Mələklər bu qədər gözəl olammaz, Yer üzü, göy üzü qarışıq düşüb

Vasif SÜLEYMAN

MƏLƏKLƏR BU QƏDƏR GÖZƏL OLAMMAZ 

(Faiq Balabəylinin 1 yaşlı nəvəsi Dənizə)

İndi sən onunçün dünyada təksən,
Görürsən, çıxarır ömrün dadını.
Bəlkə də bilirdi sən gələcəksən,
Əvvəldən qoymuşdu DƏNİZ adını.

Artıbdır babanın ədası bir az,
Neynəsin, ömrünə bir işıq düşüb.
Mələklər bu qədər gözəl olammaz,
Yer üzü, göy üzü qarışıq düşüb.

Bu elə duyğu ki, bu elə hiss ki,
Bəlkə də verərdi nəzir –dünyanı.
Bu elə sevgi ki, elə dəniz ki,
Şəkli addım-addım gəzir dünyanı.

Kəsdiyi tikəsi, içdiyi suyu,
Bir ömür aldığı nəfəsi-dəniz.
Dəniz – sevgisiydi bir ömür boyu,
İndi də bir yaşlı nəvəsi – Dəniz.

İndi sən onunçün dünyada təksən,
Görürsən, çıxarır ömrün dadını.
Bəlkə də bilirdi sən gələcəksən,
Əvvəldən qoymuşdu DƏNİZ adını.

QIZIM SƏYALIYA
Gülər gözlərində tapdım xoş günü,
Çəkildi ağrım da, acım da, qızım!
Bu boyda şirinlik tapa bilmərəm,
Dünyanın o biri ucunda, qızım!

Nə möcüzə belə, nə sirr beləcə,
Ruhuma can verir səsin beləcə.
Nanə yarpağı tək əsir beləcə,
Ürəyim ovcumun içində, qızım!

Ayrı nə diləyim, ulu Tanrıdan,
Odur Yaradan da, odur yarıdan.
Yoxdu bir gileyim ağ gün sarıdan,
Sən də yanımdasan, bacın da, qızım!

DAHA MƏNDƏN SƏNİ UNUDAN OLMAZ
Axma göy üzünə, ay tifil bulud,
Səndən yağış yağmaz, özünü şax tut.
Nə xeyri, yüz denən unutma, unut,
Daha məndən səni unudan olmaz.

Hamı qərib olur dünyada, axır,
Qəriblər hərəsi bir qərib nağıl.
Ay zalım, başına özgə çarə qıl,
Daha məndən səni unudan olmaz.

Payıma nə düşər, umuddan özgə,
Nə gördük, küsüdən-umudan özgə?!
Sevənin mən olum, unudan özgə,
Daha məndən səni unudan olmaz.

Olmaz məndən başqa heç kim qurbanın,
Mənəm bu sevdanın düşkün qurbanı.
Ay yetim sevginin, eşqin qurbanı,
Daha məndən səni unudan olmaz.

Bəlkə tanımadın məni də gendən,
Alnımda qırışdan, saçımda dəndən.
Bu boyda igidlik gözləmə məndən,
Daha məndən səni unudan olmaz.

BU KÖRPƏ
İllər öncə qatarda yol yoldaşım olan
cavan bir ata körpə uşağı sakitləşdirmək
üçün tez-tez-ANAN İNDİ GƏLƏCƏK-deyirdi.
Sonralar mənə məlum oldu ki, doğulan gündən
anasını itirən körpəyə atası il yarımdır
ki, bu nimdaş təsəllini verir.

Laylasını ata çaldı, göynədi,
Nə dedisə, ona dedi bu körpə.
Göz açanda anasını görmədi,
Dil açanda “ana” dedi bu körpə.

Hələ nə var, yığa bilmir huşuna,
Belə ağrı çətin ötə, daşına.
Elə çəkir göy nimçəni başına,
Haçan görüb ana südü bu körpə…

Gəlib düşdü aralığa nəhs hardan,
Qulağını dəlib keçir səs hardan…
Hər dinəndə ana deyir, bəs hardan,
Hardan bilir, ana nədi bu körpə…

Böyüməyi dərd olacaq, ona dərd,
Dərdinmi var, Allah bundan yana dərd.
İndi girib qiyafəyə, dona dərd,
Sonra necə çəkər dərdi, bu körpə…

YAZMIŞAM
Bu mənəm, bir düşün, sınama yüz yol,
Sən məni gətirdin dinə, yazmışam.
Taledən yoluma çıxdığın günü,
Qismətə yazılan günə yazmışam.

Bu eşqin vüsalı olamı, bilməm,
Yolsuzmu çıxmışıq yolamı, bilməm.
Sən nəsən, sevgimi, bəlamı, bilməm…
Yazmaram demişəm, yenə yazmışam.

Söznən yaratmışam dövlət, varımı,
Sevdim səndən gələn intizarımı.
Bütün ömür boyu yazdıqlarımı,
Elə bilirəm ki, sənə yazmışam.

Share: