“Götürün o qandalı, Vurun nəfəs yoluma…”-Gənc şair Aqil Altunun şeirləri…

Müstəqil.Az istedadlı,gənc şair Aqil Altunun şeirlərini təqdim edir:

Azərbaycanam

Mənim azad dilim var
Qandal neylər qoluma?!
Götürün o qandalı
Vurun, nəfəs yoluma
nəfəsim bəlkə durdu.

Ulduzlardan bir ordu
bəs edərmi?!
Yox!
Etməz!
Cismimi qəsb etməyə

Ruhumu həbs etməyə
Dünya boyda bir zindan
Günəş boyda qıfıl var?

Göy-bayrağım.
Üstü qan
Göy-bayrağım
Üstə can
Üstə günəş var, ay var
Mənim nifrətimdə qış
məhəbbətimdə yay var

Əsgərimin səngərdə
tətikdəki barmağı
hədəf alan gözüyəm
Dünyanın ağ üzüyəm

Türkün ata ocağı
Türkün ana yurdu-Mən
Azadlıq Bozqurdu-Mən

Nə qədər zülmət ola
şaşmamışam yolumda
Sağımda
Solumda
Həmişə mən olmuşam
Bəzən aydın səmalı
bəzən də çən olmuşam

Bir ananın qəlbində
övladı boyda dağam
Bir şəhidin qanıyla
qüsullanmış torpağam

Mən dünyanın özündə
özü boyda bir canam
Bu dünyaya iftixar
Bu dünyaya bir şanam

Türkün ana vətəni
Qədim AZƏRBAYCANAM..

 

KƏND QIZI

Gəl qayıdaq kəndinizə, kənd qızı,
Bu şəhərin havası çox ağırdı.
Daim əsir burda acı küləklər,
Orda şirin-şirin yağış yağırdı.

Orda dərd bir,sevinc isə beş olur,
Adamları çox mehriban, xoş olur.
Küçələri dar olsa da boş olur,
Buraların enli yolu cığırdı.

Şəhər bizə doğma deyil ki, yaddır,
Bu şəhərin havası da boyatdır.
Kənd həyatı ,quzum ,gözəl həyatdır –
Kənddə günəş bir başqa cür doğurdu.

Gün çıxmamış qalxıb yuxa yayırdın
Bişirirdin, masa üstə qoyurdun.
Doğrayırdım südə, yeyib doyurdum –
Səhər-səhər anan inək sağırdı.

Gəl qayıdaq kəndinizə, kənd qızı,
Bu şəhərin havası çox ağırdı.
Tut əlimdən, çıxaq gedək şəhərdən,
Atan-anan bizi kəndə çağırdı.

 

Qadın ahı

Mənim sevdiyim məsumdur,
Günahımsa çox..,ilahi!
Mənə qıyma ,ağır olur,
Tutar səni qadın ahı.
Elə tutar heç buraxmaz,
Tutar sənin ətəyindən.
Vallah sənə imdad olmaz
israfilin tütəyindən
Bir qiyamət qoparar ki,
Qiyamətdə qiyam düşər.
Bir ah çəkər yana-yana,
Cəhənnəmin orda bişər.
Mələklərin asi olar,
Üz döndərib gedər səndən.
O qadının saçlarına düşən dəndən-
Sən deyərsən olmaz,yemə!
Həvva yedirər Adəmə
Etmə belə etmə allah,
Dünya səndən dönük düşər.
Qadın ahı göyə qalxsa,
Günəş göydən sönüb düşər.
Bir insanı öldürməkçün
Kainatı məhv eləmə
Mənim səhvim özüm boyda,
Özün boyda səhv eləmə…

 

GÜNAH

Mənəm günahın içində-
Yoxsa günah içimdədir?!
Çoxmu böyükdür günahım?!
Nə boyda, nə biçimdədir?!

Bəlkə də heç günah deyil
Günahımın cəzasıdır
Gecikmiş bir məhəbbətin
Sevilməmiş qəzasıdır

Günahım sevgim qədərdi
Sevgim ürəyim boydadı
Eşq əzabı dünya boyda
Dünya kürəyim boydadı

Yığın dünyanın dərdini-
kürəyimə, daşıyaram
Qarışmayın ürəyimə
Günahımla yaşayaram

Share: