Allah qışqırırdı daş-qalaq altda…”-Vasif Zöhraboğlunun yeni şeirləri…

Müstəqil.Az istedadlı şair Vasif Zöhraboğlunun yeni şeirlərini təqdim edir:

Qadın…

Hər kəs bir tərəfindən ölməyə başlayar, əzizim;
Alimlər ağlından,
Rəssamlar gözlərindən,
Şairlərsə ürəyindən ölərlər.
Amma ən gözəl ölüm də elə ürəyindən ölməkdir.
Yıxılıb bir qadının ayaqlarına,
Öz ürəyinin
Ətəyində ölməkdir.

Hər kəs bir tərəfindən tənha qalar əzizim.
Etiraf etməyi bacarmayanlar qürurundan,
Sevməyi bilməyənlər duyğularından,
Yaxşı insanlarsa sevdiklərindən tənhalaşar.
Amma ən gözəl tənhalıq yaxşı insanların tənhalığıdır.
Darıxmaqları dua, düşünməkləri Tanrı,
Susmaqlarısa ürək qırmaqdan qorxmalarıdır…

Hər kəs bir tərəfindən sevilər əzizim,
Kimi zənginliyindən,
Kimi gözəlliyindən,
Kimisə ruhundan.
Amma ən gözəl sevgi ruhundan sevilməkdi.
Ruhunla bütün məsafələri qoşa barmağınla qayçılayıb keçərsən,
Ruhlar üçün məsafələr ancaq əraziləri bəlli edər, qovuşmamazlığı yox…
Mən də səni belə sevmişdim ruhumun qadını…

Sən ki bir möcüzəsən qadın.
Səninlə Tanrının var olduğuna da inanmaq olar,
Səninlə Tanrının yolundan azmaq da.
Səninlə ən gözəl musiqilər də bəstələmək olar,
Ən gözəl şeirlər yazmaq da.
Zərifliyin iynənin gözündən keçərkən,,
Böyüklüyün bir dünya daha da olsa sığışarmı?
Məni ürəyimdən öldürdün,
Ürəyinə sağlıq, əzizim…

Vicdanlar baxırlar, gülümsəyirlər…

Öyrəndim bu ömrü, yaşı kötükdən,
Anlamaz bir budaq naşı kötükdən.
Qıldan da incədir başı kötükdə,
İlahi, bu kimdir çarmıxa gedir?
İnsanlar baxırlar, gülümsəyirlər…

Bütün oyunların ardı dəyişir,
Torpağı, vətəni, yurdu dəyişir.
Bütün sürülərin qurdu dəyişir.
Qurban deyənlərə qəhqəhə çəkib,
Qurbanlar baxırlar, gülümsəyirlər…

Kiridik bu göyə, bu daşa kimi,
Nə kölə olmadıq, nə paşa kimi.
Bu məzlum səhnəyə tamaşa kimi,
Bu sükut içində, heyrət içində,
Vicdanlar baxırlar, gülümsəyirlər…

Əzildik min yumruq, şapalaq altda,
Solduq kol içində, ot-alaq altda.
Allah qışqırırdı daş-qalaq altda,
Daş atan kim idi, daşlanan kimdi?
Şeytanlar baxırlar, gülümsəyirlər…

Çəkir bir-birini qolundan bəri,
Birindən, beşindən, onundan bəri.
Hardasa dünyanın sonundan bəri,
Dünya sevgisinə, dünya malına,
Karvanlar baxırlar, gülümsəyirlər…

Bir yol tapammadım ölümdən yaxın…

Addımla ölçmüşəm bu göyü, yeri,
Nə uzaq yolsanmış gəlib çatmıram.
Sən mənim könlümə yatandan bəri,
Gecələr bir qırpım yuxu yatmıram.

Ömürdə xoş keçən dəqiqələri,
Görüşdən görüşə yaşatmaq olur.
Bəzən də ən uzaq məsafələri,
Bircə zəng ilə də qısaltmaq olur.

Sənsiz üşündükcə görürəm ki mən,
Ayrılıq sevgidə bir döngə imiş.
Səni düşündükcə görürəm ki mən,
Xatirən şiddətli işgəncə imiş.

Eh, sənə nə var ki, qız ürəyinlə,
Gecələr yerində rahat yatırsan.
Sevgidən xəbərsiz buz ürəyinlə,
Mənə buz dövrünü xatırladırsan.

Düşməyib tanrının xoş saatına,
Dualar qılmışam göyə baxınca.
Enib ürəyimin dərin qatına,
Qazmışam bu ömrü sənə çıxınca.

Günahkar mənəmsə, günahda yoxsan,
Neynəyək, zamandan yubanmaq olmur.
Sabahı neynirəm sabahda yoxsan,
Heyif ki, dünənə oyanmaq olmur.

Qorxuram gecələr küsə gəlməyə,
Əllərin əlimə əlimdən yaxın.
Bağışla, yanına kəsə gəlməyə,
Bir yol tapammadım ölümdən yaxın…

Share: