“Sən Vətənə bənzəyirsən”…

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dənizçilərə Sosial Dəstək” İB-nin layihəsi üzrə çap olunmuş yeni poeziya almanaxı “Sən Vətənə bənzəyirsən” adlanır.

 

Toplu “Azərbaycan Silahlı Qüvvələrinə vətəndaş dəstəyinin artırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.


Kitabın Heydər Əliyev adına Azərbaycan Ali Hərbi İnstitutunda keçirilmiş təqdimat mərasimində də qeyd olunduğu kimi, burada tanınmış qələm sahiblərinin vətənpərvərlik ruhunda yazılmış şeirləri toplanıb. Xalq şairi  Sabir Rüstəmxanlı, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu, digər ünlü qələm sahiblərindən Rəşad Məcid, Musa Ələkbərli, Əbülfət Mədətoğlu, Məzahir Hüseynzadə, Şahin Musaoğlu, Yusif Nəğməkar, Kəmaləddin Qədim, Elçin Mirzəbəyli, Qəşəm Nəcəfzadə, Elçin İsgəndərzadə, Ramiz Qusarçaylı, İbrahim İlyaslı, Əkbər Qoşalı, Vasif Süleyman və başqalarının doğma Qarabağımıza, Zəfər Gününə, qalib xalqımıza, üçrəngli bayrağımıza həsr olunmuş örnək şeirləri gənclərin vətənpərvərlik tərbiyəsində mühüm önəm kəsb edir.


Layihənin rəhbəri, şair, “DSD“ İB-nin sədri, gəmi kapitanı Faiq Balabəyli mərasimdə bildirib ki,   bundan əvvəl də bu təmayüldə bir neçə kitab hazırlanıb. “Sən Vətənə bənzəyirsən” kitabı da xalqımızın möhtəşəm Zəfər salnaməsinə dəyərli töhfədir. Almanaxın nüsxələri hərbi kursantlara təqdim olunub.

 

Əli ƏLİYEV
 Xalq qəzeti

Share: