Məktəblər yalnız bu halda bağlana bilər – Baş infeksionist

İnfeksiyanın yayılması kütləvi hal alsaydı, o zaman məktəblərin bağlanması barədə düşünmək olardı. Virus ölkədə ancaq 3 nəfərdə müşahidə olunub və heç birində də ağırlaşma yoxdur.

Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus epidemiyasına görə ölkədə məktəblərin müvəqqəti bağlanması məsələsinə münasibət bildirərkən deyib.

C.İsayev qeyd edib ki, ağırlaşma qeydə alınmayıb, ölüm halı da yoxdur, virus da kütləvi halda yayılmayıbsa, məktəblər üçün narahatlığa əsas yoxdur:

“Bilirsiniz ki, bu virusun 15 yaşdan aşağı uşaqlarda müşahidə edilməsi halı çox aşağıdır. Ölüm halı isə ümumiyyətlə qeydə alınmayıb. Hazırda ölkədə 3 nəfərdə yoluxma halı qeydə alınıbsa, onlara görə məktəbləri bağlamaq düzgün deyil. Xüsusilə bu virus daha çox yaşlı şəxslərdə müşahidə olunur. 40 yaşdan yuxarılarda yoluxma var və ölüm halı isə əsasən 60 yaşdan yuxarı olanlarda qeydə alınır”.

İnfeksionist bildirib ki, ölüm halları qeydə alınarsa və bu, getdikcə artarsa, o zaman məktəblərin bağlanması mütləqdir:

“Təhlükə geniş miqyas alarsa, ölüm halları baş verərsə və yoluxanların sayı günbəgün artarsa, o zaman məktəblərdə dərslərin dayandırılması vacibdir. Bizdə hər qış mövsümü qrip yayılır. O, bundan da təhlükəli olur. Hətta elə olur ki, məktəblərdə uşaqların əksəriyyəti dərsə getmir. Belə çıxır ki, onda da dərslər dayandırılmalıdır?

Mən indiki halda məktəblərdə dərslərin dayandırılmasının tərəfdarı deyiləm və bir infeksionist kimi buna heç bir ehtiyac olmadığını hesab edirəm”.

 

Share: