Mən vətən torpağındayam, Anamın qucağındayam…

 

Coşqun XƏLİLOĞLU

 

    Coşqun Xəliloğlu  1960-cı ilin dekabr ayının 27-də Kürdəmir rayonunun Mollakənd kəndində tanınmış ziyalı-pedaqoq, Azərbaycan dili və ədəbiyyat müəllimi, SSRİ Jurnalistlər İttifaqının üzvü Xəlil Əziz oğlu İbrahimlinin ailəsində dünyaya gəlmişdir.1978-ci ildə Mollakənd kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Neft və Kimya İnstitutunun qaz-neft mədən fakültəsinə daxil olmuş, 1983-cü ildə oranı müvəffəqiyyətlə bitirərək  təyinatla “Azneft” İstehsalat Birliyinin Əli Bayramlı Qazma İşləri İdarəsinə göndərilmişdir. O, burada qazmaçı kimi əmək fəaliyyətinə başlamış,  sonra usta köməkçisi işləmişdir. C.İbrahimli daha sonra əmək fəaliyyətini “Azneft” İstehsalat Birliyinin Carlı Kəşfiyyat Qazma İdarəsində, Qalmaz Dərin Qazma Ekspedisiyasında davam etdirmiş,  sonralar həyata keçirilən struktur islahatları ilə əlaqədar olaraq Qobustan Qazma İdarəsində, Qum Adası Dəniz Qazma İdarəsində, Sahil Qazma İdarəsində qazma mühəndisi kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2014-cü ildən SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkətinin) “Kompleks qazma işləri” trestində texnoloji şöbənin rəisidir. Şeirlərini təqdim edirik.

Gözlərin aydın, Vətən

(Azərbaycan xalqının böyük qələbəsi münasibəti ilə)

 

Necə də xöşbəxtik biz, qələbə çalınıbdır,

Müqəddəs torpağımız yağıdan alınıbdır,

Hiyləgər düşmənimiz pis günə salınıbdır,

Ruhsuz yaşaya bilməz, bütöv olammaz bədən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Üçrəngli bayrağımız əzizdir canımızdan,

Törpağımız güç aldı tökülən qanımızdan,

Danışır cahan bizdən – yüksələn şanımızdan,

Neçə bəxtiyar olur, arzuya, kama çatan,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Qarabağ ki var, bizim, şanımız, şöhrətimiz,

Vətənin hər qarışı, əbədi sərvətimiz,

Necə güclüdür bu xalq, göründü qüdrətimiz,

Bundan sonra yaşayar, millətimiz xöşbəxt, şən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Biz həmişə olmuşuq, düz sözlü, düz ilqarlı,

Başımızı dik tutub yaşamışıq vüqarlı,

Hər günümüz xoş keçsin, yaylı, qışlı, baharlı,

Laləzardır yurdumuz, min cür nemətlər bitən,

Anam, gözlərin aydın, gözlərin aydın, Vətən.

 

Azadlığa qovuşub torpağımız, daşımız,

Bizə dəstək-arxadır böyük Türk qardaşımız,

Biryolluq azad olub, Laçınımız, Şuşamız,

Sevinc ilə, qürurla, fərəhlə deyirəm mən:

Anam gözlərin aydın, gözlərin aydın, Vətən.

12.10.2020.

 

 

AĞLAMA, ANAM, AĞLAMA.

(Şəhid analarına ithaf edilib)

Böyüyüb bir igid oldum,

Ağlama, anam, ağlama.

Yurd uğrunda şəhid oldum,

Ağlama, anam, ağlama.

 

 

Şirin laylanla böyüdüm,

Mənə deyirdin, “İgidim”,

Qulağımdadır öyüdün,

Ağlama, anam, ağlama.

 

 

Yeridim düşmən üstünə,

Yağını qoydum, pis günə,

Fəxr et, ağı demə mənə,

Ağlama, anam, ağlama.

 

 

Axı, niyə ağlayırsan,

Qara yaylıq bağlayırsan,

Ürəyimi dağlayırsan,

Ağlama, anam, ağlama.

 

 

Mən məğlub yox, qalib oldum,

Öz yurduma sahib oldum,

Dərd-qəminə təbib oldum

Ağlama, anam, ağlama.

 

Mən vətən torpağındayam,

Bir çiçəkli bağındayam,

Anamın qucağındayam,

Ağlama, anam, ağlama.

 

 

Burda neçə qardaşıq biz,

Etibarlı yoldaşıq biz,

Vəfalı dost, sirdaşıq biz,

Ağlama, anam, ağlama.

 

 

Sən ağlarkən dolur gözüm,

Saralır bənizim, üzüm,

Canım-gözüm, budur, sözüm;

Ağlama, anam, ağlama.

 

 

Dayan, bir bax – qızılgüləm,

Al  laləyəm, qərənfiləm,

Şuşada xarı bülbüləm,

Ağlama, anam, ağlama.

 

 

Əyilmə, dik tut başını,

Sel eyləmə göz yaşını,

Qeyd elə, hər il yaşımı,

Ağlama, anam, ağlama.

19.12.20

Azərbaycan əsgəri

Dayanıb gecə-gündüz

Vətənin keşiyində,

Mərdlik öyrədib ona

Anası beşiyində.

Qəhrəman millətimin,

Ulu Türkün öğludur,

Cəsarətdə, qeyrətdə,

Babəkdir, Koroğludur.

Qorxmazdır, Mübarizdir,

Cəsur bir övladdır o,

Yenilməz qəhrəmandır,

Əyilməz  Poladdır o.

Azərbaycan əsgəri

Xalqımızdan güc aldı,

Müqəddəs bir savaşda

Düşmənindən öc aldı.

Qeyrətiylə, gücüylə

Necə öyünməyim mən,

Xilaskar əsgərin var,

Gözlərin aydın vətən.

Qovdu yurdumuzdan o,

Xain, rəzil yağını,

Düşməndən azad etdi,

Müqəddəs torpağını.

Azərbaycan əsgəri

Məhv eylədi düşməni,

Ən böyük arzusudur

Bütöv görmək Vətəni!

Hazırdır hər əmrinə

Ali Baş Komandanın,

Daim üstündə olsun

Nəzəri yaradanın.

Hələ neçə zəfərə

O, imza atacaqdır,

Xalqımın sevincinə

Min sevinc qatacaqdır!

 

QƏHRƏMAN ATAM

(Şəhid balalarının dilindən) 

Atam şəhid olubdur,

Qarabağ savaşında,

Cənnətə qovuşubdur,

Otuz altı yaşında.

Başlarkən müharibə

Dedi, getməliyəm mən,

Qarabağı düşməndən

Azad etməliyəm mən.

Gülümsünüb, diqqətlə

Baxdı mənim üzümə,

Maşallah, böyümüsən,

Diqqət elə, sözümə:

-Bu torpaq babalardan

Bizə bir əmanətdir,

Torpağı yada vermək

Günahdır, xəyanətdir.

Torpağımız kafirin

Əlində qala bilməz,

Qarabağsız bu diyar

Yurd, vətən ola bilməz.

Məhv eyləyib düşməni

Qayıdarıq, inşallah,

Anam dedi, qorusun,

Sizləri, qadir Allah!

Döyüşlərə atıldı

Atam bir aslan kimi,

Düşmənlərlə vuruşdu,

Əsil qəhrəman kimi.

Əlində avtomatı

Daim irəli keçdi,

Düşməni milçək kimi

Məhv etdi, qırdı, biçdi.

Atam qəhrəman olub,

Dostları da şahiddir,

Gecə yuxuma gəlir,

Gül üzlü bir şəhiddir.

Atamla fəxr edirəm

O, qələbə çalıbdır,

Qarabağı düşməndən

Öz qanıyla alıbdır.

22.12.20.

Share: