“Maykada maşın sürərlər?”ə şükür etdirən qəribə qaydalar…

Bəzən sürücülərlə yol polisi arasında sözlü mübahisələr yaşanır. Bu kimi durumlarda hərə bir arqument gətirərək, özünün haqlı olduğunu isbatlamağa çalışır. Düzdür, yol hərəkət qaydalarını pozan sürücülər kifayət qədərdir. Amma bəzən Bakıda yaşanan “Maykada maşın sürərlər?” kimi haqsız irad bildirən yol polisi əməkdaşlarına da rast gəlinir.

Məsələ burasındadır ki, yol hərəkət qaydaları dünyanın hər yerində heç də eyni deyil. Təsəvvür edin ki, Azərbaycanda “Maykada maşın sürmək qadağandır” kimi bir qanun qüvvəyə minir. Amma bu, heç də dünyanın ən qəribə yol hərəkət qayadası olmaz. 

“Qafqazinfo” bir sıra ölkələrdə qüvvədə olan qəribə yol hərəkət qaydalarını təqdim edir:

ABŞ-ın Kentukki ştatında qadınlar iki polis əməkdaşının müşayiəti ilə çimərlik geyimində maşın sürə bilərlər.

Almaniyada isə maşını ayaqqabısız idarə etmək olar. Lakin sürücülərə ayaqlarına rahat bir şey geyinmək tövsiyə olunur. Belə ki, ayaqyalın sürücü qəzaya düşərsə, sığorta ödənişi hüququnu itirə bilər.

İngiltərədə isə sürücülərin işi bir qədər çətindir. Əgər ən yaxın yanacaqdoldurma məntəqəsi bir neçə kilometr uzaqdadırsa və sürücünün təbii ehtiyacını ödəmək zərurəti yaranıbsa, bu zaman avtomobili yol kənarında saxlayıb işini görə bilər. Ancaq bir şərtlə ki, sağ əli maşının üzərinə olmalıdır. 

İtaliyada isə sürücülər dördayaqlı dostları ilə hərəkət edən zaman daha diqqətli olmalıdırlar. Qanunla heyvanların da təhlükəsizlik kəməri taxılmalıdır. 

BƏƏ-də dəvə yüksək statusun simvoludur. Səhranın donqar padşahlarına hörmət hətta yol hərəkəti qaydalarında da öz əksini tapıb – yollarda dəvələr üstünlük təşkil edir.

Təhlükəsizlik baxımından Xorvatiya və Çexiyada benzin qutularının avtomobildə daşınması qadağandır. Eyni zamanda, ehtiyat lampalar dəsti mütləq avtomobildə olmalıdır.

Avstriya yol polisi əməkdaşları avtomobilin sürətini vizual olaraq təyin etmək üçün xüsusi təlim keçirlər. Onlar öz bacarıqlarını maksimum icazə verilən sürətin 30 km/saatdan çox olmayan ərazilərdə tətbiq edə bilərlər.

ABŞ-ın Minnesota ştatında qorillalar avtomobildə səyahət edə bilər, ancaq sürücünün yanındakı sərnişin oturacağında. Heyvan arxa oturacaqda əyləşərsə, sürücü cərimələnəcək.

Çində avtomobillə səyahət əcnəbilər üçün olduqca çətindir. Beynəlxalq sürücülük vəsiqəsi olan sürücülər əvvəlcə yerli sürücülük vəsiqəsi üçün müraciət etməlidirlər. Bunun üçün yerli yol hərəkəti qaydalarını bilməklə bağlı nəzəri imtahan verməli və sonra xüsusi icazə üçün müraciət etməlisiniz. Bütün proses çox uzun və zəhmətli olduğundan taksi və ya ictimai nəqliyyata minmək istəməyən turistlər, yalnız sürücü ilə avtomobil icarəyə götürə və ya velosipedə keçə bilərlər.

Hazırladı: Emin Səfərov


Share: