Mən səni görürəm, bəs sən necə?

Emilya Tağıyeva yazır…

“Mənə fikir vermir”, “Evdəki varlığımla yoxluğum bilinmir”, “İşdən gələn kimi, ancaq uzanır”, “Bütün günü telefonla qurdalanır, ya televizora baxır”, “Bayramlarda hədiyyə almır”, “Ad günüm, evlilik ildönümümüz yadından çıxır” və s. Yəqin bir çoxunun ətrafında belə şikayətləri olan xanımlar var. Adətən onlara verilən tövsiyə isə belə olur: “İşi var, evi var, lazım olanda toya bayrama gedirsən, əyin başın da pis deyil, daha nə istəyirsən? O da adamdı, işdən gələndən sonra dincəlmək istəyir…”

Əslində deyilənlər elə qadının özünə də məntiqli görünür. Amma bu, ona bəs eləmir, həyatında nəyinsə çatmadığını görür, səbəbsiz yerə əsəbiləşir, bəzən acığını uşaqlarından çıxır, sonda depressiyaya düşür. Kişi də “səbəbsiz yerə” bütün günü deyinən qadından bezir, evə daha gec-gec gəlməyə başlayır, sakitçilik axtarır, bəzən isə bu asayişi başqalarının yanında tapır. Nəticədə evdə söz-söhbət düşür, məsələ boşanmağa qədər gedir.

Bəs bu davalar, söz-söhbət niyə başladı? Ağır iş günündən sonra evdə bir az dincəlmək üçün telefonda “TikToka” baxmaq, ya dostlarla bir az çox vaxt keçirmək, yaxud da hədiyyə almaq, hansısa günü unutmaq niyə boşanmaya qədər aparan böyük problemlərə yol açsın ki? Diqqət etsək, hazırda sözləri bir-birinin boğazından keçməyən insanların hamısı olmasa da əksəriyyəti bir-birini özləri tapıb, sevib, ailə qurublar. Bəs bu sevgi niyə evlənəndən bir müddət sonra bitir?..

Bu barədə çox düşündüm. Bunun qismən cavabını Ceyms Kamerondan, daha doğrusu onun çəkdiyi “Avatar” filmindən aldım. Deyəcəksiniz Azərbaycandakı boşanmalarla dünya şöhrətli rejissorun, ya da fantastik mövzuda çəkilən kinonun nə əlaqəsi? İzah edim.

Filmdə diqqətimi ən çox cəlb edən məqamlardan biri mifik Navi qəbiləsində baş qəhrəmanların bir-birlərinə olan hisslərinin ifadəsi oldu. Onlar eşqlərini “səni sevirəm” kimi yox, “mən səni görürəm” deməklə bildirirlər. Əlbəttə, başqa dünyanın fərqli varlıqlarından bəhs edən fantastik filmdə hisslərin də qeyri-adi ifadəsi normaldır. Sadəcə bir məsələdə ilişdim; niyə məhz “səni görürəm”?

Kameronun bu ifadəni nə məqsədlə seçdiyini deyə bilmərəm, amma müasir zaman üçün çox mühüm bir problemə toxunub, mesaj verib: insanlar artıq bir-birini görmür. Bu təkcə ər-arvad, sevgililər arasında məsələyə aid deyil; valideyn uşağını, müəllim şagirdini, qonşular, qohumlar, dostlar bir-birini görmürlər.

Mənim toxunmaq istədiyim məsələ evli şəxslərlə bağlı olduğundan mövzuya qayıdıram. Söhbət qəlb gözü ilə görməkdən gedir: Bu elə baxışdır ki, arada məsafələr olsa belə sevənlər bir-birlərini hiss edirlər. Ancaq bu gün elə ailələr var ki, cütlüklər bəzən bir masa arxasında bir-birlərini görmürlər.

Qadın bütün günü həyat yoldaşını gözləyir, kişi evə gəldikdə isə xanımını “görməməsi” onu özündən çıxardır. Yəni əslində məsələ hansısa xüsusi, ya adi gündə alınan bir dəstə güldə, ya hədiyyədə, yaxud da kişinin uzanmasında və s. deyil. Balaca uşaq evdə özünə qarşı laqeydlik gördükdə necə çox dəcəllik edib diqqət çəkmək istəyirsə, qadın da bir müddət sonra özü də hiss etmədən qıcıq doğuran davranışlarla fikri özünə yönəltmək, qanqaraldanlıq olsa belə, “məni gör” demək istəyir.

Əlbəttə, ayrılığın işsizlikdən tutmuş, uşaq sahibi olmamağa, evdə qaynana ilə yola getməməyə, qısqanclığa və s. qədər bir sıra iqtisadi və sosial səbəbləri olur. Ancaq hesab edirəm ki, cütlüklər arasında ucalan divarın bir kərpici də məhz bu bir-birlərini görməmələrilə qoyulur.

Bəs nə etməli?

Qadınlar cəmiyyətimizdə hər zaman isti ocağın qoruyucusu kimi tanınıb. Demirəm ki, narazı qalan məqamlara susulmalıdır. Əksinə, bu məsələlər qarşılıqlı söhbətlə həll edilməlidir. Çünki üstündən keçilən  məsələlər istər-istəməz hər iki tərəfin davranışlarda aqressiyaya gətirib çıxarır.

Müzakirələr isə dava-dalaş, başqasını misal göstərmək, ya ultimatumla yox, uyğun vaxtda, sakit şəkildə mehriban dillə aparılmalıdır.

Həyat yoldaşının laqeydliyini bildirmək üçün bəzən söz lazım deyil, qadın özü diqqət göstərərək siqnal ötürə bilər.

Eyni zamanda kişilər qapını çırpıb getmək, ya qışqır-bağır salaraq qadını qədirbilməzlikdə ittiham etmək əvəzinə, xanımının aqressiyanın səbəbini araşdıra bilər.

Əslində həyat yoldaşları bir-birlərini müəyyən həddə tanıyır, nədən xoşu gəlib-gəlmədiyini, ona hansı yöndən yaxınlaşacağını qismən də olsa bilir. Sadəcə, “mən niyə deməliyəm ki?.. Özü başa düşsün” inadı göstərirlər. Ailə fərdləri arasında isə sevgisini göstərmək məsələsində qürurun yeri yoxdur.

Yeni il bir çoxlarımız üçün təkcə təqvimin dəyişməsi deyil, başlanğıclar dövrüdür. Ailələr bəzi problemlərin qismən də olsa həllinə elə bu məqamdan başlaya bilərlər: Həyat yoldaşları bir-birlərinə diqqət, qarşılıqlı hörmət, anlayış göstərməli, bir sözlə “səni görürəm” deməlidirlər.

P.S. Mən psixoloq, ya da sosioloq deyiləm, heç bir tərəfə də bəraət qazandırmaq istəmirəm. Sadəcə ətrafımda müşahidə etdiyim hadisələrdən sonra yuxarıda qeyd etdiyim qənaətə gəldim və bunlar şəxsi düşüncələrimdir.

Share: