Mahir Qurbanov: “İrəvanın əsas məqsədi ölkəmizin sərhədləri yaxınlığında gərginliyi saxlamaqdır”

“Ermənistan Azərbaycanla sərhəddə baş verən toqquşmalarla bağlı bütün dünyaya yalan danışmaqda davam edir”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri Mahir Qurbanov Ermənistan silahlı qüvvələrinin təxribatına Azərbaycan Ordusunun cavabını İspaniyanın “İnformativo JBS” portalına şərh edərkən bildirib.

Onun sözlərinə görə, İrəvan xarici mediaya Azərbaycanın Ermənistan ərazisini işğal etdiyi ilə bağlı dezinformasiyalar ötürməyə davam edir. Politoloq bunun yalandan başqa bir şey olmadığını vurğulayıb.

“İrəvanın əsas məqsədi Azərbaycanın Ermənistanın işğalından azad edilmiş sərhədyanı rayonlarında iri mülki infrastruktur layihələrinin həyata keçirilməsini dayandırmaq və ölkəmizin sərhədləri yaxınlığında gərginliyi saxlamaqdır”, – deyə Mahir Qurbanov sözlərini yekunlaşdırıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədiblər.

Döyüşlər Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sərhədboyu Azərbaycan Ordusunun təminat yollarının minalanmasını həyata keçirəndən sonra başlayıb. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Azərbaycan Ordusu ermənilərin genişmiqyaslı təxribatına cavab verib.

Hazırda Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın, o cümlədən Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.

Share: