Mən qanad düzəltdim,uçmaq istədim…

 

Məlahət HÜMMƏTQIZI

Bəhanən getməkdirsə…

Üzümə şillə çəkdin..
Əllərin necə qalxdı?
Vurdun mənim üzümə,
Sakit baxdın gözümə .

Bu əllər tutmuş idi ,
Bir vaxt kövrək əlimi.
Özünə çəkmiş idi ,
İncə ,nazik belimi.

Utananda silmişdi,
Uzümdən əllərimi.
Saçıma sığal çəkib,
Öpmüşdür tellərimi.

İndi nə oldu sənə,
Əl qaldırdın sən mənə .
“Əllərimi kəsərəm”-
Dedin “toxunsa sənə”.

Şıltaq qızcığaz kimi
Gülürdüm sözlərinə .
Söylə,sevgilim nədən ,
Əl qaldırdın sən mənə ?

Yoxsa illər uzunu,
O saf məhəbbətini ,
Unutdun bircə anda?
Hirsin qalxan zamanda,
Atdın ayaq altına?

Duydun artıq sevmirsən,
Mənə məhəbbətini,
Qısqanırsan ,vermirsən .
Mənlə xoşbəxt həyatı,
Ürəyində görmürsən .

Ürəyini oynadıb ,
Bir özgə sevgi odu.
Mənim günahım nədi,
qəlbimdə güllər soldu?

Bəhanən getməkdirsə ,
Əl qaldırma sən mənə.
Qoy acı xatirələr,
Dağ çəkməsin qəlbimə .

Söylə ,sevgilim nədən
Əl qaldırdın sən mənə?

Fələyin yazısı

Günləri günlərə düz calayanda,
Görürəm ömrümdən çox illər keçib .
Ömrümün ən gözəl şirin çağını ,
Gözyaşlı günlərim tək silib keçib .

Mən qanad düzəltdim,uçmaq istədim,
Fələk öz oxunu vurdu qolumdan.
Ovçu nişan aldı qaçmaq istədim ,
Baxdım ki, qan damır qanadlarımdan .

Yaralı ceyran tək qəlbim inlədi ,
Mənim körpə qəlbim kimə neylədi?
Fələyin gözündə qarğışa gəldim ,
Gözümdən illərlə yaş tükənmədi.

Amansız fələyin yazısı ağır,
Baharda yazımı qışa döndərdi.
Söylədim dostları köməyə çağır,
Düşməni dostluğa mənə göndərdi.

Yaşadım, bilmədim düşmənim çoxdur,
Qəlbimi süfrətək mən açıq qoydum .
Sən demə əlimin heç duzu yoxdur,
Döyülüb süfrəmdən qovulan oldum .

 

ÖMÜR BAXÇASI

Ömür baxçasında açsaydı çiçək,
Mən onu solmağa qoymazdım heç vaxt.
Fələk ayrılığı yazsaydı gerçək ,
Əlimi əlindən üzməzdim heç vaxt.

Nə bəxtsiz doğuldum ,bəxtsiz yaşadım ,
Ömür baxçasına girə bilmədim.
Açarı əlimdən salıb itirdim ,
Sevdim,sevilməyi dada bilmədim .

Qəlbimdə bir boşluq ,bir daş asılıb,
Bu daşı qəlbimdən ata bilmirəm .
Bəxtimin açarı fələyə qalıb ,
Fələyin yolunu tapa bilmirəm.

Yoruldum bu yolda addımlamaqdan ,
Fələk doğulandan sevmədi məni.
Mənki toxunmadım heç bir ürəyə ,
Bəs neyçün ürəklər ağlatdı məni .

Ağlaya-ağlaya yaşadın ürək
Gözünün yaşını silən olmadı.
Gözlərin kor oldu,dilin lal oldu,
Bir gəlib halını soran olmadı.

Ömrümün sonuna nə qalıb axı?
Ömür baxçasının qapısı bağlı.
Xəzanlı baxçaya girsəm nə fayda ,
Güllərin gözünü gördüm gözyaşlı…

 

Share: