“Mənim saf, dürüst, poeziya dolu illərim ala quzunun nəfəsi ilə birgə havaya buxarlandı….”-Gülər Eldarqızı yazır…

Ala quzu
(Hekayə)
 
Mən çobanam. Sadəcə, çoban. İşimi çox sevirəm. Bu işi mənə atam sevdirib. Gözümü açandan onun yanında olmuşam. Sürüləri dağdan arana endirib, mövsümlərin şıltaqlıqları ilə rastlaşmışıq. Amma atamı sevmirəm. Qorxaq olduğuna görə. Fiziki cəhətdən çox güclüdür, sözünü isə deməyi bacarmır. Daha doğrusu, fikrini çatdıra bilmir. Niyə? Səbəbini bilmirəm. Onun dinməzliyi mənə də keçib. İnsan gözünü açanda, gördüyü mühitdə tərbiyə alır. Elə sona qədər də həyatını o xarakterlə davam etdirir. Mən atamdan bir az fərqliyəm. Yalanı, doğrunu görür, fikrimi deyirəm. Atam isə hər dəfə “Sakit dur, a bala, ağrımayan başımızı ağrıtma” deyir.
Poeziyaya böyük marağım var. Hətta şeirlər də yazıram. Yaxşı və ya pis olduğunu bilmədən, elə hey yazıram. Bu, mənim daxili aləmimdi, özümə aiddi. Sübh anı, günəşin doğması, duman- çən, üfüqdən gözlərimə saçılan bir dünya – bütün bunlar cızmaqaralarımdadı. Elə bil səhər erkəndən mən atamla birlikdə işləməyə yox, enerji toplamağa, ilhamımı qarşılamağa gedirəm. İşimi yazdıqlarımın sayəsində sevirəm. Çobanlıq aləmi bir ayrı aləmdi. Həyat da elə bil mənim üçün bu aləmin içində qurulub. Hər dəfə tütək çalıb, sürünü yaylağa aparanda, günəş də, ətraf da gözümə fərqli görünür. Bir az gülməli görünsə də, deyəcəyəm. Mənim təbiətlə yanaşı poeziya vurğunu olduğumu elə bil heyvanlar da duyurlar. İlham gələndə mən nəinki qoyun- quzu sürüsünü, az qala özümü də unuduram. Sakitliyə çəkilib yazıb-pozuram. Sürüdə ala bir quzu var. Vallahi- billahi, elə bil dil bilir. Mən yazanda o sürüdən ayrılıb mənə yaxınlaşır. Bir mənə, bir də əlimdəki dəftər- qələmə baxır. Bütün bunlar gülünc görünsə də yenə yazıram.
Hə, axı atamdan danışırdım. Atam pis insan deyil. Sadəcə, utancaq və çəkingəndir. Mən ona oxşamaq istəmirəm. Dəfələrlə sözümüz çəp gəlib. Elə bu gecə də belə oldu. Rayonumuzun İcra başçısının oğlunun toyuna görə bizdən yeddi- səkkiz ədəd cöngə, on quzu göndərməyimizi tələb etdilər. Narazılığımı bildirdim:
– Biz burada zəhmətlə, əziyyətlə işləyək, hazıryeyənlər əmr etsinlər? Olmaz belə. Peşkəş etmə. De ki, qiyməti budur. Gəlib özləri götürsünlər.
Atam isə üzünü bozartdı. Görünür gücü ancaq mənə çatırdı.
-Ay axmaq, biz burda kimik ki? Deyirlər göndər, göndərməliyik də,- dedi. Məni yandıran da o idi ki, çox sevdiyim, o ala quzu da siyahıda idi. Ürəyim elə sızlayırdı… Elə bilirdim o ala quzu ilə birgə mənim yazmaq qabiliyyətim, istedadım da gedir. Nə isə. Toy başa çatdı. Bir az insaflı imişlər. İki cöngə və iki quzu geri qayıtdı. İlahi, o sevdiyim ala quzu da qayıtmışdı. Gözlərimə elə sevincək baxırdı ki, sanki “Sən atan kimi qorxaq olma. Ayağa qalx, mərd ol, deyirdi. Həmin gün çox sevindim. Kin- küdurəti bir az unutdum. Əslində, elə çox danışmağıma fikir verməyin. Elə mən də atam kimi qorxaq, dinməzin biriyəm. Məsələn, mən öz sevdiyim qıza – ilk məhəbbətimə ürəyimi aça bimədim. Cəsarətim çatmadı. İndi o, özgə bir evin çırağını yandırır. Bundan sonra isə özümə söz vermişəm. Hansı qızdan xoşum gəlsə, düz qarşısında dayanıb, gözlərinin içinə baxa- baxa hisslərimi açıb deyəcəyəm. Razı olmasa, götürüb qaçıraram. Əsas odur ki, özümə inanım, sözümün ağası olduğumu sübuta yetirim. Eh, danışıram da. Hardadır məndə o cəsarət? Bakıya getməliyəm. Deyirlər şəhər adamı böyük edir. Şəraitə uyğunlaşırsan. Orada utanmaq, çəkinmək yoxdu. Sözünü bir başa söyləyə bilirsən. Yox, belə getsə, elə ömrüm boyu həyatımı atam kimi davam etdirəcəyəm. Bəlkə nə vaxtsa mənim də oğlum utancaq olduğuma, sözü içimdə boğaraq açıb deyə bilmədiyimə görə məni danlayacaq.
– Mən Bakıya getmək istəyirəm.
– Nə olub? Qoyun- quzu səni bezdirdi?
– Yox! Sadəcə, ürəyim sıxılır. Kütlə içinə çıxmaq istəyirəm.
– Nə deyirəm, etiraz etmirəm. Sərbəst olmaq istəyirsən. Amma hara gedirsənsə get, çoban olduğunu unutma. Bizim ata- babamız elə çobanlıqla, qəssablığla məşğul olub.
Axşam atamla söhbətimiz belə oldu. Çox sıxıldığımı görüb etiraz etmədi. Əmim Yasamalda yaşayırdı. Ona zəng vurdu. “Səhər Ceyhunu göndərirəm yanına. Ona bir iş düzəlt” dedi. Elə əmimin qəssabxanasına da mal- heyvanı biz göndərirdik. Əsas məsələ mənim hansı işlə məşğul olacağım yox, qalmaqallı, səs- küylü şəhərə gedib çıxa biləcəyim idi. İnanırdım ki, şəhər mənim təbiətimi dəyişəcək. Eşitmişdim ki, yolları enişi, yoxuşludur.
 
Saat 05.16. Qatar Biləcəri qəsəbəsinə yaxınlaşır. Yuxunun ən şirin vaxtıdır. Pəncərədən əksimlə birgə təkəmseyrək, yarıyuxulu ağaclar boylanır. Qatar asta-asta ötdükcə uzaqdan, ağacların arxasından göz qırpan işıqlar zülmət qış gecələrində səmada parlayan ulduzları xatırladır. Den Braun. “Rəqəmsal qala”. Demək olar ki, yol boyu bu romanı oxumuşam. 6.00 da “28 May” metrosuna endim. Əmim məni “İnşaatçılar”da qarşıladı.
 
Buranın uşaqları da fərqli idi. Məhəllədə futbol oynayırdılar. Amma bizim kənd uşaqlarından fərqli formada idilər. “Alə “filankəs, topu bəri atsana… Sənin kimini deyim, qapıda niyə düz durmursan? Tut da topu! Ayə sənin…
Tüklərim ürpəşdi. 10- 12 yaşlı bu uşaqlar elə bil od- alovdan yaranıblar. Heyifsləndim. Deməli, mən kənddə sürü otarıb, ecazkar təbiətdən doğan misilsiz gözəlliklərə şeirlər qoşarkən bunlar məktəbdə müəllimələrinə Ömər Xəyyamın qəzəlləri ilə başlayan eşq məktubları yazırmışlar, deyə düşündüm. Dərindən köksümü ötürdüm, amma sıxılmadım. Əsas odur ki, mən də bura – Bakıya gəlib çıxa bilmişəm. İşdən sonra əminəm ki, şəhəri gəzməyə də vaxtım olacaq. Kinoteatra gedib dedektiv, kriminal janrlarında filmləri də izləyəcəyəm. Nə qədər təkrar “Mitxun”nun filmlərinə baxmaq olar? Son vaxtlar gözlərim də “Cimi” kimi baxır.
– Hə, qardaşoğlu! Deməli, Bakıda yaşamağa qərar verdin. – Əmim əlini kürəyimə çırpdı.
– Bəli əmi, – utancaq halda dedim. – Bir az işləyim. Sonra kirayə ev barədə düşünərəm…
– Olar, olar. Niyə də olmasın? Sərbəst düşünən bir insansan. Necə istəyirsənsə, çalış həyatını elə də yaşa, – nə isə düşündü, qaşlarını çatdı. – Deməli belə. İş tezdən- dan sökülməmiş başlayır. Axşam kənddən heyvan gələcək. Sən obaşdan qalxıb onları kəsib hissələrə ayırmalısan. Özün bilirsən də, daha deməyə ehtiyac yoxdu. – gülümsədi.
– Əlbəttə! Heyvan parçalamaq mənim üçün iki vur iki…
– Ay sağ ol!
 
Dan yeri sökülməmiş yerimdən qalxdım. Əmimin qəssabxanası elə yaşadığı evin qarşısında idi. Heyvanları gecədən bəri içəridə – tövlədə bağlamışdı. Bir dana, bir quzu idi. Quzunu qaranlıq tövlədən ayırıb bəri gətirdim. Bıçaqları itilədim. Yaxınlaşanda isə ağ lampanın zəif işığında, bir cür tanış gözləri görəndə yerimdə quruyub qaldım. Ala quzu idi. Elə bil, yalvarıcı baxışlarla mənə baxıb “Qayıt kəndə, üfüqlər, yamaclar, şehli çəmənlər, dəftər, qələm bir də acizlik səni gözləyir” deyirdi. “Yox! Yox! Qayıtmaram. Heç vaxt”!
Gözlərimi ovuşdurdum. Bəlkə yuxudur deyə, ala quzunun burada olduğuna inanmaq istəmirdim. Düşündüm ki, atam bilərəkdən, mətanətimi yoxlamaq üçün bu quzunu şəhərə göndərib. Başqa cür ola bilməz. “Yox, ata. Yox. Mən sözümdə qüdrətliyəm. Elə bilirsən ki, ala quzunun o vaxt toydan sağ qayıtdığına uşaq kimi sevinib ağlayan oğlunam? Yox, ata! Bura şəhərdir! Milyonlarla insanların sirlərini ört- basdır edən şəhər. Dərhal bıçağı əlimə aldım. Ala quzunun başını birnəfəsə kəsdim. Qan fışqırıb üz- gözümə sıçradı. Aşağı baxdım. Ağzı yumulub- açılırdı. Göz bəbəkləri sanki quyunun dibinə çökürdü. Etdiyimə peşiman deyildim. Mənim saf, dürüst, poeziya dolu illərim ala quzunun nəfəsi ilə birgə havaya buxarlandı. Səmaya baxdım. Artıq dan yeri sökülürdü. İxtiyarsız, əllərimi yuxarı qaldırıb bağırdım. Səsimə yarıyuxulu şəhər səksəndi:
– Bakı! Dəli- dolu şəhər!
Gülər Eldarqızı
Share: