“Mənim üç qızım qaldı Məsmə, Şəbnəm, Afaq…” Məsmə Aslanqızı ilə MÜSAHİBƏ

Nə az nə çox düz 30 il keçib o qanlı gecənin üstündən… Bir çox qəhrəmanlıq dastanı ilə böyüyən bizlər ən böyük qəhrəmanlıq dastanının canlı şahidləri olduq o gecə. Uşaqlı böyüklü mərdi-mərdanə küçələrə axışan bir milləti gördük biz o gecə… 30 yox neçə illər, əsrlər keçsə də bitməz deyəcəklərimiz. Kimi ön sırada, kimi arxada, kimi də öz evində şəhid oldu. O gün olub bitənləri ən yaxından yaşayanlardan biri də bu günkü müsahibim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, əməkdar artist, Prezident mükafatçısı, şəhid Aslan Ağaverdiyevin qızı Məsmə Aslanqızıdır.
 
Məsmə Aslan qızı Ağaverdiyeva 1978-ci il fevralın 11-də Bakı şəhərində anadan olub.1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə daxil olub. 1996-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasının üzvüdür. Məsmə Aslanqızı bir sıra telekanallarda əyləncəli və musiqili-şou verilişlərin və bir çox dövlət səviyyəli tədbirlərin aparıcısı olub.
Məsmə xanım 2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və Prezident mükafatına layiq görülüb.
 
– Məsmə xanım, 20 Yanvar faciəsinin növbəti ildönümü tamam olur. Siz bu faciəni birəbir yaşayanlardan birisiniz, atanız Aslan Ağaverdiyev o gecə müqəddəs şəhidlik zirvəsinə ucaldı və biz istərdik ki, çətin də olsa xatirələrinizi bizimlə bölüşəsiniz. Aslan Ağaverdiyev bir ata olaraq xatirinizdə necə qalıb?
– Atam Aslan Əlikram oğlu Ağaverdiyev 1952- ci il avqustun 24- də Bakıda anadan olub. Paytaxtın Zevin (indiki Əziz Əliyev) küçəsindəki müəssisədə anbardar işləyirdi. Üç qız atası idi. Gözəl ailə başçısı idi. Ailəcanlı, vətənini, millətini sevən, qonaqpərvər, mülayim, sakit təbiətli, çox üzüyola bir insan idi. Bizi Azərbaycanın bütün rayonlarına aparardı, gəzdirərdi. Çox, çox yaxşı ata idi. (Kövrəlir).
– O ağır şənbə gününü necə xatırlayırsız?
– Həmin gün atam çox narahat idi, elə hey deyirdi “bu gün nəsə olacaq”. Yanvarın 19- da işdən çıxıb Naxçıvan mehmanxanasının qarşısına gedib. Sonra evə gəlib anama deyib ki, ora yaman çox adam yığışıb. Nigaranam, nəsə olacaq. Sonra yenə evdən çıxdı və bu onun son gedişi oldu…
(Gözləri kədərə bürünür. Dərin bir “Ah” çəkib davam edir.) 
– Biz həyət evində olurduq o vaxt. Küçə qapısının ağzında dayanıb atamı gözləyirdik. Güllə səsləri gəlirdi. Birdən kimsə “qardaşımı öldürdülər, qardaşımı öldürdülər” deyib qışqırmağa başladı. Sonra qonşumuzun uşağı gəlib bizə dedi ki, “yerdə göz gördüm”. Babam evdən çıxdı, bir müddət sonra qayıdıb gəldi və bizi qorxuya salmamaq üçün “heç nə yoxdu qorxmayın, atılan boş güllələrdi, gedin yatın” dedi. Elə bu vaxt evə zəng gəldi. Anama dedilər ki, Aslan ayağından yüngül yaralanıb, təcili “Semaşko” xəstəxanasına gəlin. Anam nəsə inanmadı, “siz Allah, düzünü deyin yüngül yaralanıb?” deyə soruşdu. Ona “hə, qorxmayın ayağından yüngül yaralanıb” dedilər və anam tez-tələsik evdən çıxdı. Ora çatanda görüb ki, hamı atamın başına toplaşıb. Atam isə deyildiyi kimi ayağından yox, qarın nahiyəsindən yaralanıb. Ona cəmi bir güllə dəymişdi lakin bu güllə xüsusi zəhərli güllə olduğu üçün onun nazik və yoğun bağırsaqlarını, mədəsini, böyrəyini, qısacası bütün orqanlarını zədələmişdi. Xəstəxanaya gətirilənə qədər çoxlu qan itirib. İşıqlar kəsildiyindən xəstəxanada çox ağır şəraitdə şam işığında, qəzet alovunun işığında əməliyyat olunub. Ona həmin gecə çoxlu qan vurulmuşdu, lakin qan bədənində dövran etmədiyinə görə Yanvarın 21- də biz onu itirdik. Şəhidlər xiyabanında dəfn edildi. Anam yanına getdiyində huşu yerində olub. Başına gələnləri ona olduğu kimi danışıb. Ölüm ayağında elə hey bizim adımızı deyirmiş: “Mənim üç qızım qaldı Məsmə, Şəbnəm, Afaq…” Çox heyf ki, biz onu son nəfəsində görə bilmədik, elə bildik sağalıb evə gələcək.
– Qadınları və uşaqları ölümün ağuşundan alıb atanız…Təfsilatı ilə danışa bilərsiz gələcək nəsillər üçün də bir qan yaddaşıdı bu.. Bilməyənlər də öyrənsin.
– Atam həmin gecə saat 22:00 radələrində keçmiş Naxçıvan mehmanxanasının qarşısına gəlib. Orada sovet əsgərləri ilə üzbəüz dayanan əli körpəli və uşaqlı qadınları görüb çox narahat olub. Üzünü kişilərə tutub sual verib ki: – Siz neynirsiz? Onlar isə cavablarında deyiblər ki: – Qadınlara, uşaqlara əl dəyməzlər. Bu sözü eşidən kimi dərhal əli körpəli və uşaq arabalı qadınları geri çəkib. Onların qarşısında cavanlarla birlikdə sədd çəkib, dayanıblar. Gecə 12-ni keçən kimi atəş əmri verilib. Həmin o qadınların və uşaqların qarşısında sədd çəkmiş bütün cavanları və atamı elə oradaca…
(Gözləri dolur. Dərin bir sükut çökür)
– Sizcə olacaqları öncədən hiss edirdi?
– Ümumi ölkədə olan-bitəndən narahatlıq duyurdu, mitinqlərə qatılırdı, etiraz səsini ucaldırdı. Amma ağlından belə keçirməzdi ki, bir gün sovet ordusu əliyalın xalqa atəş açar, belə zülm edər. Tək atam yox bunu heç kim ağlına gətirməzdi.
– Şəhid qızı olmaq necə duyğudur? Tərifi varmı?
– Çox qürur verici duyğudur. Heç bir sözlə izah edilə bilməz, tərifi dilə gəlməz. Lakin heç bir uşağın atasız böyüməsini də istəmərəm.
– Yuxularınıza gəlirmi, onunla xəyalən söhbət edə bilirsizmi heç?
– Gəlir. Hətta bir dəfə yuxuda gördüm ki, gəlib kənardan bizə baxır, mənsə utanır yaxınlaşmırdım ona. Sonra birdən ağlaya-ağlaya üstünə qaçdım və onun üçün çox darıxdığımı dedim. O da “ağlama qızım, mən daha sizi heç vaxt tək qoymayacam, həmişə sizin yanınızda olacam” dedi. Yuxuda necə ağlamışdımsa, oyandığımda yastığım büsbütün yaş olmuşdu və həmin gün oxuduğumuz məktəbə (atam da o məktəbdə oxumuşdu) atamın büstünün qoyulacağını öyrəndik.  Yuxum demək olar ki çin çıxdı, atamın büstü hər zaman bizimlə idi. Ümumiyyətlə o bizim yuxumuza gələndə hər zaman yaxşı nəsə baş verir.
– Bildiyim qədər söhbət Bakı şəhəri Yasamal rayonundakı 31 nömrəli tam orta məktəbdən gedir. Hazırda o məktəb atanız Aslan Əlikram oğlu Ağaverdiyevin adını daşıyır.
– Doğrudur. Bu bizə az da olsa təsəllidir. Gələcək nəsillərə ötürülən tarixdir. Lakin nədənsə bu tarixi belə silmək istəyirlər. Məktəbin 2- ci mərtəbəsində atamın böyük bir büstü, həyat yolundan bəhs edən guşəsi və digər 20 yanvar şəhidləri ilə bağlı lövhə var idi. Eləcə də Qarabağ döyüşlərində həlak olmuş məktəb məzunlarının barelyefləri və onlar haqqında xüsusi guşə var idi. Hər il 20 yanvar günü şagird və müəllim heyəti onu və digər şəhidləri yad edərdi. Lakin sonradan məktəb təmir edilən zaman bütün bunlar çıxarıldı, təmirdən sonra büst məktəbin həyətinə qoyuldu. Tək atamla bağlı yox, bütün şəhidlərlə bağlı o lövhələr də yığışdırılaraq məktəbin görünməyən bir yerinə, kitabxanasına qoyuldu və bərpa olunmadı. Siz də bilirsiz ki, texnologiya əsrindəyik, indi kitab oxuyan şagird çox nadir tapılar ki, getsin kitabxanada oturub kitab oxusun, üstəlik başını qaldırıb orda asılan o lövhəyə baxsın. Şəhidlərimizlə bağlı o guşəni göz önündən çıxarıb kənar yerə qoymaları, yəni bu biganəlik, laqeydlik hətta deyərdim hörmətsizlik bir şəhid ailəsi olaraq, bir vətəndaş olaraq bizi çox ağrıdır.
– Bəs dövlət tərəfindən fəxri ad nə zaman verildi?
– Ona ölümündən sonra Azərbaycan Respublikasının 13 yanvar 1992- ci il tarixli, 48 nömrəli qanununa əsasən “Azadlıq Uğrunda Mübariz” fəxri adı verilib və “20 yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998- ci il tarixli, 695 nömrəli fərmanına əsasən “20 yanvar şəhidi” fəxri adı verilib.
– Dövlət tərəfindən şəhid ailəsi kimi qayğı görürsüzmü?
– Görürük bəli, anama hər ay 20 yanvar şəhid ailələri üçün ayrılan sosial müavinət verilir və bu yaxınlarda 2 otaqlı mənzillə də təmin olunub. Hətta anam o müavinət puluna Şağan qəsəbəsindəki evimizdə atamın xatirəsinə bir kiçik bulaq da tikdirib Soruşuruq anamdan ki, aldığın pulu da bulağın sayğacına yatırırsan. Bunu niyə edirsən? Deyir ki, belə yaxşıdı, həm yoldan keçən su içmiş olur, həm də atanıza rəhmət oxuyur.
– Ananız Zərifə xanımın əziyyətlərini qeyd etməsək olmaz, atasız 3 qız övladı böyüdüb
– Bəli, bizə atasızlığı hiss etdirməmək üçün bütün həyatı boyu çalışdı, çabaladı. Hər üçümüz ali təhsil aldıq, öz həyatımızda müəyyən uğurlar qazandıq. Bütün bunlarda anamın böyük zəhməti olub.
– Bu yaxınlarda paytaxtımızda səfərdə olan bir qrup hindistanlı gəncin musiqi sədaları altında Şəhidlər Xiyabanında klip çəkdirdiyi xəbərini eşitdik. Bir şəhid ailəsi olaraq bu məsələyə münasibətiniz?
– Azərbaycanlılar üçün müqəddəs olan bir məkanda xaricilərin belə hərəkəti yolverilməzdir. Hesab edirəm ki, bu məsələyə çox ciddi yanaşılmalıdır. Biabırçılıqdır. Tək bu məsələdə yox bir çox elə hadisələr olub. Xiyabanda atamın məzarını ziyarət edərkən gənclərin orda çox ədəbsiz hərəkətlərini görüb utandığımızdan bilməmişik nə edək. Hesab edirəm ki, bu hallara nəzarət güclənməlidi. Və ayrıca biz çox istərdik ki, şəhərimizə gələn turistlərə 20 yanvar günü ilə bağlı məlumatı biz təkcə şifahi verməyək. Bunun üçün xiyabanın yaxınlığında xüsusi bir muzey açılsın və orada bütün şəhidlərimizlə, 20 yanvar hadisələriylə bağlı məlumatlar, materiallar, dəlillər toplansın. Bu azadlığımız uğrunda bir salnamədi, gələcəyimizə ötürülən bir tarixdi, daha ciddi yanaşılmalıdı bu mövzuya.
– Bu barədə harasa müraciət etmisizmi?
– Bəli, bir çox qurumlara müraciət etmişik, təkliflər vermişik. 20 Yanvar Fondu, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyi tərəfindən də müxtəlif müraciətlər olunub. Amma təəsüf ki baxan, maraqlanan yoxdu.
– Ümid edirik ki, bu müsahibədən sonra tezliklə aidiyyatı qurumlar bu işlə bağlı bir tədbir görər 
– İnşaAllah
– Sizcə 20 yanvar faciəsi ölkəmizdə nəyi dəyişdi və nəyi dəyişə bilmədi?
– Çox şeyi dəyişdi ən əsası azadlığımızı bərpa edə bildik, sovet əsarətindən qurtula bildik. Lakin dəyişə bilmədiyi şeylər də var təbii ki… Unutqanlığımızı, tarixdə baş verənlərlə bağlı yaddaşsızlığımızı dəyişə bilmədi. Rüşvətə meyilliliyimizi dəyişə bilmədi…
– Çox təşəkkür edirik, dəyərli vaxtınızı bizə ayırdığınız üçün Məsmə xanım. Atanıza və bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyirik!
– Mən təşəkkür edirəm, öz adımdan da, ailəm adından da minnətdarlığımı bildirirəm. Çox sağ olun. Var olun!
Söhbətləşdi: Günel Dəniz
(qadinkimi.com)
Share: