Luici Pirandellonun  “KÖHNƏ TANRI”-sı

 

Arıq qaməti üçün çox geniş olan kətan kostyum geyinmiş, əllərində açılmış çətir və nimdaş həsir şlyapa tutmuş donqar qoca olan sinyor Avrelio hər gün dincəlməyə özünün seçdiyi, heç kimin ağlına gəlməyəcək məkana yollanardı.

O, bu məkan haqqında düşünərkən əvvəlcədən həqiqi həzz duyaraq balaca əsəbi əllərini ovuşdurardı.

Kimi dağlara yollanır, kimi dənizə gedir, kimisə kənd cəzb edir, o isə Roma kilsələrini dolaşırdı. Doğrudan da, məgər kilsə meşədən sərin deyilmi? Məgər burada sükut hökm sürmürmü? Meşədə ağaclar varsa, burda da sütunlar var, meşədə ağacların kölgəsində dincəlirlərsə, kilsədə cənabi-Haqqın kölgəsi altında dinclik tapırlar.

— Nə edəsən? Dözmək lazımdır.

Vaxtilə onun Peruca yaxınlığında gözəl malikanəsi vardı. Sıx sərv ağaclarının əhatəsində, yumşaq mavi alatoranlıqda, möhkəm yaşıl budaqları suya əyilən salxım söyüdlərin kölgəsində yerləşən Vetti villasında bu evin bəzəyi olan, hamıda həsəd doğuran ən qiymətli incəsənət əsərləri toplanmışdı.

İndi isə o yalnız kilsələrdə dinclik tapa bilirdi.

— Nə edəsən? Dözmək lazımdır.

Artıq neçə ildən bəri Romaya köçsə də, indiyə qədər hətta ən məşhur kilsələri belə ziyarət etməyə macal tapmamışdı. Bu il bağ evinə getmək əvəzinə onları ziyarət edəcək.

Sinyor Avrelio özünün həyat yolunda ümidlərini, xəyallarını, sərvətini və bir çox başqa gözəl nemətləri itirmişdi. O, yalnız çıraq kimi həyatının həyəcanlı zülmətinə işıq saçan Tanrıya inamını qoruyub saxlaya bilmişdi. İllərin yükü altında beli əyilsə də, o, bu çıraqda yanan alovu son məyusluqların soyuq nəfəsindən var gücü ilə qoruyurdu.

O, həyatın burulğanlarında yolunu azaraq yalqız dolaşırdı və heç kimi maraqlandırmırdı.

—Eybi yox, Tanrı məni görür! — o özünə belə təsəlli verirdi.

Sinyor Avrelio buna o qədər əmin idi ki, Tanrının onun çırağının işığını gördüyünə elə ürəkdən inanırdı ki, hətta tezliklə öləcəyi fikri belə onda qorxu yox, təsəlli hissi   doğururdu.

Qızmar günəş şüalarının yandırdığı küçələr, demək olar ki, boş idi. Amma yenə də qarşısına çıxan hansısa bir dəcəl oğlan, yaxud dayanacaqdakı arabaçı onun daz kəlləsi işıldayaraq başıaçıq getdiyini, keçi saqqalının və boynuna düşən ağcaqanadlara qarşı boz çiyinliyinin yol boyu əsdiyini gördükdə özlərini zarafat etməkdən saxlaya bilmirdilər: “Bir bax, qocanın iki saqqalı var: biri qabaqda, biri arxada”.

Lakin sinyor Avrelio yayda şlyapa qoymağı xoşlamırdı. Qoca özü bu zarafata təbəssümlə cavab verərək, qeyri-ixtiyari addımlarını tezləşdirirdi ki, avara seyrçiləri onu lağa qoymaq imkanından məhrum etsin.

— Nə edəsən? Dözmək lazımdır.

O, həmin gün dinclik tapmaq üçün seçdiyi kilsəyə girdikdə ilk əvvəl artıq mənzil başına çatmasından həzz almaq istəyirdi, buna görə də oturacağa əyləşirdi.

Sonra rahatlıq hissi ilə nəfəs alıb üzünün tərini silir, burun dəsmalını səliqə ilə dörd qatlayıb başına qoyurdu ki, kilsənin nəmişliyindən qoruna bilsin.

Yalnız bu saatda tək-tük olan ziyarətçi qadınlardan biri oğrunca ona baxıb bu qəribə “baş örtüyü”nə gülürdü.

Lakin bu dəqiqələrdə sinyor Avrelio müqəddəs qübbələrin altında təntənəli sakit boşluqda hökm sürən buxur ətirli nəm havanı udarkən həqiqi həzz duyurdu.

Onun ağlına da gəlməzdi ki, burada, Tanrı məbədində ona gülməkdən həzz alan kimsə tapıla bilər.

O, bir qədər dincini aldıqdan sonra bütün günü bu məkanda keçirəcək insan kimi tələsmədən kilsəyə nəzər salırdı. Sevgi hissi ilə kilsə binasının quruluşunu  araşdırır, heç bir məqamı gözdən qaçırmırdı. Hər  sütunun, hər bir mozaikanın və freskanın, hər bir qəbir daşının qarşısında ayaq saxlayırdı. Sərrast gözü dərhal bu və ya digər incəsənət əsərinin aid olduğu dövrün və məktəbin xüsusiyyətlərini sezərək, onun ilkin vəziyyətdə qaldığını, yoxsa sonrakı bərpa nəticəsində korlandığını səhvsiz müəyyən edirdi. Sonra o, yenidən yerinə oturub ilin bu fəslində və bu saatda çox zaman olduğu kimi, kilsədə heç kimin olmadığına əmin olduqdan sonra özünün köhnə qeyd kitabçasını çıxarır və fürsətdən yararlanaraq, təəssüratları haqqında  tələm-tələsik qeydlər aparır, yaxud hələ aydınlaşdırılacaq sualları yazırdı.

Əvvəlcə marağını təmin etdikdən, bu gün üçün nəzərdə tutduğu incəsənət çalışmasını bitirdikdən sonra cibindən ölçüsünə görə dua kitabına bənzəyən   hansısa bir əyləncəli kitabça çıxarıb oxumağa başlayırdı. Arabir başını qaldırıb kitabda yazılanları özü üçün təkrarlayır, yaxud təsəvvüründə canlandırırdı. O, dünyəvi kitablar oxumaqla Tanrı məbədini təhqir etməkdən çəkinmirdi. Əqidəsinə görə hesab edirdi ki, şairlərin insanlara sevinc bəxş edən gözəl əsərləri Tanrını təhqir edə bilməz.

O, oxumaqdan yorulanda ya xəyala dalır, ya da gözlərini boşluğa zilləyib əllərini ovuşduraraq itirilmiş illəri yada salırdı. Bəzən arzularına qərq olaraq oturduqda ona elə gəlirdi ki, qonşuluqdakı qəbirüstü daşdan kiminsə sanki qəsdən kilsəni müşahidə etmək üçün burada qoyulmuş mərmər fiquru ayrılır.

Bu zaman o, başını yelləyib gülümsəyir və deyirdi:

-O-o, dostum, bəxtin gətirib. Ölü olmaq pis deyil, eləmi?

Yenidən qalxıb qəbirüstü daşda burada dəfn olunmuş insanın adını oxuyur, sonra isə yerinə qayıdır və mərmər heykəli nəzərdən keçirərək, onunla xəyalən söhbət edirdi:

—Bax belə, əziz İeronimus! Heyf ki, artıq kilsədə dəfn etməyə icazə vermirlər. Yoxsa burada, qonşuluqda özümə qəbirüstü daş ucaltmağı vəsiyyət edərdim, sən burada, mən də orada uzanıb bir-birimizə baxardıq, söhbət edərdik. Üzündən görürəm ki, abırlı insan olmusan, sən də öz dərdlərini mənə danışardın. Amma nə edəsən? Dözmək lazımdır. Amma yenə də ölü üçün kilsədən yaxşı yer yoxdur. Həm ətrafdan buxur ətri gəlir, həm də hər gün dua oxunur. Düzünə qalsa, məzarlıqda yağış bezdirir…

Amma hətta məzarlıqda dəfn etsələr belə, ölüm yalnız … azadlıq gətirir, sağlığında öz rifahını düşünməyənlər onu qətiyyətlə və deyinmədən qarşılamağa hazırlaşır.

Sinyor Avrelio axirət dünyasında özünə cəza gözləmirdi; o dünyaya yalnız həyatında son dəqiqəyə kimi bir dəfə də öz iradəsi ilə pislik etməməsi səbəbindən təmiz olan vicdanını aparmaq istəyirdi.Oxuduğu kitablardan, habelə havada dolaşan meyllərdən sinyor Avrelio elmin topladığı, ölümün din tərəfindən verilən işıqlı izahını qara buludlar kimi korlayan şübhələrə bələd idi və təəssüflənirdi ki, bu gün hətta özü kimi dindar insan üçün belə Tanrı artıq altı günə dünyanı yaradıb yeddinci gün dincəlməyə yollanan qüdrət sahibi ola bilməzdi.

O, səhər kilsənin girəcəyində zahiri görkəmi onu təəccübləndirən məzarçı ilə rastlaşdı. Bu, həm sıx saqqalı, həm də çiyinlərinə düşən, tağla ayrılmış uzun saçları ilə açıq-aşkar fəxr edən  nəhəng saqqallı yaraşıqlı qoca idi.  Lakin onun yalnız başı gözəl idi; donqar, cılız, qısa bədəni bu gür saçlı başı çətinliklə saxlayırdı. Həyat və ölüm haqqında düşünən, tərifli elm əsrimizdə insan ruhunun puçluğu haqqında acı düşüncələrə qərq olan, fikrində atalarımızın toxunulmamış etiqadının köhnə tanrısına üz tutan sinyor Avrelio tezliklə yuxuya getdi. Köhnə tanrı onun yuxusuna gəlmişdi, o, həmin məzarçı kimi böyük saqqallı tüklü başını çiyinləri üzərində çətinliklə saxlayırdı.Tanrı qocanın yanında oturub, yunan komediyasındakı heront kimi ona ürəyini boşaltmağa başladı:

-Pis zəmanədir, oğlum! Görürsənmi, nə haldayam. Burada boş oturacaqlara keşik çəkirəm.Arabir hansısa əcnəbi  gəlir. Amma onlar mənə görə gəlmirlər. Onları yalnız qədim freskalar və abidələr maraqlandırır. Bəzən yazıları yaxşı görmək üçün mehraba qalxırlar. Pis zəmanədir, oğlum! Yəqin, sən də eşitmisən, ya da təzə kitablarda oxumusan. Belə çıxır ki, mən, Tanrı heç nə etməmişəm, hər şey öz-özünə,  təbii yolla, tədricən yaranıb. Belə çıxır ki, sənə uşaqlıq illərində öyrədildiyi kimi əvvəlcə dünyanı, torpağı, hər şeyi mən yaratmamışam. Sanki mən heç nə etməmişəm. Başa düşürsən? Böyük duman…Kosmik materiya…Hər şey öz-özünə yaranıb.İndi deyəcəyim sözə güləcəksən.Deyirlər, bir alim bütün səmaları araşdırıb, sonra isə cəsarətlənərək deyib ki, mənim izimə rast gəlməyib. Özün söylə, miskin ürəyində mənim bir zərrəm də olmayan bu zavallının öz teleskopu ilə səmalarda məni necə axtardığını təsəvvür edə bilirsən? Lütfkar oğlum, insanların bu cəfəngiyyata necə inamla yanaşdıqlarını görməsəydim, ona ürəkdən gülərdim. Halbuki, hamını müqəddəs qorxu içində saxlamağım, insanlarla külək, qasırğa və ildırım dili ilə danışmağım hələ də yadımdadır.İndi isə onlar ildırımötürən yaradıblar.Artıq məndən qorxmurlar.Yağışa da, küləyə də, hər şeyə bir izah tapıblar, artıq məndən mərhəmət istəmirlər.Görünür, bu şəhəri tərk edib, bir kəndlə kifayətlənməli olacağam.Orada çox olmasa da, mənim iradəmdən kənarda bir yarpağın da ağacdan düşmədiyinə inanan təmiz kəndli qəlbləri tapılar.Onlar üçün əvvəlki tək yağışı da, gölləri də mən yaradıram. Gəl onların yanına gedək, oğlum! Görürəm ki, burada sən də sıxılırsan.Mənimlə kəndə Tanrıdan qorxan adamların, xeyirxah, zəhmətsevər adamların yanına gedək.

Bu sözləri eşitdikdə sinyor Avrelio ürəyinin sıxıldığını hiss etdi.Kənd! Onun arzusu! O, sanki artıq kənddə idi və möcüzəli kənd havası ilə nəfəs alırdı.Amma birdən hiss etdi ki, kimsə onu silkələyir. Gözlərini açanda heyrətlə gördü ki, canlı-qanlı Tanrı ata təkrarlayır:“Gedək, gedək…”.

Sinyor Avrelio yuxusunun gerçəyə dönməsindən çaşqın halda gözlərini bərəldərək mızıldandı:

—Axı mən nə vaxtdır ki…

Qoca məzarçı açarları cingildədərək dilləndi:

-Gedək, kilsəni bağlamaq vaxtıdır.

Tərcümə edən: İlham Əkrəmoğlu

Share: