Mən şeir yazanda xoşbəxt oluram…- Cabir Həsənov

Mən şeir yazanda xoşbəxt oluram

Mən şeir yazanda xoşbəxt oluram,
Bir başqa rəng olur üzümdə mənim.
Hər kəs yaxın gəlir, mehriban gəlir,
Hamı doğmalaşır gözümdə mənim.

Mən şeir yazanda xoşbəxt oluram,
Ruhum qanadlanıb uçur quş kimi.
Bütün xəyalları gerçək görürəm,
Bütün arzuları çin olmuş kimi.

Mən şeir yazanda xoşbəxt oluram,
Sözləri yan – yana tapıb düzürəm.
Bir şirin misraya çevrilər deyə,
Bəzən ayrılığa rahat dözürəm.

Mən şeir yazanda xoşbəxt oluram,
Yazdığım kiməsə toxunur bəlkə.
Bir sevgi şeirim pıçıltılarla,
Bir xəlvət guşədə oxunur bəlkə?

Həyatın bir sevinc payı var sənə

Həyatda bu qəbil adamlar azdır,
Qürurlu, təmkinli, ağıl dolusan.
Bir şirin dil ola, danışa səndən,
Həqiqi dünyada nağıl dolusan.

Yel açan qapını bəxtə bənzədib,
Ayağın ucunda qaçıb baxırsan.
Həyatın bir sevinc payı var sənə,
Alıb inanmırsan, açıb baxırsan.

Bir uzaq nöqtəyə zillənir gözün,
Məlul baxışlarla hara baxırsan?
Həssas adamların baxdığı yerə,
Sən də mi ürəkdə yara baxırsan?

Sözün, davranışın, nitqin yerində,
Həmişə hər şeyin yerin bilirsən.
Hamı bildiyini bilir, məncə sən,
Hamı bildiyindən dərin bilirsən.

Sənə xoşbəxt ömür arzulayıram,
Taleyin böhtana, şərə düşməsin.
Hörmətlə, şərəflə, nüfuzla yaşa,
Bir sözün, xahişin yerə düşməsin.

Sənə şeir yazmaram

Mənim üçün bir zaman,
Sən dünyaya dəyərdin.
Tez-tez şeir yazardım,
Oxuyub, gülümsəyər,
Nə qəşəngdir, deyərdin.
Hər şey bitdi qəfildən,
Bu yaralı ruhla mən,
Daha xeyir yazmaram.
Sənə şeir yazmaram.

Bu dünyada dəyanət,
Sona qədər deyilmiş.
Qəlbi üzən puç ümid,
Qüssə, kədər deyilmiş.
Hərdən alıb qələmi,
Yazmaq istəsəm də mən,
Bir sözündən inciyən,-
Ürək deyir yazmaram,
Sənə şeir yazmaram…

Nə qəribə gün oldu bu

Bu gün yenə ağlımda sən,
Sakit, səssiz oturmuşam.
Sən adama söz demirsən,
İstəyirəm mən soruşam,
Darıxırsan, darıxmırsan?

Çöldə çinar yarpaqları,
Titrəyir bədənim kimi.
Aman, necə darıxıram…
Görən sən də mənim kimi,
Darıxırsan, darıxmırsan?

Nə qəribə gün oldu bu,
Başım itib inan sənsiz.
Hər tərəfim insan dolu,
Darıxıram…
Sən də mənsiz,
Darıxırsan, darıxmırsan?

Anlayan olmadı dünyada məni

Üzümü qayğılı görüb keçməyin,
Mən hələ balaca uşaq kimiyəm.
Bir qoca aşığın köynəkdə qalan,
Darıxan sazının sarı simiyəm.

Etibar, sədaqət nə verdi mənə,
Ən zəif yerimdən sınıb, əyildim.
Duyğular nə yaman kövrəltdi məni,
Hər şeydən inciyən adam deyildim.

Anlayan olmadı dünyada məni,
Ən əziz adamdan küsüb gedirəm.
Demək istədiyim söz dilimdədir,
Demirəm, beləcə susub gedirəm.

Ən təmiz hisslərin qatili ürək

Həyatda insanı sevgi yaşadır,
Sevən yar düşünür, yar anır, gülüm.
Bəlkə də ən ülvi məhəbbət elə,
Ayrılıq sonrası yaranır, gülüm?!

Xoşdur həyəcanı, xoşdur təlaşı,
Eşq elə hikmətdir, nə anlar naşı?
Dünyanınn həsrətdən ağaran başı,
Günəşin nuruyla daranır, gülüm.

Bir arzu çox əziz, bir arzu kövrək,
Hər incə duyğunu anlamaq gərək.
“Ən təmiz hisslərin qatili – ürək,” –
Bu adla hər yanda aranır, gülüm.

Öz aləmində

Ağıl dolu baxışla
Yenə hara baxırsan,
Dalıb öz aləmində.
Bir anımız şeirli,
bir anımız nağıllı,
Dünya dönüb ağıllı!
Bircə bizim kimilər
Qalıb öz aləmində.

Üzün sakit, qayğılı,
Duyğuların dərində.
Dünyada bir yer tapıb,
Dayanmısan yerində,-
Saçlarını çiyninə,
Əllərini yanına,
Salıb öz aləmində.

Hər gün bir xoş ümidlə,
Boşalırsan, dolursan,
Bəlkə dinclik tapırsan,
Bəlkə xoşbəxt olursan,-
Ömrün sevinc payını
Alıb öz aləmində…

Ən vəfalı vəfasız

Yenə gəlib çıxmısan,
Öz sözünün üstünə.
Ağla, keçən günlərə,
Düş üzünün üstünə.
Nə sən həmin adamsan,
Nə məqam əvvəlkidir.
Nə görüş həmin görüş,
Nə salam əvvəlkidir.
Ən gərəksiz xatirə,
Ən insaflı insafsız.
Qoy əlini qoynuna,
Keçib gedən bu ömrü,
Yaşa zövqü səfasız,-
Ən dəyərsiz dəyərli,
Ən vəfalı vəfasız…

Görünür

Ömürdən həyata bir pəncərə var,
Baxanda mənalı, dərin görünür.
Necə istəyirsən yaşa dünyada,
Bir də ölən günü yerin görünür.

Bütün qayğıları bükün örpəyə,
Bütün ixtiyarı verin ürəyə,
Bütün duyğuları düzün süfrəyə,
Sevgi hamısından şirin görünür.

Cabir Həsənov

Müstəqil.az

Share: