Mərkəzi Bank malların kreditlə satışına nəzarəti gücləndirir

Azərbaycanda malların nisyə satışı ilə məşğul olan təşkilatların məlumatların Kredit Bürosuna ötürülməsinə təşviq olunması gələcəkdə məlumat bazasının daha da genişlənməsinə imkan verəcək.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bildirilir ki, “kreditə malların satışı” dedikdə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq malların nisyə satışı (malların dəyərinin hissə-hissə ödənilməsi) başa düşülməlidir.

“Nisyə alqı-satqısı ilə bağlı borclar barədə məlumatların Azərbaycan Kredit Bürosunun (AKB) məlumat bazasına daxil edilməməsi potensial borcalanların ödəniş qabiliyyətinin düzgün qiymətləndirilməsinə çətinlik yarada bilər və son nəticədə bankların kredit portfelinin keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Ona görə də Mərkəzi Bank Kredit Bürosu qarşısında məsələni qaldırıb və büro ilə aktiv müzakirələr aparılıb. Bu müzakirələr nəticəsində bir sıra nisyə satışla məşğul olan təşkilatla Kredit Bürosu arasında müqavilələr imzalanıb və büronun bazasına məlumatların yüklənməsi prosesinə başlanılıb”, – AMB-dən bildirilib.

Qeyd edək ki, son illər ticarət obyektləri aktiv şəkildə mallarının kreditlə satışını həyata keçirirlər. Lakin həmin borcalanlar banklara müraciət etdikləri halda ticarət obyektlərinə olan borcları heç bir məlumat bazasında (Kredit Bürosu kimi) əks olunmadığı üçün rahat şəkildə istədikləri məbləğdə kredit ala bilərlər. Bu, gələcəkdə bankları və ya qeyri-bank təşkilatlarını böyük risk altına ata bilər.

Xatırladaq ki, Azərbaycan Kredit Bürosu ölkənin qabaqcıl səkkiz bankı tərəfindən 2018-ci ildə təsis edilib və hazırda tərəfdaşlarının sayı 201-ə çatıb. Bunlar 47 bank (21-i ləğv prosesindədir), 61 bank olmayan kredit təşkilatı (BOKT, 5-i ləğv prosesindədir), 35 kredit ittifaqı, 22 sığorta şirkəti (2-si ləğv prosesindədir), 7 lizinq şirkəti, 1 faktorinq şirkəti, 1 kollektor agentliyi, 18 hissəli satış şirkəti (mağaza), 3 mobil operator, 3 kommunal xidmət müəssisəsi və 3 dövlət qurumudur.

Kredit Bürosu borcalanlar və potensial müştərilərin kredit tarixçəsi, rüsum və cərimələrin ödənişi, girovları, kommunal borcları və s. barədə informasiyaları toplayıb saxlayan və qanunla nəzərdə tutulmuş qaydada maliyyə təşkilatlarına ötürən məlumat bazasıdır.

Share: