“Mən darıxmağın belə müqəddəs olduğunu Səfa bəyin poeziyasındakı qədər yaxından görməmişdim…”- Vaqif Osmanov

SƏFA RƏŞİDİN QÜRBƏT TƏRƏZİSİ

(VAQİF OSMANOV)

(birinci yazı)

“Dodağının isinməyən sözü”, “açılmayan ləçəklər” kimi dodağı qaçıb sevinməyən, sevinə bilməyən sevincin “əlvida”sı ayrılığa” həmdəm olan Səfa Rəşid qəribə müraciətlə sevdiyinə tapşırıq verir:

Ayrılığı sal yadıma, darıxım,
Sən özün də darıxmağı sevirsən.

Ayrılıq zalım səni unudur ki, yadından da çıxa, Səfa Rəşid?!

Bir – birinə həmdəm olan, anlayan iki eyni xislətli insanın birgə darıxmağı sonda mütləq görüşə geniş açılan qolların arasında can verir. Lap elə eyni qütblü varlıqlar bir – birini dəf etsə belə… Fizikanın bu qanununun sevgiyə heç dəxli yoxdu. Sevginin eyni qütbləri bir – birinin yarı (yarısı) olanları qovuşdurur. Sevinc sevincdən, vüsal vüsaldan doyduğunu kim görüb? Ayrılıq da ayrılqdan doymadığı kimi…

“Sənsizliyin yorğanına bükülən” aşiq yayın cırhacır istisində də üşüyür. “Təkliyin küncündə oturub” gözləri vüsalın yollarında qalan sevən bütün gecələri darıxır. Mən darıxmağın belə müqəddəs olduğunu Səfa bəyin poeziyasındakı qədər yaxından görməmişdim. Şairin özü də, sözü də dəniz kimidir. O, sevgilisini dənizə qısqanmır:

Gəl qucaqla bu dənizi,
Əvəz edər məni əlbət.

Darıxmaq Səfa bəyin poetik duyğularının ana xəttidir. Çünkü taleyin hökmü ilə əzizlərindən – ailəsindən, iki gül balasından çox – çox uzaqlarda yaşayıb – işləyən, qürbət havası ilə nəfəs alan şair qədər qürbətin dadsız dadını kim hiss edər ki?

Şairin “külək aparacaq “yun dağı” olmayan ürəyi “çəkilib bir qərib eldə qalmağa, yuvasızlığa öyrəşməyə” məhkum olsa da ürəyininin gözünün nigaran baxışları Vətənə sarıdır.

Səfa Rəşidin şeirlərində bir təmiz, mavi, mehriban ləpəli, həzin nəğməli bir dəniz var. Bu onun dəniz sahilində – Lənkəranda doğulub boya – başa çatmasından, uzaq Atlantik okeanının Biskay körfəzi sahillərində yaşamasından irəli gəlmir. Unutmayaq ki, dənizlə birbaşa əlaqəsi olanların hamısı dənizi bu qədər doğma bilmir. Bunu onun dənizlə söhbətlərində, intizarını dənizə söyləyəndə hiss etməmək olmur. Uzaq diyardakı Səfa bəyin orada ən yaxın həmdəmi dənizdir. O, sevdiyinə “şeir kimisən” deyəndə dəniz kimi mülayim və təlatümlüdür:

Sahilim bəlli deyil,
İçində vurnuxuram.. .
***
Mənə dəniz sevgisi ver,
Bir də sənli küçələr…
***
Bulud, mənlə oynama,
Daha get evinizə.
Dəniz də səndən küsüb,
Baxmaq olmur dənizə…

Dəniz şairin müəllimidir:

Yenə gəldim bu yerlərə,
Dənizin sahil dərsinə.
Sahildə balıqqulağı,
Girib qumun sinəsinə.

“Haylı – küylü dənizin səssizliyində yosunları çiçəyə bənzədən”, küləksiz sahildə “dalğaları yonulan” dənizə “ürək açan” dənizin qulağına sevgilisinə eşqini açan sevgili kimi pıçıldayır:

Mən bilirdim ağ günümün işığı,
Gözlərinin qarasında gizlənib…

Səfa Rəşid nə qədər ayrılıqdan, qürbət acısından yazsa da həmişə işığa doğru yol gedən söz adamıdır. O işıq ayrılığın, darıxmağın içindən boylanıb Günəş kimi, Ay kimi ilıq ümid yaradır. O işıq onun yol yoldaşıdır. Qürbətdən Vətənə boylanan işıq qürbətdəkindən daha hərarətlidir. Bu işıq onun Vətən, torpaq eşqidir, ömür – gün yoldaşı sevgisidir, övlad məhəbbətidir. Məhz buna görə də o, sevir, “sevmək üçün ürəyi var”, sevmək və sevilmək üçün yaranıb. Qürbəti də taleyin sınağı bilir:

Düşünmə ki, taleyimiz pis oldu,
Bu Tanrıdan növbəti bir yoxlama…

Davamı var.

VAQİF OSMANOV. oktyabr 2019.

Müstəqil.Az

Share: