Mətbuat Şurası “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda toplantı keçirdi

Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda toplantı keçirilib. Şuranın ofisində düzənlənmiş tədbirdə ölkənin aparıcı media vasitələrinin təmsilçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, bir neçə gün sonra 147 yaşı tamam olacaq Azərbaycan mətbuatı ötən müddətdəki fəaliyyəti ilə cəmiyyətin maraqlarının təmin olunmasında etibarlı ictimai institut kimi özünü təsdiqləməyi bacarıb. Dövlətin və cəmiyyətin, ayrı-ayrı vətəndaşların mənafelərinin uzlaşdırılması medianın başlıca missiyası kimi diqqət çəkib. Lakin elə hadisə və proseslər olur ki, onlara nəzərən bu missiyanın kifayət qədər faydalı nəticələrini görmürük. Mətbuat Şurası fəaliyyətində belə məsələlərin müzakirəsini təşkil təşkil edib, problem və çətinliklərin aradan qaldırılmasına çalışıb. “Bu gün də vacib bir məsələ ətrafında müzakirə aparmaq məqsədilə toplaşmışıq. Mövzumuz media və intiharların işıqlandırılması ilə bağlıdır. Oxşar səpkili tədbirlərimizi əvvəllər də keçirmişik. Biz nəyə çalışırıq, nə istəyirik? İstəyirik ki, mediamız intihar olaylarından şou düzəltməsin, bu hadisələrin gerçək ictimai motivlərinə toxunsun, elə davranmasın ki, sanki intiharları təbliğ edir. Əlbəttə, bir çox məqamlar jurnalist peşəkarlığına bağlıdır. Prinsipial yanaşsaq, neqativ ovqat yaradan, insanları bədbinliyə kökləyən, onları həyatdan qoparan, mübarizə əzmini sarsıdan media materialları bir qayda olaraq qeyri-peşəkar yanaşmanın məhsulu kimi meydana çıxır. Ancaq belə məhsulların sayının çoxluğu düşünməyə vadar edir. Bu gün də biz düşünüb problemlərdən çıxış yolu müəyyənləşdirmək üçün buradayıq”, – deyə Ə.Amaşov vurğulayıb.

MŞ-nin icraçı katibi, tanınmış hüquqşünas Şəmsəddin Əliyev çıxışında intihar olaylarına hüquqi məsuliyyət prizması baxımından izahat verib. O, eyni zamanda dünyada və ölkəmizdə intihar faktları ilə bağlı statistikanı diqqətə çatdıraraq bildirib ki, intiharların sayına görə liderlik Skandinaviya ölkələrindədir. Postsovet məkanında bu baxımdan Litva və Latviya, həmçinin Rusiya diqqət çəkir. Azərbaycanda hər 100 min nəfərə 1-1,2 intihar faktı qeydə alınır ki, bu da kifayət qədər kiçik rəqəmdir. Lakin düşünməyə vadar etməyə bilməz.

Çıxış edənlərdən MŞ-nin sədr müavini Umud Rəhimoğlu, Şuranın İdarə Heyətinin üzvləri – Milli Məclisin deputatı Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Bayraqdar.info” saytının baş redaktoru Azər Həsrət, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, habelə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili və başqaları müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətini vurğulayaraq bildiriblər ki, ciddi media orqanları intihar hallarının işıqlandırılmasına ümumən həssas yanaşmaları ilə seçilirlər. Natiqlər əlaqədar qurumlar tərəfindən intihar faktlarının öyrənilməsinin, təsnifatlandırılmasının və bu istiqamətdə medianın düşünülmüş materiallarla təminatının zəruruliyini önə çəkiblər. Çünki bir çox hallarda konkret mahiyyət barədə bilgi olmadığından yayılmış digər zərərli bilgilər dəyər qazanmağa başlayır. Bu isə zərərli tendensiyadır.

Tədbir iştirakçıları həmçinin medianın özünün də intihar olaylarının işıqlandırılması kontekstində riayət etməli, gözləməli olduğu etik normaların mövcudluğundan söz açıblar. Onlar bu məqamları önə çəkərkən şəxsi həyatın toxunulmazlığının, şəxsi həyatla bağlı informasiyaların tirajlanmasının yolverilməzliyini qabardıblar.

Toplantıda medianın informasiya yayıcılığında fərdi məsələlərdən çox, ictimai maraqlardan irəli gələn məqamların əhəmiyyət daşıdığı vurğulanıb. İntihar faktları ilə bağlı reportajlarda diqqət çəkən məqam kimi konkret hadisənin detallı təsvirlərinə, həyatını itirmiş şəxsin yaxın qohum-əqrəbasının üzüntülərinin verilməsinə yer ayrıldığı bildirilib və bunun peşə tələbləri baxımından düzgün olmadığından söz açılıb.

Tədbirdə ölkə KİV-lərində intihar hallarının işıqlandırılması vəziyyətinin diqqətdə saxlanılmasının, mövcud istiqamətdə davamlı monitorinqlərin aparılmasının və nəticələrinin cəmiyyətə açıqlanmasının müstəsna əhəmiyyət daşıdığı bildirilib.

Toplantının sonunda tədbir iştirakçıları adında ölkə jurnalistlərinə müraciət ünvanlanıb.

Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə “Media və intihar olaylarının işıqlandırılması” mövzusunda

keçirilmiş toplantının iştirakçıları tərəfindən ölkə jurnalistlərinə

MÜRACİƏT

Bakı, 20 iyul 2022-ci il

İntihar hallarının mediada işıqlandırılması ilə bağlı son vaxtlar nəzərə çarpan tendensiyalar narahatlıq doğurmaqdadır. Bu narahatlığı ifadə etmək üçün kifayət qədər ciddi əsaslar var.

Bəzi kütləvi informasiya vasitələrinin təqdimatlarından gəlinən nəticə budur ki, ölkəni total intiharlar dalğası bürüyüb. Biz, bu gün Azərbaycan Mətbuat Şurasında keçirilmiş toplantının iştirakçıları belə yanaşmanın bütövlükdə dövlət və cəmiyyət üçün ziyanlı olduğunu düşünürük. Hesab edirik ki, jurnalist peşəsinə dəyər verən hər bir qələm sahibi məsələyə həssas yanaşmağa borcludur. Bu borc həm mənəvi məsuliyyətdir, həm də peşə tələbidir.

İstənilən hadisənin işıqlandırılması zamanı jurnalistika üçün vacib məqam ictimai maraq amilidir. Dövlətin mənafelərini cəmiyyətin maraqları ilə uzlaşdırmaq, mövcud xüsusda meydana çıxan problem və çətinliklərin aradan qaldırılmasına dəstək göstərmək kimi yanaşma da peşəmizin təbiətindən irəli gələn xüsusiyyətdir. Təəssüf ki, intihar olaylarına münasibətdə peşəkarlığı deyil, dəhşət saçan sərlövhələrin seçimini görürük. Belə təəssürat yaranır ki, sanki kimlərsə intiharı təbliğ və təşviq edir, adiləşdirir.

Biz söz və ifadə azadlığının dövlət və cəmiyyət üçün önəmini dərk edirik. Onu da xüsusi vurğulayırıq ki, intihar hadisələri ilə əlaqədar bilgilərin də cəmiyyətə çatdırılması vacibdir. Ancaq məsələ ətrafında spekulyasiyalar yolverilməzdir. İntihar olayı baxış sayı toplamaq, izləyici auditoriyası genişləndirmək naminə predmetə çevrilməməlidir.

Ümumən insanların ahəngini pozma, mənəvi-psixoloji durumuna zərər vurma ehtimalı böyük olan hadisə və proseslərin təqdimatında şişirdilmiş ritorikadan, ucuz populizmdən, ajiotaj yaratmağa hesablanmış üsul və vasitələrdən yararlanma azad media prinsiplərinə tamamilə zidddir. Biz hər bir media təmsilçisini, hər bir KİV orqanını bu məqamı nəzərə almağa, onu əməli fəaliyyət müstəvisində dərk etməyə çağırırıq. Onu da düşünmək lazımdır ki, insanların dinc birgəyaşam normalarını pozmaq, cəmiyyətdə ruh düşkünlüyü yaratmaq potensialına malik təqdimatların hüquqi müstəvidə də mübahisələndirilmə ehtimalı böyükdür.

Biz, Azərbaycanın aparıcı media orqanlarının təmsilçiləri ölkənin bütün jurnalistlərini, ümumən bu və ya digər şəkildə jurnalist fəaliyyəti ilə məşğul olduğunu bildirən şəxsləri intihar olaylarının təqdimatına son dərəcə ciddi yanaşmağa, bu olaylarda hadisənin dəhşət saçan, fərdi və şəxsi əhəmiyyət daşıyan motivlərinin üzə çıxarılmasından uzaq durmağa, yalnız ictimai əhəmiyyət daşıyan məqamları işıqlandırmağa çağırırıq. İnanmaq istərdik ki, həmkar təəssübkeşliyinə əsaslanmış bu çağırışımıza həssas yanaşılacaq, qeyd etdiyimiz neqativ təmayüllərin aradan qaldırılması naminə səfərbərlik, məsuliyyətli mövqe nümayişi təmin olunacaqdır.

Share: