Mahir Mədətov: “Mənə və topa yox, Almeydaya diqqət edin” – MÜSAHİBƏ

“Qarabağ” komandasının futbolçusu Mahir Mədətovun müsahibəsi
– Azərbaycan Premyer Liqasının XVII turunda “Kəpəz”i 1:0 hesabı ilə məğlub etdiniz. Vurduğunuz qol əvvəlcə komanda yoldaşınız Riçard Almeydanın adına yazılmışdı. Lakin qarşılaşmanın baş hakimi Orxan Məmmədovun raportu əsasında həmin qol sizin hesabınıza əlavə edildi. Həmin epizodu necə təsvir edərdiniz?
– Matçın görüntülərində topa mənim toxunduğum aşkar görünür. Sadəcə, qolu çox gec vurduq deyə, həmin anda kimin fərqlənməsinin önəmi yox idi. Birlikdə sevindik. Oyundan sonra Almeydanın özü də görüntülərə baxdığını və qolu mənim vurduğumu söylədi. Vacib məsələ qalib gəlməyimizdir. Baş məşqçimiz Qurban Qurbanov da qolu kimin vurmasının önəmli olmadığını və dəyişiklik edilməsi üçün klub tərəfindən Peşəkar Futbol Liqasında müraciət olunmayacağını söyləyib. Yəqin ki, özləri epizodu izləyiblər və belə bir qərar qəbul ediblər. Həmin epizodda mənə və topa yox, Almeydaya diqqət edin. Ayağımı açanda, o, kənara çəkilir.
Mahir Mədətov: "Mənə və topa yox, Almeydaya diqqət edin" - MÜSAHİBƏ
 
– Artıq hesabınızda 8 qol var. Bombardirlik yarışında lider olan “Qəbələ”nin hücumçusu Baqali Dabo isə 11 dəfə fərqlənib. Onu qabaqlamaq mümkün olacaq?
– Açığı, bu haqda düşünmürəm. Elə bir komandada oynayırıq ki, burada eqoistlik yoxdur. Əsas məsələ komanda oyunu və 3 xaldır. Daim komanda üçün oynasan, bombardir də ola bilərsən. Hələ mövsümün başa çatmasına çox var. Başqa bir futbolçu da bombardir ola bilər.
– Ötən mövsüm bombardir olmaq üçün Rauf Əliyevlə Filip Ozobiçə 11 qol kifayət etmişdi. Cari mövsümdə də məhsuldarlıq yüksək deyil. Hücumçuların əvvəlki illərlə müqayisədə az fərqlənmələrinin səbəbi nədir: Rəqabət yüksədir, yoxsa forvardların səviyyəsi aşağıdır?
– Mövsümün başa çatmasına hələ 9 tur qalıb. Qollarımızın sayını artıra bilərik. 2013/2014 mövsümündə Reynaldo 22 qol vurmuşdu. Bizim də belə bir imkanımız var. Son illər çempionatda rəqabət və səviyyə artıb. Artıq bütün komandalar müdafiə olunmağı bacarırlar. Bunu sonuncu turda “Kəpəz”lə matçda da gördük. Çətinliklə də olsa, 85-ci dəqiqədə vurduğumuz qolla qalib gəldik. Kim deyə bilərdi ki, “Səbail” “Qəbələ”yə qalib gələcək? Yəni, rəqiblər güclənib, qol vurmaq asan deyil.
– Komandanın nəticə qazanması ön planda olsa da, hər bir futbolçu bombardir tituluna sahib çıxmağı arzulayır. Bunun üçün fürsət düşdükcə, penaltiləri də vurmaq istərdiniz?
– Düzü, daha çox oyun epizodlarından qol vurmaq istərdim. Penalti barədə düşünmürəm.
– Əvvələr hücumun sol cinahında çıxış edirdiniz. İndi mərkəzdə çıxış etmək çətin deyil?
– Hər ikisində oynamağı bacarmalısan. Komandaya harada daha çox fayda verirəmsə, demək, həmin yer yaxşıdır. Sırf hücumçu çıxış edəndə topla az təmasda olursan. Mənfi hal yalnız budur. Çünki bizdə oyun orta xətdə təşkil olunur. Hücumçu qol epizodlarından yararlanmalıdır.
– Oyundan sonra azarkeşlər sizə papaqlı gödəkçə hədiyyə etdilər. Bu, nə ilə bağlıdır?
– Xüsusi bir mənası yoxdur. Oyunda əvvəl “İmarət Tayfa”nın üzvləri ilə danışmışdıq ki, matçdan sonra görüşək. Məndən əvvəl bu hədiyyəni Yakub Jezniçaka vermişdilər. Qol vurub, hədiyyə almaq lap xoş oldu. Bütün azarkeşlərimizə təşəkkür edirəm. Hamısının dəstəyini hər zaman hiss edirik.(Report.az)

Share: