Maşınların vurduğu, insanların şiddət göstərdiyi heyvanlar – “Gözəl dünya” sığınacağından reportaj

Kulis.az “Gözəl dünya” heyvan sığınacağından reportajı təqdim edir.

İnternetdə ölkəmizdə heyvan sığınacaqlarını araşdırdıqda diqqətimi çəkən başlıca sığınacaq “Gözəl dünya” oldu. Məkanla daha yaxından tanış olmaq üçün sığınacağa yollandım.

Qeyd olunan ünvana çatdıqda küçədə bir-birinə qarışmış it səslərindən canıma qorxu düşdü. Düzü heyvansevər biriyəm. Amma nə etməli? Ölkəmizdəki əksər ailələrdə olduğu kimi mənə də ailəmdə uşaq yaşlarımdan bütün hürən itlərin təhlükəli olduğunu öyrədiblər. İndi isə içi itlərlə dolu olan bir məkana daxil olacağım üçün birgünlük də olsa, bu şablonu unutmalı idim.

Beləliklə, yaxınlaşıb qapını döydüm. Yanında 10-15 it olan gənc sarışın bir oğlan qapını açdı.



– Salam. Nə lazım idi?

– Salam. Mən jurnalistəm. Sığınacaqdan reportaj hazırlamağa gəlmişəm.


– Hə, buyurun içəri.


Oğlanın yanında cərgə ilə düzülmüş itlər təəccüblü, parıldayan gözləri ilə mənə baxırdılar. Bir gözüm onlarda biri oğlanda qorxa-qorxa içəri keçdim.


– Adınızı bilmək olar? – soruşdum.


– Emin. Gəlin, əvvəlcə tibb otağımıza baxın.

Həyətin yuxarı başına addımladıq. Burada bir ev və ona bitişik balaca bir tibb otağı var idi. Tibb otağına çatdıqda otağın şüşə qapısından içəridə əməliyyat masasında uzanmış it görünürdü. Emin yaxınlaşıb qapını açdı. İçəridə keçdik. İçəridə dərmanları səliqəyə salan tibbi geyimdə olan xanım yaxınlaşıb salamlaşdı. Bildirdi ki, hazırda otaqda yeni əməliyyat olunmuş heyvan var və buna görə bacardıqca sakit olmaq lazımdır. Sakitliyi pozmamaq üçün pıçıltı ilə adını soruşdum o da eyni pıçıltı ilə cavab verdi.

– Adım Aynurdur. Sığınacaqdakı heyvanların sağlamlığına nəzarət edirəm.


– Buna nə olub? – əməliyyat masasında uzanan iti göstərib soruşdum.

– Ritanın ayağı əzilmişdi, axsayırdı. Yarasını təmizlədim.

– Necə də sakit dayanıb…


– Həyasızın biridir. İndi keyləşdiricinin təsirindədir. Siz bir də ona dərmanın təsiri keçəndən sonra baxın.

Gözüm qapıda dayanan başqa bir itə sataşdı. O, qapının şüşəsindən içəri boylanır içəridə nə baş verdiyini anlamağa çalışırdı. Bu itin təlaşı lap xəstəxana dəhlizlərində əməliyyatdan çıxacaq doğmasını gözləyən adamları xatırladırdı. Eyni narahatlıq və təşviş onda da sezilirdi.

Emin qapını açıb onu içəri saldı. İçəri girən it Ritanın uzandığı masanın düz yanında dayanıb üzgün halda, dilini bayıra çıxarıb, qulaqlarını şəkləyib ona baxmağa başladı. Aynur xanım yaxınlaşıb başını tumarladı və təsəlli etməyə çalışdı.

– Leom, əzizim mənim. Üzülmə. O sağalacaq. Səninlə oynayacaq.

– Leo onun nəyidir? Soruşdum.

– Onlar sevgilidirlər. Leo erkək Rita dişidir. Hər ikisini küçədən gətirmişik. Sığınacağa gələn gündən artıq iki ildir ki, bir-birlərindən ayrılmırlar.

Elə bu vaxt Emin Leonu kənara çəkib özünə yemək və su qoydu. Mənzərəni görən kimi ağlımı qarışdıran növbəti sualı Aynur xanıma ünvanladım.

– Buradakı heyvanların yemlənməsinə kim nəzarət edir?


– İşçilər var onlar baxır.


– Gündə neçə dəfə yemək verilir?


– 2-3 dəfə. Yeməklər heyvanlara görə dəyişir. Dəri xəstəliyi, allergallergiyası olanlara digərlərinə verdiyimiz yeməkləri verə bilmirik. Heyvanların yemləməsinə qızlar, təmizlənməsi, gəzdirilməsinə isə oğlanlar baxır. Qızlardan Məhbubə var o pişiklərə nəzarət edir. İstəyirsinizsə, gedək pişiklərə də baxaq.


– Əla olar.


Rita hələ də özünə gəlmədiyi üçün Emini onun yanında saxlayıb tibb otağından ayrıldıq. Bayıra çıxanda hav-hav səsləri yenə ərşə qalxdı. 10-15 it bizi mühasirəyə aldı. Aynur xanım qorxduğumu görüb bir əli ilə onları aralayıb digəri ilə məni arxasınca çəkməyə başladı. Pişiklərin saxlandığı evə çatanda içəri soxulmaq istəyən bu itləri yana verib özümüzü bir təhər içəri atdıq. Aynur xanım bildirdi ki, təzə adam görəndə tanış olmaq istədikləri üçün onu həmişə belə izləyirlər. Digər tərəfdənsə pişiklərin qaldığı yerin necə olması marağı onları dəli edir.


Pişiklərin isti yuvası, qidalanması və bitməyən kaprizləri.

Pişiklərin saxlanıldığı evdə bizi ortaboylu qısa saçlı, ağbəniz bir qız qarşıladı. Yaxınlaşıb salamlaşdı. Adı Məhbubə olan bu xanım qısa söhbətimiz əsnasında bildirdi ki, pişiklərin qaldığı otağa keçmək üçün mütləq batinka geyinməliyəm. Beləcə, verdiyi batinkaları geyinib içəri otağa keçdim.


– İndi yemlənmə vaxtlarıdır – Məhbubə dedi.

– Kənarda dayanan ac deyil, deyəsən.


– Bir az kaprizlidir. Gərək qabı özün aparıb yanına qoyasan ki, bir tikə yesin.


– Hamısı eyni yeməkdən yeyir?


– Hə. Tərkibində vitaminlər olan konservlər və toyuğun döş ətini veririk. Yemək mövzusunda pişiklər itlərdən daha kaprizlidir.


– Bunun gözünə nə olub? – bir gözü sarıqlı pişiyi göstərib dedim.


– Abutasiya olunub. Bizdə belə heyvanlar daha çoxdur. Tommi bu tərəfə keç…


– Hamısının öz adı var?


– Bəli.


– Bəs necə yadda saxlayırsınız?

– Arada qarışdırırıq. Amma təxmini bilirik. Bu Kendidir, o biri Fiadır, o oturan balaca Miladır Limon da deyirik. Bu Eltondur. Ən gombulu budur. Bu Taygerdir.

– Heyvanlar bura haradan gətirilir?


– Əksəriyyəti xilasetmə yolu ilə. Heyvansevərlər zəng edib köməyə ehtiyacı olan, sahibsiz qalan heyvanlar haqqında xəbər verirlər. Bizim uşaqlar da gedib həmin heyvanları bura gətirir.


– Sığınacağa gətirilən heyvanların sağlamlıq vəziyyəti necə olur?


– Daha çox maşınların vurduğu, insanların hər cür şiddət göstərdiyi heyvanlar gətirilir. Əksəriyyətinin bir qolu, gözü olmur…


– Sahiblənmək istəyənlər gəlirlər? Heyvanları onlara verəndə nəyə diqqət edirsiniz?


– Mütləq şəkildə heyvansevər olmasına. Sahiblənib 4-5 gün oyuncaq kimi oynadıb, geri gətirən biri olmasın. Belələrini çox görürük. Məsələn, bu pişiyi Tomu bir ailə çox israr etdikdən sonra apardı. 2 gün sonra gətirdilər ki, evdəki uşağın allergiyası var. Bəs aparanda bunu bilmirdiniz? Belə olanda həmin heyvan da özünü pis hiss edir.

Yemlənmə otağında divar boyu balaca pişik evcikləri düzülmüş hər evciyin önündə də yemək və su qoyulmuşdu. Ac olan pişiklər başlarını qapıdan çıxarıb yemək yeyir, iştahı olmayanlar isə quyruq bulayır, atılıb-düşür bir qismi isə yerindəcə mürgüləyirdi. İmkan tapdıqca şəkillərini çəkirdim. Düzü üzlərindəki ifadədən bundan o qədər də xoşlanmadıqları bəlli olurdu. Bu hətta bəzilərinin şiddətli şəkildə miyau- miyau etməsindən bilinirdi. Yemlənmə otağını tamam nəzərdən keçirdikdən sonra ona bitişik o biri otağa keçmək istəsəm də, qapı bağlı olduğundan alınmadı.


– Bu otağı bağlı saxlayırıq – Aynur xanım yaxınlaşıb dedi.


– Niyə?


– Müalicə alanları burada saxlayırıq. Həkim vaxtı-vaxtında gəlib baxır. Pişiklər arasında xəstəlik də çox tez yayıldığı üçün gərək diqqətli olaq. Asqıranda, öskürəndə tez müayinə edirik ki, ciddi bir şey olmasın.

Aynur xanım sözünü bitirib qapını açdı. İçəridə qəfəs kimi amma qapısı açıb olan xüsusi ayrılmış yerlərdə bir neçə pişik və bir tülkü var idi. Tülkü ona ayrılmış yerdən çıxıb divarın küncünə qısılmışdı. Qorxduğu baxan kimi hiss olunurdu.

– Sığınacaqda elə bir tülkü var? – deyə xəbər aldım.


– Hə. O bir ovçunun əlindən xilas edilib bura gətirilib. Əslində, qorxmur. Tək olduğu üçün çəkinir. Ortalığa çıxmaq istəmir.


– Bəs bu pişiyin qarnı niyə şişib? Hamilədir?


– Yox. Onun artıq çəkisi var. Buradakı heyvanların hamısını qısırlaşdırırıq.

Söhbətimiz burada yekunlaşdırıb bayıra çıxdıq. Həyətdə müğənni Ayaz Babayevlə Eminin söhbət edirdi. Qısa sürən söhbətdən sonra ifaçı itlərə baxıb getdi. Emin yanımıza gəlib bildirdi ki, Ayaz Babayev itini axtarırmış. Küçədə, yolda tapılan heyvanlar əksər hallarda bura gətirildiyi üçün heyvanı itən adamlar əvvəlcə gəlib bura baxırlar. Təəssüf ki, Ayazın itini bura gətirən olmamışdı…

Sığınacağa girdiyim andan Eminin ora-bura qaçması, özünü hər işi çatdırması, bütün bunları edərkən “off” belə deməməsi, pozitivliyi diqqətimdən qaçmamışdı. Onunla xüsusi olaraq söhbətləşmək istədim.

– Pişikləri gördüm. Bəs itlərin ümumi sayı nə qədərdir?


– 400-ə yaxın.


– Həyətdə az görünür amma.


– Yarısı evin arxa tərəfindədir. İtlərdə vəziyyət pişiklərinkindən bir qədər fərqlidir. Onlar bütün günü bir-birinə meydan oxuyurlar. Mübahisələr çox olur deyə onları iki hissəyə ayırmışıq. Sakitləri, bir az zəif olanları güclülərlə bir saxlayırıq. Yəni çalışırıq güclülər hamısı eyni ortalama olmasın. Əks halda qiyamət qopur…


– Xəstə, zəif itlər çox olur?


– O qədər də yox. Ümumiyyətlə, heyvanların təmizliyinə yaxşı baxmaq lazımdır ki, tez-tez xəstələnməsinlər.

– Xəstə, zəif itlər çox olur?


– O qədər də yox. Ümumiyyətlə, heyvanların təmizliyinə yaxşı baxmaq lazımdır ki, tez-tez xəstələnməsinlər.


– Qulaqları kəsilmiş bir neçə it gördüm…


– Düşüncəsiz adamlar belə edirlər. Bunun heç bir əhəmiyyəti yoxdur.


– Təhlükəsizliyi necə qoruyursunuz? Hamısına sən nəzarət edirsən?


– Müşahidə kameraları da var.


– Emin, bayaqdan ora-bura qaçdığını görürəm. Heyvanlara baxmaq yorucu işdir?


– Yorucu olsa da, heyvansevər biri üçün o qədər də çətin olmur.


– Bu səsdə işləmək çətin olmur?


– Öyrəşmişik.


– Səsə görə qonşular şikayət edirlər?

– Əvvəllər şikayət edirdilər. İndi öyrəşiblər itlərin səsi gəlməyəndə özləri gəlib soruşurlar ki, neyləmisiniz onları? Darıxırlar.


– İtlərlərlə pişiklər yola gedə bilirlər? Mübahisə edəndə hansıların tərəfini saxlayırsan?


– Ayrı saxlanıldıqları üçün çox az hallarda bir-birilərini görürlər. İtləri daha çox sevsəm də, çalışıram tərəfkeşlik etməyim, ədaləti olum.



Eminlə söhbətimiz yekunlaşmaq üzrə idi ki, ona zəng gəldi. Söhbətindən sığınacağın rəhbəri ilə danışdığı anlamaq olurdu. Əslində belə bir məkanın sahibi mənə də maraqlı idi. Düzü burda gəldikdə sonra beynimdə ona verəcək suallar yaranmışdı. Emin telefon danışığını yekunlaşdırıb, nə fikirləşdiyimi hiss edirmiş kimi rəhbərin – Fərid Mansurovun 10 dəqiqə sonra sığınacaqda olacağını bildirdi. Buradakı işimi bitirsəm də, gözləməyə qərar verdim.

Budur evin arxa tərəfində yenə çaxnaşma düşdü. İtlərin səsləri bir-birinə qarışıb ərşə yüksəldi. Qapının ağzındakı itlər də bundan təsirlənib yanımıza gəldilər. Özümü sıxa-sıxa güclə bir-iki xaskini tumarlaya bildim. Tərslikdən digərləri də bundan həvəslənib yanıma gəldilər. Biri məni kürəyimdən möhkəmcə qucaqladı. Digəri əlimi yalamağa başladı. Bu 10 dəqiqə necə keçdi bir Allah bilir. Axır ki, Fərid bəy gəldi.


“Gözəl dünya”nın yaradıcısı, heyvansevər Fərid Mansurovla sığınacaq haqqında hər şey.


– Salam, xoş gəlmisiniz.


– Xoş gördük.


– Sığınacaqla tanış oldunuz?


– Bəli.


– Ümid edirəm də sizdə xoş təəssürat yaratdı. İstəyirsinizsə, keçək ofisdə söhbət edək. Burada çətin itlərin səsi imkan verə.


– Əlbəttə, olar.


Fərid bəyin ofisində yerdə əyləşib qucağındakı iti tumarlayaraq onunla ingiliscə danışan sarışın, mavi gözlü gənc bir xanım var idi. Fərid bəy xanımı göstərib dedi.

– Lessi bizim könüllüdür. Qüsurlu, yaralı itləri sahiblədirmək üçün Amerikaya aparmağa gəlib. Burada çox insan onlara baxmaqdan boyun qaçırır. Amerikada isə ailələr belə heyvanları sevərək saxlayırlar. Sahibləndirdikdən sonra da mütəmadi olaraq onlarla maraqlanırıq. Ayda bir dəfə video və foto tələb edir, heyvanın yaşayışı ilə bağlı geniş izahat alırıq. Lessi özü də bizdən bir it sahiblənmişdi. İndi də ikisini sahiblənəcək.


Lessi Azərbaycan dilini mən də ingilis dilini bilmədiyimdən ünsiyyətimiz “hello” ilə yekunlaşdı. Vaxt itirmədən mənə maraqlı olan sualları Fərid bəyə ünvanladım.


– Mərkəz necə yarandı?


– Uşaqlıqdan heyvanlara yardım etməklə məşğul olmaq istəsəm də, valideynlərim icazə vermirdilər. 1990-cı illərdə ölkəmizdə heç baytarlıq klinikaları yox idi. Universitetə qəbul olduqdan sonra feysbukda heyvansevərlərin cəmləşdiyi müxtəlif qruplar tapdım. O vaxt maddi kömək etməyə başladım. 2016-cı ildə həmin könüllülər Cəlilabad rayonundan bir uzunqulaq xilas etmişdilər. Kimsə onun ayağını kəndirlə bağladığı üçün qanqrena olmuşdu. Oskar adlı bu uzunqulağı xilas edib Bakıya gətirmişdilər. Saxlamağa yer axtarırdılar. Təklif etdim ki, Mərdəkanda 6-7 iti xilas edib saxladığım bağa gətirsinlər. Razılaşdıq. İlk başlarda baxsalar da, sonralar bizə həvalə etdilər. Onun müalicəsi ilə məşğul olmağa başladım. O vaxt işçilərim yox idi tək idim.

Daha sonra Gəncədən göndərilən 2 şikəst iti də bağımda yerləşdirdim. Bundan sonra insanlar harada yaralı, köməyə ehtiyacı olan it görsələr, bura gətirməyə başladılar. İlk başlarda elə bilirdim iş asandı. Sonra gördüm ki, yox. Xüsusi qayğı tələb edən bu heyvanlar vaxtı-vaxtında həkimə aparmaq, qulluğunda durmaq lazımdır. İki işçi götürdüm. Biri tibb işçisi idi digəri isə ərazinin təmizliyinə baxırdı. İt sayı 60-ı keçəndən sonra onların yeməyini çatdıra bilmədiyim üçün sosial şəbəkələrdə insanlardan kömək istəməyə başladım. Beləcə, kimisi yemək, kimisi dərman göndərdi. 2017-ci ilin axırlarında artıq bizdə 300 it var idi.


– Sığınacağın adı ilə bağlı nə deyə bilərsiniz?


– “Gözəl dünya” adını özüm seçmişəm. Dünyanı gözəlləşdirmək üçün heyvanlardan başlamaq lazımdır. Onlara qarşı mərhəmətli olan cəmiyyət mütləq insanlara qarşı da belə olacaq. Ümumiyyətlə, insanları zorakılığa meyilli olan cəmiyyətlərdə ilk növbədə heyvanlara qarşı vəhşilik edilir. Onlara qarşı bu cür vəhşilik edilirsə, demək, insanların hansısa psixoloji problemləri var.

– Lessidən başqa da xaricdən əməkdaşlıq etdiyiniz şəxslər var?


– İnstaqram səhifəmizi yaratdıqdan sonra ABŞ-dən bir xanım bizə yazdı. Bildirdi ki, 3 it sahiblənmək istəyir. Kamilla adlı bu xanım Bakıya gəlib 5 it götürdü. O, itləri Amerikadakı qonşuları ondan alıb sahibləndilər. İt üçün Kamillaya müraciət edənlər çox olduğuna görə o zamanla bizim komandamızın üzvünə çevrildi.


2019-cu ilin əvvəlində Amerikada QHT-miz GWARP yarandı. Bununla da artıq Bakıdan itləri rəsmi şəkildə sahibləndirmək üçün Amerikaya göndərməyə başladıq.


– Sığınacaqda nə qədər işçi var? Ümumiyyətlə, işçiləri hansı kriteriyalara görə qəbul edirsiniz?

– İşçilərdə əvvəla heyvan sevgisi olmalıdır. Təcrübə olmasa da, olar. Bu işdə inadkarlıq da önəmlidir. Bəzən bir heyvanın sağalması aylar alır. Səbirli onun qulluğunda durmaq lazımdır.

Hazırda 14 nəfər işçimiz var. Onları da çox çətinliklə tapmışam. Bəzən yaxşı disiplini adamlar gəlir. Amma görürük ki, onlarda heyvan sevgisi yoxdur. Biz olmadıqda heyvanları cəzalandıra bilərlər. Belə adamlara sığınacağımızda yer yoxdur. Burada məhz heyvan sevgisi olan adamlar işləyə bilər.


– Sığınacaqdan heyvan sahiblənənlər çox olur?


– Təəssüf ki, ölkəmizdə ailələrin əksəriyyəti heyvanları keçici həvəs olaraq sahiblənirlər. Bir müddət baxıb küçəyə atırlar. Buna görə ən yaxşı variant onları ölkədən kənar yerlərdə sahibləndirməkdir. Bununla heyvanları qismən qorumuş olsaq da, ümumi problem yenə də həllolunmaz qalır. Hər gün onlarla yaralı itlər, pişiklər mərkəzimizə gətirilir. Bizim cəmiyyətdə son illərdə heyvanlara kömək etməyə, sığınacaqlar yaradılmağa başlanılıb. Sosial şəbəkələrdə paylaşımlar etdikdə insanlar reaksiya verir.


– Ölkəmizdə sahibsiz itlərin güllələnməsi ilə bağlı xəbərlər eşidirik. Çox vaxt bu işdə “Toplan”ın əli olduğu deyilir. Bu haqda nə deyə bilərsiniz?


– Sahibsiz itlərin güllələnməsi SSRİ-nin vaxtından qalan adətdir. Sonra bu yığışdırıldı. Başladılar onları necə gəldi tutub aparmağa. 2018-də “Toplan”ın yaradılmasına qərar verildi. Bu adı biz heyvansevərlər təklif etdik. Bu həm çağırış mənasında toplan , həm də milli it adımız idi. 2019-da fəaliyyətə başladı. Onlar bizimlə görüşlər təşkil edir, hər şeyin ideal olacağını bildirirdilər. O vaxt bütün mətbuatda məqalələr çıxardı ki, bundan sonra sahibsiz itləri toplan müdafiə edəcək. “Toplan” sanki kosmosdakı qara dəlikdir. İtlər ora girir beləliklə onların tarixçəsi qapanır.

Əgər sizin missiya qısırlaşdırmaq, peyvəndləməkdirsə, niyə İdeyanın peyvəndlədiyi və qısırlaşdırdığı itləri də tutub aparırsınız. Bu suala cavab yoxdur. Hərbi sirri öyrənmək toplandan bunu öyrənməkdən daha asandır.

Bizdə niyə heyvanlarla bağlı sahələr bərbaddır bilmək olmur. Heyvanların müdafiəsi ilə bağlı qanun olmadığı təqdirdə bu istiqamətdə irəliləyişə nail olmayacağıq.

– Ən çox sevdiyiniz heyvan hansıdır?


– Bütün heyvanlar eynidir. Amma itlərin qəlbimdəki yeri başqadır.


– Sığınacağda hansı problemlər var?


– Burdakı heyvanların baytarlıq və qida xərcləri olduqca çoxdur. Bəzən öhdəsindən gələ bilmirik. Əsasən Amerikadakı təşkilatımız bizə kömək edir. Xərclərin öhdəsindən ancaq insanların birgə fəaliyyəti gələ bilər. Bizdə təəssüf ki, hələ bu mədəniyyət inkişaf etməyib.

Fərid bəylə yavaş-yavaş söhbəti sonlandırıb sağollaşdım.

Ofisdən çıxanda həyətdə olan 10-15 it həyətin yuxarı başından mən olan tərəfə axın etdilər. Dövrəyə alıb üstümə dırmanmağa başladılar. Əlində kamera ilə onların şəkilini çəkən Emin bu anı ölümsüzləşdirdi. Qəribədir indi sığınacağa gələndə içimdə olan qorxudan əsər-əlamət qalmamışdı. Hətta özümdən asılı olmadan məni qucaqlayan bu itləri öpüb bağrıma basırdım. Digər bir maraqlı məqam isə sığınacaqdakı heyvanların heç birinin aqressiv olmaması idi. Onlar çox güman ki, burada gördükləri münasibətə – çoxlu sevgiyə və qayğıya görə “pambıq kimi” olublar. Bəlkə də buradakı itlər küçədə yaşasa idilər, daha kobud və aqressiv olacaqdılar. Demək, sevgi insanları yumşaltdığı kimi heyvanları da yumşalda bilirmiş. Elə gəldiyim bu qənaətlə də yeyin addımlarla sığınacaqdan ayrıldım.

Share: