Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm

Aysel Əlizadə
Mən səni bir rəsm çərçivəni sevən kimi sevirəm
Olarsa – nə gözəl, olmazsa – eybi yox…
Gözəlliyimdən heç nə almaz olmayışın
Heç nə aparmaz məndən gedişin
Çünki mən
səni yorğun bir axşam
bir badə şərab kimi sevirəm.
Olarsa – nə gözəl, olmazsa – eybi yox
Ölümə hələ var,
Yaşanmalı an hələ çox
Mən səni yaşanmalı anlardan
biri kimi sevirəm.
Olarsa – nə gözəl, olmazsa – eybi yox.
Yalqızlığa çarə çoxdu
Gəlmişkən bir şeir oxu
Ya da
Gəlmişkən şeir oxuma.
Mən səni
şeirsiz görüşlərdən biri kimi sevirəm.
Hər gələn özüylə şeir gətirməz,
Hərənin öz gətirdiyi var.
Mən səni
Özüylə özünü gətirən biri kimi sevirəm
Gətir mənə hər yanını
Mənə yalqızlığını gətir
Məni yalqızlıq qorxutmaz.
Mən səni yalqızlıq kimi sevirəm…..
nə çərçivəsiz
nə şərabsız
nə şeirsiz yaşaya bilirəm…
Mən səni…

Share: