“Mən o köhnə ünvanımda, O, bir özgə qollardadır!..”-Vəfa Mürsəlqızının şeirləri…

Müstəqil.Az bu gün doğum gününü qeyd edən gənc şair Vəfa Mürsəlqızının şeirlərini təqdim edir:

 

Göymü çəkdi…

Göymü çəkdi,yermi uddu,
Görən sevgilim hardadır.
Unutdu,məni unutdu,
O, bir başqa bahardadır.

Yanına elə yaraşdım,
Ömrünə elə qarışdım.
Onu küləkdən soruşdum,
Külək dedi, yollardadır.

Daha sevmərəm hec kəsi,
Bitdi eşqin bəhanəsi.
Deyin, saçımda öpməsin,
Öpüşü ayrılıq dadır.

Aradım,yoxdu yanımda,
Can qalmadı ki,canımda.
Mən o köhnə ünvanımda,
O, bir özgə qollardadır!

Adam adamları itirir

Açıq ovcundakı ümidlərini,
Həyat süpürləyib götürür bir gün.
Fatmalar küpdəki qarıya dönür,
Adam nağılını bitirir bir gün.

Hər qulun bir tikə haqqı quldadır,
Hər qul ölənəcən hələ yoldadır.

Hər tale bir azca ayrılıq dadır,
Aparır bir axşam,gətirir bir gün.

Gedənin dalınca ağlama,adam,
İsti nəfəsindən saxla bir tutam.
Niyə ağlasın ki,adamlar madam,
Ölüb ayrılığı bitirir bir gün.

Kirlənir həmişə təmiz bildiyi,
Sadədən sadəymiş qəliz bildiyi.
Hamıdan,hamıdan əziz bildiyi,
Adam adamları itirir bir gün.

 

Bir zamanlar 

Bir zamanlar qoruyardın,
Qolun qanadınla məni.
Bir-bir tanış eyləyərdin,
Yaxının ,yadınla məni.

Sözlərini qənd eylədin,
Dağı daşı künd eylədin.
Sən özünə bənd eylədin,
Şanınla,adınla məni.

Heç nə sınmır ürək kimi,
Sevgi kimi, istək kimi.
Sovurmusan külək kimi,
Dəli inadınla məni.

Üyüdürsən ələyirsən,
Bürüyürsən,bələyirsən.
Niyə dağ-dağ eyləyirsən,
Cəhənnəm odunla məni?

Yox, bu dəfə qan eylədin,
Neylədin, yaman eylədin.
Afərin, düşmən eylədin,
Bu qədər qadınla məni.

 

 

Biz nə yaşadıq ki?

Biz nə yaşadıq ki, səninlə birgə?
Biz nə yaşadıq ki, xatirə olsun.
Biz nə yaşadıq ki, bir gün ayrılsaq,
Yaddaşa yazılsın, ürəkdə qalsın.

Bir payız axşamı düşüb yağışa,
Bir tinə çəkilib daldalanmadıq.
Birdən küsər məndən, barışmaz deyə,
Bir dəfə qorxmadıq ,qayğılanmadıq.

Biz nə yaşadıq ki, nədən danışaq,
Qəribə ulfətdir ,qəribə sevgi.
Vallah alışmaqdır ,adət etməkdir,
Bu sevgi deyil ki, bu eşq deyil ki.

Arabir ayrılmaq istəyirəm mən,
Daha sürdürməyə dözüm də yoxdur.
Sənə son sözümü yaza bilmirəm,
Sadəcə yazmağa sözüm də yoxdur.

Nə mən titrəyərək qəlbimi açdım,
Nə də əsə-əsə sən könül verdin?
Nə mən gizli-gizli görüşə qaçdım,
Nə sən bircə dəfə mənə gül verdin.

Bizi xatırlamır dəniz, dalğalar,
Sahildə bir ovuc izimiz qalmaz.
Elə gözü toxuq bu məhəbbətdən,
Getsə, arxasınca gözümüz qalmaz!

Biz nə yaşadıq ki, birgə, məişət,
Səhər yeməkləri, axşam zəngləri.
Həyata haradan qoşa baxdıqsa,
Eyni rəsmi gördük,eyni rəngləri.

Mən sənə nə verdim,səndən nə alım?
Ömrümdə ömürlük sirdaşım olsun.
Gülüm, gəl, ayrılaq, sənə son görüş,
Mənə son ayrılıq xatirə qalsın.

Gəzib yoruluram mən küçələri,
Tapmadım, bir dənə xatirəmiz yox.
Bu yer kürəsinə bənzər qəlbimin ,
Bir qütbü istidir ,bir qütbü soyuq.

Vətən

Səni intihar eləyə,
Ölə-ölə sevirik.
Neyləyək,belə bacarıb,
Biz də belə sevirik.

Bir tikə çörək dalınca,
Qaça-qaça sevirik.
Sən bizi alçat, eybi yox,
Uca-uca sevirik.

Sənin sərhəddinin həddi,
Görən indi hardadır?
Elə bil ki,havan,suyun,
Bir az intihar dadır.

Min bir dərdlə çarpışırıq,
Biz də yazığıq,vətən.
Sənə ildə bircə dəfə,
Şeir yazırıq ,vətən.

Biz tumurcuq arzuları,
Büküb ağa, sevirik.
Şəkillərdə,Qarabağa,
Baxa-baxa sevirik.

Sən bizlərdən yarımadın,
Övladdan kim yarıyıb?!
Əsir qızın Qarabağda,
Yaşı ötüb,qarıyıb.

Səni fevralda kəsdikcə,
Şaxta,ayaz, sevirik.
Sevin ki, sevə bilirik,
Hələ bir az,sevirik!

 Müstəqil.Az
Share: