Mənə aşiq olan o adam dünya şöhrətli yazıçı deyil – Südabə SƏRVİ

Müstəqil.Az-ın “Sevgi etirafı” layihəsinin budəfəki qonağı tanınmış tyazar Südabə Sərvidir.

Onunla həmsöhbət olduq, şəxsi həyatına qədər enə bildik. söhbəti təqdim edirik:

-Salam, Südabə xanım. Necəsiniz? Sizi təqdim etməyə xüsusi ehtiyac yoxdu, amma yenə özünüz haqqında qısa arayış verərdiniz. 

– Əleykümsalam. Təşəkkür edirəm yaxşıyam. Çox şükür Allaha. Göyçayda ziyalı ailəsində dogulmuşam. Universitetin filologiya və sonradan jurnalistika fakültələrini bitirmişəm. Bir müddət Göyçay 7 saylı orta məktəbdə ana dili və ədəbiyyatı müəlliməsi işlədim. Eyni zamanda rayonda çıxan “Yeni həyat” qəzetlərinin əməkdaşı idim. 1996-cı ildən Bakıda yaşayıram. 20 ildən çox müxtəlif qəzet və jurnallarda, telekanallarda müxbir, ssenarist, redaktor və şef-redaktor kimi çalışmışam. 9 kitabım çıxıb. “Döz görüm” adlı ilk şeirlər kitabım 2003-cü ildə çıxıb.Sonradan nəsr və publisistika ilə məşgul olmuşam, şeirlərim arxa plana keçib, daha dogrusu ona fikir vermədim. Laqeyd yanaşdım. O kitabın heç təqdimatını da keçirtmədim. Halbuki ilk şeirlər kitabıma tənqidçi alimimiz Vaqif Yusifli ön söz yazaraq yetəri qədər dəyər vermişdi. Kitab haqqında o vaxt qəzetlərdə nə qədər yazılar getdi. Mənim xəbərim olmadan yazdılar. Alim-şairimiz Sona Xəyal, professor  Osman Əfəndi, ADPU-nun professoru Mədət Çobanov və başqaları yaradıcılıgım haqqında yazdılar. İndi şairlərin, yazıçıların çoxu özləri zəng edib xahiş edirlər ki, mənim yaradıcılıgım haqqında yaz. Və yaxud istedadı oldu-olmadı, müxtəlif adamlar vasitəsiylə telekanal rəhbərliyinə zəng etdirib efirə çıxırlar. İstedadlıların çoxu isə kənarda qalır.

-Sərvi təxəllüsünü özünüz götürdünüz, yoxsa kimsə boyunuza aşiq oldu, Sərvi boylum dedi?

-Sərvi təxəllüsünü mənə ustadım, ilk dəfə 1997-ci ildə  qəzetlərin birində “Ugurlu yol!” yazan rəhmətlik İlyas Tapdıq verdi. Əslində mən Göyçaylı, ya da ki atamın adıyla Südabə Əskər təxəllüsünü götürmək istəyirdim, İlyas müəllim dedi ki,bir İbrahim Göyçaylı var da, ayrı bir təxəllüs götürək. O vaxt İlyas müəllim bu yaxında dünyasını dəyişmiş dəyərli ziyalımız Nahid Hacızadənin indiki “İçərişəhər” metrostansiyasının yaxınlıgında yerləşən“Şur” nəşriyyatında işləyirdi və mən onlarla əməkdaşlıq edirdim. İlyas müəllim mənim o vaxt yazdığım “İnanmaq olarmı yurdu satana, Halal mayasına haram qatana” misralarımı çox bəyənmişdi və  ugurlu yol yazmışdı. Sabahı gün Sərvi təxəllüsünü təklif etdi və mən razılaşdım. Firuz Mustafa və Nahid Hacızadə də ordaydılar. Və beləliklə bu ad mənim təxəllüsümüə çevrildi. Sərvi Sərv agacı deməkdir. Göyçayda o vaxt çoxlu sərv agacları bitirdi.

-Ümumiyyətlə ötənlərdə, elə indi də boyunuza boy vermək, əl yetirmək,hisslərini ötürmək istəyənlərə necə münasibət bəsləmisiz?

Boyuma aşiq olanlar çox oldu. Və mən buna təbii baxıram.  Bu qarışıq zamanda həyat yoldaşı olmayan gənc, ziyalı qadına çoxları aşiq olur. Şəninə çoxlu, həm də bogazdan yuxarı təriflər, komplimentlər…daha nələr yagdırırlar. Hətta səni dünyanın ən gözəl qadınına çevirirlər. Məqsədlərinə çatmaq üçün.  Önəmli olan sənin bu təriflərdən feyziyab olmayıb, göyün yeddinci qatında uçmayıb əsl həqiqəti- həyatının sonrakı mərhələlərini, daha dəqiq desəm,  alt qatını, o adamın sənin həyatından çəkildikdən sonra olanları hiss etməyindir, görə bilməyindir. Özünə hörmətlə yanaşa bilməyindir ki, sonra hörmətdən düşməyəsən. Təzadlarla, maskalanmış insanlarla dolu və kibr, riya, yalan, hiylə üzərində qurulan bu həyatda azmayıb dogru yolu seçməyindir ki, atdıgın addıma görə sonradan peşiman olmayasan.

-Seçə bildinizmi?

-Məsələ bundadır ki, seçmək çox çətin oldu. Çox yanlışlarım oldu. Gənc qadın və 4 uşaq. Həm də evim yox idi. Kirayədə yaşayırdım. Çox çətindir deyilmi? Amma şükür ki, Allah mənə güc, qüvvət verdi.  Bu yolda büdrəsəm də, yıxılmadım, yolumu azmadım. Düzdü, başgicəllənmələr, səhvlərim, günahlarım  çox oldu. Bunu etiraf edirəm. Etiraf qəlbin sakitləşməsidir. İnsan səhvlərlə böyüyüyr. Hər dəfə namazdan sonra uca Allahdan bagışlanmagımı diləyirəm. Çünki səhvsiz olan yalnız Allahdır. Yalnız o bizi bagışlaya bilər.

Həyat sən düşündüyün, xəyallarında min cür gözəlliklər qurdugun deyil! O səni dəryada dalgadan dalgaya vuraraq fırtınaların qoynuna atır. Sənin böyük gücün, iradən, ən əsası isə hadisələrin sonunun necə nəticələnəcəyini görə bilmək qabiliyyətin olmalıdır ki, bu fırtınanı dəf edə biləsən. Keçici bir həvəsə, hansısa qiymətli hədiyyəyə,  nə bilim daha nələrə bütün həyatını qurban verməyəsən. Axı sən evdə gələcəyin əskərini, gələcəyin anasını böyüdürsən…İngilis yazıçısı Ayris Merdokun bir fikrinı xatırlatsam,  yerinə düşər: “Həyat iztirablar məskənidir”. Hər bir insanın həyatında yetəri qədər səhvləri, günahları olur. Biz gizlətsək də, Allah  görür. Ən çətini bu səhvləri etiraf etməkdir. Daha dogrusu, edə bilmək mədəniyyətinə malik olmaqdır. İndi maskalanıb özünü “təmiz” göstərənlər çoxdur. Heç kəs mələk deyil.

-Necə deyərlər, elin gözü tərəzidir.

-Bəli. Elədir. Bunu bütün sahələrə aid edirəm. Sən səmimi ol ki, cəmiyyətdə qəbul oluna biləsən. Mən bütün qadın və kişilərin hisslərinə hörmətlə yanaşıram. Amma axı Allah bizə şüur verib. İnsanı agıl və hiss idarə edir. Agıl hissdən bir balaca üstün olmalıdır ki, həyatda yolunu düz seçə biləsən, səhvlər buraxmayasan. Buraxdınsa, ondan dərs almalısan, nəticə çıxartmalısan ki, bir də bataqlığa düşməyəsən. Həyat başına döyə-döyə sənə mətin, güclü, iradəli olmagı öyrədir.

-Və özünüzdə güc tapıb ayaga qalxdınız..

-Mən özümdə güc tapıb ayaqa durdum və əks cinsə sübut etdim ki, həyat təkcə qadın-kişi münasibətlərindən ibarət deyil. Keçmişdə kişilər olub ki, tam təmənnasız qadına kömək ediblər, ondan heç nə ummayıblar. Bunu Allaha xatir ediblər. Savab qazanmaq üçün. Amma çox təəssüf ki, indi zaman dəyişib.  İndi kişilərin əksəriyyəti cazibədar qadına kömək etmək istəyəndə ondan bunun qarşılıgını umurlar.Mən uzun illər qəzetlərdə və televiziyalarda işləmiş bir jurnalist kimi belə faktlarla çox qarşılaşdım. Çox vaxt etiraz edib işdən çıxdım. Və bilirsizniz, nə oldu? Mən işsiz və pulsuz qaldım! Üstəlik də evin kirayə haqqı. Çox çətinliklər yaşadım.

Qadını çox vaxt bilərəkdən məcbur edirlər əyri yola. İnanın. Qadınlar çox vaxt bir işi istəyərək etmirlər. Övladının, maddi vəziyyətinin çox pis olması xatirinə əyri yollara gedirlər. Burda sevgidən söhbət gedə bilməz. Eləcə candərdi. Mən bu yaxınlara qədər bir təşkilatın Binəqədi Rayon Qadın cəmiyyətini sədri idim. Yanima bununla baglı nə qədər qadınlar gəlirdi. Onları əyri yola məcbur edirdilər. Kimisini yataqda videosunu çəkib şamtaj etməklə hədələyirdilər, kimisini qorxudurdular və s.  Bəzilərinin hətta ərləri də vardı. Dəhşətdir, deyilmi? Amma gerçəklikdir! Qadınlar çox nadir hallarda kişini şantaj edirlər. Amma ən çox şantaj edən kişilərdir. Əgər onlara kişi demək mümkündüsə. Düzdü, pul, şöhrət, var-dövlət xatirinə hər əyri yollara gedən qadınlar da var.

-Belə faktlar çoxdur…

-Bəli, təəssüf ki, çoxdur. Mən hansısa qadını qınamaq fikrindən uzagam. Sadəcə demək istəyirəm ki, özününüzə dəyər verməyi bacarın. Hər bir qadın hansısa vəziyyətdən çıxış yolu tapa bilər.Ümumiyyətlə,  öz səviyyəsini anlayan bir insan-qadın və ya kişi fərqi yoxdur, məqsəd xatirinə ona yanaşanların   yalançı nəvazişlərindən və maskalı üzlərindən özünü qorumalıdır.

Kişilər çox vaxt sadəlövh olurlar. Qadın gözəlliyinə, gəncliyinə tez aldanırlar. Partnyorunun pərdə arxası “sədaqətini” görə bilmirlər. Hətta bəzən ailələrini dagıdırlar. Ümumiyyətlə, 40 yaşdan yuxarı kişilər həyatlarında həmişə yeni macəralar axtarırlar, dəyişiklik etməyi sevirlər. Evdəkini bəyənmirlər. Gənc qız axtarışında olurlar. Halbuki o, sənin uşaqlarının anasıdır! Cənnət isə anaların ayaqları altındadır.

-Kişilər haqqında yaman deyirsiz ha…

-Vallah, mən həqiqəti deyirəm. Az olub 50 yaşında kişi arvad-uşagını atıb gənc qadınla evlənib? Və ya kənarda eşq macərası qurub?  Sonradan  peşiman olurlar. Mən 2008-ci ildə 600-ə qədər mahnı müəllifi məşhur bəstəkar Emin Sabitoglu haqqında “Bu dənizin gözü yaşlı sənsiz” adlı kitab yazanda onun hər iki xanımı –Cəmilə və Xədicə xanımlarla görüşdüm. Xədicəylə İstanbulda, bəstəkarın ilk qadını  Cəmilə xanımla ayrıca Bakıda öz evində qızı Ceyran xanımın vasitəçiliyi ilə görüşdüm. Hər ikisini diqqətlə dinlədim. Təbii ki, hər iki xanımın fikirlərinə böyük hörmətlə yanaşdım. Cəmilə xanımda olan mərdliyi, gücü, iradəni gördüm. Emindən sonra ailə qurmadı, tək övladını böyütdü, köçürdü. Cəmilə xanım özü böyük bir nəslin qızıdır. Ümumiyyətlə, qadınlar kişilərdən dözümlüdürlər. Taleyin işinə bax ki, bəstəkar düz 20 il İstanbulda Xədicəylə birlikdə olsa da, ömrünün son dəqiqələrini Bakıda, birinci xanımı Cəmilənin qolları arasında keçirdi. Xədicə də gənc yaşında tək qaldı. Vaxtilə Cəmilənin tərk edildiyi yaşında oldugu kimi… Bütün bədbəxt qadınların taleyi eyni olur.

Ümumiyyətlə, həyatda birinci olmaq lazımdır!  Qadın dediyin həmişə birinci olmalıdır! Özünə dəyər verməlidir! Həyatdı, hamının başına iş gələ bilər. Heç kəsi qınamaq düz deyil. Amma səhvlərdən nəticə çıxarmasan, həyat səni daha da pis günlərə apara bilər.

 

-Bəzən yazdıqlarınızda nə vaxtsa boynubükük olan bir sevgini yaşamagınızı hiss etməmək olmur..sevgi etirafınızı eşidək.

-Əslində mənim yaradıcılığım sırf sevgi haqqında yox, daha çox vətənpərvərlik mövzusundadır. Şəhidlərimiz haqqında daha çox yazıram.

Qaldı ki, sevgi etirafıma, əlbəttə, mən də insanam, mən də qadınam. Mən də sevmişəm. Həyat yoldaşımı sevmişəm. Ailə qurmuşuq. Çox gənc idim.  Əslində atamgil məni ona vermirdilər. Valideynlərimi güclə razı sala bilmişdim. Həyat mənə yanıldığımı sübut etdi. Başım çox bəlalar çəkdi. Ayrıldıq. Sevgim yarımçıq qaldı. Bütün fikrimi, gücümü övladlarıma verdim. Sonradan yenə sevdim, yenə sevgim yarıda qaldı.Və..qəlbim çox qırıldı

-Fikirlərinizə aydınlıq gətirərdiniz…

-Həyat yoldaşımdan ayrılandan sonra imanlı bir insan çıxdı qarşıma. Subay idi. Sevdim. O insan övladlarıma və mənə çox köməkliklər etdi. İmam nigahımız vardı. Iki illik ev kirayəsini birdən ödəmişdi. Onda oglumun on iki yaşı vardı. Bir gün oglum bu izdivaca qarşı çıxdı. Dedi, mən onu ata kimi görmək istəmirəm. Hörmətlə həmin adama dedim ki, biz ayrılmalıyıq. O da məni anladı. Çox yaxşı insan idi. Ayrıldıq. O Rusiyaya getdi. Əlbəttə, bu ayrılıq mənə çox pis təsir etdi. Amma övladımı heç vaxt kimə görəsə ata bilməzdim!  Sonra o adam Rusiyada dünyasını dəyişdi. Daha dogrusu onu orda öldürdülər. Böyük iş adamıydı. Eşidəndə çox üzüldüm. Günlərlə özümə gələ bilmədim.Və o anda anladım ki, heç demə, mən onu sevirəmmiş.

İşə bax ki, illər öncə ayrııldıgım həyat yoldaşım da 2009-cu ildə Rusiyada avtoqəzada dünyasını dəyişib. Onun öldüyünü eşidəndə çox pis oldum. Saatlarla agladım. Əslən Qəbələdəndi. Özümdə güc tapıb bacılarına, qardaşlarına zəng etdim. Sözləri bu oldu ki, biz elə adam tanımırıq, orda dəfn etsinlər. Təsəvvür edirsiniz? Dogmaları imtina etdilər qardaşlarından. Çox dəhşətli bir şey idi,  dogmaların sənin meyidindən də imtina etsinlər… Axırda əlacsız qalıb Rusiyada yaşayan qardaşımdan xahiş etdim, onun meyidinin Azərbaycana gətirilməsinə kömək etsin.  Övladlarımla birgə meyidi Sumqayıt yolunda qarşıladıq, apardıq Qəbələdə anasının yanında dəfn elədik. Anar müəllim, Fikrət Qoca, Çingiz Abdulalyev və başqa yazıçılar “Ədəbiyyat” qəzetində başsaglıgı verdilər. Bakıda ayrıca cümə axşamı verdim onun adına.

Demək ki, mənim alın yazım buymuş. Şəxsi həyatım yarımçıq qalacaqmış.

Amma Allah bunun əvəzində mənə Ana olmagın hisslərini yaşatdı, gözəl, agıllı övladlar verdi. Mənə yazan qələm, düşünən beyin verdi. Güclü olmaq qabiliyyəti verdi. Bundan böyük mükafat olarmı?

 

-Və ayaqda durmagı bacardınız…

-Bəli. Ayaqda durmagı bacardım. Bəlkə də o agrı-acılaraı yaşamasaydım, bu günkü səviyyəyə gəlib çıxmazdım.

İnsan niyə yazıçı olur? Bu hissləri, çətinlikləri, hətta əzab-əziyyətin ən pik nöqtəsini yaşadığı üçün. İstəsən də, istəməsən də, əgər bir balaca yazmaq qabiliyyətin varsa, hadisələr səni əlinə qələm almaga vadar edir. Qabriel Markes deyirdi ki, “Mən cəsarətsizliyim üzündən yazıçı oldum”. Deməli, həyatda nəyi isə yaşamalısan ki, yaza biləsən. Hələ kefindən yazıçı, şair olan eşitmisiz? Həyatı yazanda o daha real alınır. Baxin, dünya ədəbiyaytında ən məşhur yazıçılar belə həmişə öz həyatlarını yazıblar. Qustav Floberin məşhur “Madam Bovari” əsəri var. Madam Bovari qadın obrazıdır. Flober özü kişi olmagına baxmayaraq yazır ki, Madam Bovari mən özüməm. Böyük qırgız yazarı Çingiz Aytmatov bütün əsərlərində kiçik qırgız xalqını bütün dünyaya tanıdıb. Yeri gəlmişkən, böyük qürurla qeyd edirəm ki, Anar müəllimin təşəbbüsüylə Çingiz Aytmatov haqqında ölümündən sonra dünyada ilk olan -“Mən Manas ogliyam” kitabının tərtibatçısı mənəm. Bu kitab Qırıgıstanda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti çox hörmətli Nüsrət Məmmədovun böyük zəhmətiylə qırgız və rus dillərinə tərcümə olunaraq bir çox ölkələrdə yayılıb.

Mən  bütün olanları hekayələrimdə qələmə almişam. Vaqif Yusifli ön söz də yazıb. Amma pul dərdindən çap etdirə bilmirəm.

 -Bir ara söz-söhbət gəzdi ki, dünya şöhrətli xalq yazıçımıza etinasız olmamısız. Bu dogrudurmu?

-Hansı dünya şöhrətli yazardan danışırsız? Bu, tamamilə yalan söhbətdir. Belə bir şey olmayıb. Ola bilər, kimsə aşiq olar, bu təbiidir, amma o adam dünya şöhrətli yazıçı deyil. Bir deyim var: deyir, “Gördüklərinin yarısına inan, eşitdiklərinin heç birinə”. Adamdan soruşarlar, gözünlə nəyi görmüsən ki, başqası haqqında böhtan danışırsan? Heç şübhəsiz ki,bu paxıllıqdan, göz götürməməzlikdən  irəli gələn bir dedi-qodudur. Dedi-qodu qiybət sayılır və çox böyük günahlardandır. Bunun bədəlini ödəmək də var axı… Mən ümumiyyətlə belə sözlərə əhəmiyyət vermirəm. Qoy Allah qarşısında cavab versinlər. Mən kiməm ki?

Bir insan haqqında dedi-qodu edənlər, olmayanları da pəhə-pəhlə yayanlar bundan zövq alırlar, inanın. Adam var ki, etdiyi yaxşlıqdan zövq alır, adam da var ki, etdiyi pisliklərdən, dedi-qodudan. Qadın tanıyıram ki, deyir, mən qiybət eləməsəm, ürəyim partlayar. Görünür, bu da genetik kodla nəsildən-nəslə ötürülən bir xasiyyətdir. Bu yaxında metroda bir hadisəni müşahidə etdim. Qarşımda analarının yanında əyləşən altı və yeddi yaşlarında iki qız uşagı oturmusdu. Onları hər saniyə böyük arvadlar kimi bir-birlərinin qulaqlarına nə isə pıçıldayıb mənim yanımda əyləşən modalı gənc qıza baxaraq nə isə deyirdilər. Hətta əlləriylə qızı göstərirdilər. Pıç-pıçının ardı-arası kəsilmirdi. Həmin anda düşündüm ki, görəsən bu qızların gələcəyi necə olacaq? Məşhur filmdə deyildiyi kimi, bu uşagın böyüyb kim olacagını düşünüəndə adamın tükləri biz-biz olur. Bəli, insanda  hər şey uşaqlıqdan formalaşır.

Bizim ədəbi mühitin bəzi qadın yazarları arasında belə bir yazılmamış “qanun” mövcuddur: kim ki sənə kömək edr, əl tutur, kimə ki, gülərək salam verirsən və s. dərhal deyirlər ki o bunun adamıdır. Qəribədir deyilmi? İnsanlar niyə bu qədər inamsız olublar? Bəlkə elə biri Allaha xatir hansısa imkansız dul qadına kömək edir? Və yaxud, sən onun yaradıcılığı haqqında yazırsan. O da bunun müqabilində sənə maddi köməklik edir. Vay o günə ki, sən bunu sadəlövhlük edib agzından qaçırasan. Dərhal bir-birlərinə xəbər verirlər:  Ay qız, torbada pişik var,  indi kim kimə havayı pul verər? Məsəl var deyərlər, hər kəs öz arşınıyla ölçür, öz səviyyəsiylə yanaşır hadisələrərə.  Mən ümumiyyətlə ədəbi mühitdən olan əks cinsi dostluqdan kənar heç zaman yaxınıma buraxmamışam.

-Səbəbi nədir?

-El arasında bir deyim var: bir qonşuyla, bir də iş yoldaşınla arada məsafə saxla. Bu, dogrudan da belədir.  Qoy nə qonşunu görəndə utanasan, nə də iş yoldaşını görəndə yolunu dəyişəsən. Çünki kiminləsə münasibət heç vaxt sonacan olmur. Gəlin məsələyə real baxaq. İndiki zamanda agzıbütöv, etibarlı kişi tapmaq da çox çətindir. Və ya əksinə. Zəmanə çox dəyişib.

Bizim ədəbi mühitdə olan kişi yazarlarımızın hamısına böyük hörmətim var. Onların da mənə hörmətlərini hər zaman hiss edirəm. Və xoşbəxtəm ki, onlarla aramda olan məsafəni saxlaya bilmişəm və nə vaxtsa onları görəndə yolumu dəyişməyəcəm.

Kişiyə nə var ki, beşiynnən adı cıxdı, onuynan fırlandı,  adı ləklənmir. Əsas qadın özünü belə şeylərdən qorumalıdır. Xüsusən də ailəli qadınlar. Çünki heç nə sirr qalmır. Onun ünsiyyət qurdugu adam nə vaxtsa qəlbini kiməsə açır və beləliklə sirr yayılır.

Mən bütün qadınların hisslərinə hörmətlə yanaşıram. Amma evli qadının nigahdankənar əlaqə qurması əslində, zina sayılır. Allaha xoş getmir. Qurani-Kərimi oxusalar, dərhal tövbə edib hər axşam, hər səhər Allahdan günahlarının bağışlanmasını istəyərlər.

-Südabə xanım, ədəbi mühitdə özünüzə xas olan yeriniz var. Heç mühit adamı ola bilmisiniz?

-Yazıçılar Birliyində bir işçi vardı, indi rəhmətə gedib. Hamıya qarşı onda qəribə bir öfkə vardı. Bir gün hikkəylə qarşımı kəsib mənə dedi ki, axır ki, özünü ədəbi mühitə sala bildin. Dedim ki, mən 20 il əvvəldən ədəbi mühitdəyəm. Ölünün dalıyca danışmazlar, amma o adam hər sahədə, hətta o vaxt mənim ev  siyahısına adımın düşməyində də mənə maneçilik törədib. Necə deyərlər, yoluma kötük dıgırlayıb. Bəlkə də inanmayacaqsız, amma faktdır. Kişi də qadının paxıllıgını cəkər? Deməli çəkirmiş. Həyat yaşananlarla qəribələşir

-Ev demişkən, eşitdim sizə ev veriblər. Saglıqla yaşayın.

– Bəli. 20 il kirayədə yaşadıqdan sonra evin olması bilirsiz, nə deməkdir? Bunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Buna görə Dövlətimizin başçısı çox hörmətli cənab Prezidentimizə,Birinci Vitse-Prezident  Mehriban xanıma və Yazıçılar Birliyini sədri Xalq yazıçısı əzizimiz Anar müəllimə təşəkkür edirəm! Bu işdə əməyi keçənlərin hamısına təşəkkür edirəm. Rauf Aslanov mənə zəng edəndə ki, sənə ev verilib, mən nə hisslər keçirdim, onu bir Allah bilir… İnana bilmədim. Allah onlardan razı olsun! Çox böyük savab qazandılar.

Həyatdı, heç kim bilmir sabah başına nələr gələcək. Mənim atam vaxtilə Göycayda böyük vəzifə sahibi olub və kasıb-kusuba ev, torpaq bagışlayıb. Uşaqlıgımız çox firavan keçib. Sonradan onun qızı 20 il kirayədə çətinliklərlə yaşayıb, kirayədən qız köçürüb.  Deməli, mən sonradan həyatımda bu çətinlikləri yaşamalı idim ki, həyatın qədrini bilim, yolumu azmayım, dinimi-imanımı itirməyim.Yenə də Qurani-Kərimdən misal çəcəkəcəm: “Allah heş kimsəni daşıya bilməyəcətyindən artıq yükləməz” Bəqəqrə surəsi, 286-cı ayə.

 

-Belə götürəndə sakit, mehriban və sözsüz ki, gözəl və şirin xanımsız. Amma bir ara adınızın ətrafından qalmaqal əskik olmadı…

– Qalmaqal, dedi-qodu mütləq olmalıdır ki, sən dostunla düşmənini ayırd edə biləsən. Bəli, bir ara mənə qarşı ədəbi mühitdən böyük hücumlar oldu və sözsüz ki, bunu təşkil edənlər vardı. Onları tanıyıram və bu gün də görəndə onlara salam verirəm. Bu, ikiüzlülülk deyil. Öz salamımla, təbəssümümlə onları cəzalandırıram. Çünki Salam uca Allahın gözəl adlarından biridir.

-Çoxmu paxıllıgınızı çəkiblər?

-Alman filosofu Höte deyirdi ki, yalnız ata oglunun istedadına paxıllıq etmir. Zaman sübut edir ki, dogrudan belədir. Bir misal çəkəcəm. Mən İctimai televiziyada işləyəndə yazıçı Qılman İlkindən veriliş hazırlayırdıq. Evinə çəkilişə getmişdik. Doxsan yaşı olmasına baxmayaraq çox qıvraq idi. Qulaqları yaxı eşidir, gözləri yaxşı görürdü. Mən bunun səbəbini soruşduqda, dedi ki, mən heç vaxt paxıl olmamışam. Çünki paxıllıq insanı tez qocaldır. Dogrudan da, paxıl insanların rəngi bilinmir.

Ədəbi mühitdə paxıllıq coxdur. Şair şairi bəyənmir. Elə bilir təkcə özü şairdir. Beş-üç yazdıqlarını bütün məclislərdə söyləyirlər. Təzə bir şey yazın da. O şeirlərdən benzin iyi gəlir artıq.Yenisini yaz. Yeni fikir söylə. Gənc yazarlardan çox istedadlıları var, izləyirəm onları. Amma təəssüf ki, bəziləri təkrarçılıq yolu tutublar. Sərbəst şeirlərindən hansısa türk və digər şairlərin şeirlərinin qoxusu gəlir. Bu da ən asan yoldur. Şairlik deyil.  Şairin öz yolu, öz ürəyi, öz ilhamı olmalıdır! Birinə iradımı bildirdim, xoşuna getmədi. Gənc xanım yazarlardan Vəfa Mürsəlqızının şeirləri çox xoşuma gəlir. Elə hekayələri də. Orta nəsil yazarlarımız var, çox istedadlıdırlar. Amma bəzilərində həddindən artıq özünə vurgunluq var. Əsl yazıçıda bu olmamalıdır!

 

-Yenədəmi qəlbinizdə o sevgi var, Sübabə xanım?

İndi sevgim yalnız uca Allahadır! Həm də bu bir ayrı cür sevgidir.

Mən namaza keçəndən sonra anladım ki, nə qədər günahlarımız olub. Heç demə, çirkabın içində itib-batırıqmış. Bir hacının sözləri düşür yadıma: “Günahlarımızı bizə göstərsələr, özümüz özümüzü bagışlamarıq!”

-Müsahibəyə görə sag olun.

-Mən təşəkkür edirəm, Faiq müəllim! Sag olun, var olun!

Faiq Balabəyli

 

 

 

 

 

Share: