“Meşəbəyi” mahnısı necə yaranmış?

Minə xanım Nuriyeva-Təkləli

professor

 

“Meşəbəyi” aşıq mahnısının sözləri Hüseyn Arifindir; o  isə şeiri Həsən ağa Qiyasbəyliyə həsr etmişdir.

Həsən ağa yüksək dövlət işlərində çalışmış Ramiz Qiyasbəylinin atası, gözəl müğənnimiz  Nərminə Məmmədovanın qaynatasıdır.  Səməd Vurğunun qohumu, ölkədə sayılan-seçilən adamlardan olmuşdur.

Belə ki, daim şairin ailəsi ilə birlikdə yay istirahətlərində, çeşidli ailəcə yığıncaqlarda daim birlikdədirlər. Vurğunun son tətili olan Kəlbəcərdəki istirahətində çəkilən şəkildə yenə birlikdədirlər. Şairi məzara aparan o məşum xəstəlik zamanı da həmişə yanındadır; şair xəstəliyin ilk başlanğıcında Kreml xəstəxanasında yatarkən ona pasibanlıq edib yanında qalan Həsən ağadır.   Bu mərd kimi 20-ci əsrin əvvəllərində anadan olmuş məşhur Qiyasbəylilər soyundan olub Ağköynək kəndi onların mülk kəndi olmuşdur.  Xanımı Əyan xanım Molla Vəli Vidadinin nəslindən idi. 19-cu yüzillikdə bu soydan Şahnigar xanım Rəncur, polkovnik Mustafa ağa Qiyasbəyli,  polkovnik Nəsib ağa Qiyasbəyli şair olmuşdular.

Uşaqlarının xatırlamasına görə o çətin irtica illərində M. Bağırov onu yanına çağırıb gecənin gec vaxtı. Nə üçün çağırıbsa da giriş söhbəti uğurlu alındığından əsil səbəb də açılmadan qapanmış, o evinə sağ-salamat dönmüşdü.. Bağırov məsələyə  onun soyadına “ilişməllə” yaxınlaşmaq istəyib.  Bu nə familiyadır – Qiyasbəyli? Sonra kinli-kinli: Niyə Qiyasov yazdırmırsan, yoxsa bəyənmirsən, bəy nəslinə yaraşdırmırsan? Həsən ağa daxili təlatümünü yüksək nəzakəti və soyuqqanlılığı ilə boğub:  Necə Qiyasov olum axı? Dədəmdən,-babamdan gələn familiyadır. Mənim təqsirim nədir? Onu necə dəyişim, niyə dəyişim axı?! Bağırov dönüb köməkçisi Qafarzadəyə: Bax kişi belə olar… yoxsa sizlər kimi. Nə isə yaxşılıqla ayrılıblar. Bu kişiyə sovetin şıdırğı vaxtında belə Həsən ağa deyirdilər. Uşaqlarına da bəy tərbiyəsi verib: Mən gedəndən bir 15 il sonra hələ mənə görə sizə hörmət edərlər… Odur ki, çalışın öz hörmətiniz. Öz adınız olsun. Böyük vəzifələrdə işləmiş, bu çörəkli kişinin son işi Bərdə torpağında meşəbəyilik olmuşdur. Bu diyarın tuqay meşələri onun bir növ qonaqlarının da güzərgahı idi.  O qonaqlardan biri də gənc Hüseyn Arif idi ki, tez- tez  Həsən ağanın qonağı olurdu. Şairin qələmində məsələ belə zarafat tərzində başlayır:

Kef üstündə kefimizi

Gəlib sordu meşəbəyi.

Buyur dedik, atdan endi,

Bardaş qurdu meşəbəyi.

Mahnının sonrakı misralarında Həsən ağanın hal-əhvalı, şuxluğu, dostluğu uca tutan etibarlı obrazı gözlər önünə gəlir. Oğlu mərhum Ramiz Qiyasbəyli xatırlayırdı ki, məni hələ uşaq ikən aşıq məclislərinə, ağır yığıncaqlara aparırdı. Bu zaman anamın iradlarına:  qoy oradan ağıllı söhbətlər eşitsin, müdrik adamlara, onların sözünə, rəftarına indidən bələd  olsun… deyə təmkinlə cavab verərdi.

Mahnının Teymur Mustafayev, Tağı Salahoğlu kimi mahir ifaçıları vardır.

Share: