdir, yoxsa maraq?


– Belə bir addım atmısızsa, niyə layiqincə sonlandırılmır, haqqı verilmir bu addımın?


– Məqsəd Mir Cəlal yaradıcılığı, yubileyi şərəfinə müsabiqə təşkil etmək, ədəbiyyatımıza yeni yazarlar, ədiblər, simalar qazandırmaqdırsa, bəs niyə bunu şəffaflıqla yox, əyri yollarla edirsiniz?


Budurmu sizin özünüzə demirəm, Mir Cəlal kimi bir şəxsiyyətə, gənclərə, istedadlara sözün əsl mənasında qiymət verən bir dahiyə biçdiyiniz dəyər? Qoyduğu şərt və tələblərə özü əməl etməyən bir qurum, təşkilatçı hansı şəffaflıqdan, haqdan, ədalətdən, dürüstlükdən sinəsi qabara-qabara danışır, anlamıram.


Əgər siz haqlı mən haqsızamsa, dediyiniz kimi kiminsə şəxsi səhifəsində paylaşılanlara görə siz məsuliyyət daşımırsınızsa, o zaman niyə müəllifin qalib olduğum hekayə deyərək qürurla paylaşmış olduğu yazını sildirdiniz?


Ümid etmək istəyirəm ki, bu dəfə də suallarıma sualla cavab verilməz…

***


Müsabiqədə qalib olan hekayələrin siyahısını təqdim edirik:

III yer

Mahir Rəsuloğlu, “Bağışla, səni öldürməliyəm!” hekayəsi

Murad Köhnəqala, “Buğdanın göyə çəkilməsi” hekayəsi

Zahid Xəlil, “Zirinc kolunun laylası” hekayəsi

II yer

Daşqın Məmmədov, “Bənövşə xala” hekayəsi

Cavidan Xəlilova, “Su” hekayəsi

I yer

Seymur Həmzəyev, “Yağışlı bir gün idi” hekayəsi.

Share: