Leyla Güləliyeva: “Məbləğin böyüklüyünə aldanıb əsassız iddialar səsləndirmək düzgün deyil”

Kulis.az “Azərbaycan” nəşriyyatının Baş direktoru Leyla Güləliyevanın APA-ya müsahibəsini təqdim edir.

– Leyla xanım, yeni təyinat yeni nəfəs deməkdir. Artıq bir ildir ki, bu postdasınız. Sizin “Azərbaycan” nəşriyyatı ilə bağlı hansı planlarınız var və artıq hansılar həyata keçirilib?

– Ümumiyyətlə, bir il çox qısa bir zamandır və “Azərbaycan” nəşriyyatının böyüklüyünü nəzərə alsaq, bu zaman daha da qısa görünür. Odur ki bu müddət ərzində bütün qüsurları aradan qaldırdığımızı deyə bilmərəm. Amma çoxlu işlər gördük və hazırda da bu işləri davam etdirməkdəyik. Onu da deyim ki, əslində, planlarımız çoxdur.

– Planlarınızı bizimlə bölüşə bilərsiniz?

– Əlbəttə! İlk olaraq, planımız və amalımız “Azərbaycan” nəşriyyatının adını və şöhrətini özünə qaytarmaqdır. O səbəbdən, bu binanı əsl sənət ocağı, media və çap mərkəzinə çevirməyi düşünürük. Burada incəsənət adamlarına, incəsənət xadimlərinə daha geniş formada yer verməyi, jurnalistlər, məktəbli və tələbələr üçün ustad dərsləri, seminarlar keçirilməsini istəyirik. Bu dərs və seminarlar gənclərə öz ideyalarını reallaşdırmaq üçün bir meydan yaradacaq, yol göstərəcək. Həmçinin dulusçuluq, qobelen və digər tətbiqi incəsənət növləri üzrə dərnəklər yaratmaq da planlarımızda var. Eyni zamanda, sərgilər və təqdimatlar üçün məkanlar, müasir kitabxana da dediyimiz planların bir hissəsidir.

Yeni nəşrlərə gəldikdə, deyə bilərəm ki, “Azərbaycan qoruqları və milli parkları” adlı kitablar seriyası dərc etməyi düşünürük. Həmin seriyadan ilk kitab artıq hazır olmaq üzrədir və yəqin ki, gələn il işıq üzü görəcək. Həmçinin uşaqlar üçün də yeni kitablar nəşr etməyə hazırlaşırıq, müvafiq layihələr üzərində bu gün də iş aparılır.

Gördüyünüz kimi, planlar çoxdur, çalışacağıq ki, onları reallaşdıraq.

– Bütün bunları həyata keçirmək üçün haradan başlamaq lazımdır? Və ümumiyyətlə, başlanılıbmı?

– Bəli, layihələr var və biz onların üzərində sistemli şəkildə çalışırıq. Nəşriyyatın binasının durumu göz qabağındadır, bina çox köhnəlib. Hələ ki, çalışırıq buranı öz gücümüzlə düzəldək, pis-yaxşı ayaqda tutaq.

– Nəşriyyatın binasında nəşriyyatla heç bir əlaqəsi olmayan ofis və mərkəzlərin fəaliyyət göstərildiyi deyilir.

– İndi bunların heç biri yoxdur. Hazırda burada ancaq sənət və media adamları, nəşrlə bağlı çalışanlar və çap mərkəzləri fəaliyyət göstərir. Bilirsiniz, “Azərbaycan” nəşriyyatının 100 illik tarixi var. Bura sanki bir kitabdır. Biz artıq o səhifəni çevirdik, vəssalam, keçmişdə olanlar qaldı digər səhifədə. Yəni bundan sonra o mövzulara qayıtmaq lazım deyil.

Yox, siz dediniz ki, artıq dediyiniz ofislər fəaliyyət göstərmir. Ona görə də o sualı verdim ki, yəni bu haqda davamlı yazılar yazılırdı.

– Aydındır, sizi başa düşürəm və deyirəm ki, indiki halda, onlar burada yoxdur. Əlbəttə ki, nəşr işinə yad olan sahələrdə fəaliyyət göstərənləri bir günün içində çıxarmaq mümkün deyildi, biz bu işi mərhələli şəkildə apardıq. Yekunda burada ancaq sənət adamları, mediaya aid ofislər qalıb. Sənət ona görə deyirəm ki, çünki bura media və sənət mərkəzidir.

– Leyla xanım, “Azərbaycan” nəşriyyatının adının çəkilməsi insanlarda qəribə təəssüf hissi doğurur. Çünki bina 90-cı illərdəki nüfuzunu itirmiş vəziyyətdədir. Bunun da əsas səbəbi media orqanlarının getdikcə buradan uzaqlaşması, əlaqədar olmayanların binaya gəlməsi idi. Ümumiyyətlə, nəşriyyatın direktoru olaraq, nə düşünürsünüz: buranın əvvəlki nüfuzunu necə qaytarmaq olar?

– Əlbəttə ki, bayaq da qeyd etdiyim kimi, bu, bizim başlıca vəzifəmizdir. O səbəbdən də, binada sırf bu sahədə çalışan adamlar olmalıdır: kim gəldi, necə gəldi, gəlib burada otura bilməz. Bina çap və media mərkəzidir və bu sahədə fəaliyyət göstərənlər üçün açıqdır. Nüfuzu qaytarmaq məsələsinə gəlincə isə, bu asan və qısa zamanda baş verə biləcək bir şey deyil. Bunun üçün zaman lazımdır. Hesab edirəm ki, biz nəzərdə tutduğumuz planları həyata keçirə bilsək, yavaş-yavaş o nüfuzun da qayıtmasına nail ola bilərik.

Sizə açıq deyim, hazırda bizim binada yer yoxdur, yerlərimiz dolub. Yəni binanı sırf dediyimiz sahəni əhatə edən ofislər tamamilə doldurub. Məsələn, Fotoqraflar Birliyi var, onlar uzun illərdir məkan tapmırdılar, həmişə kiminsə emalatxanasında fəaliyyət göstərirdilər. Artıq onlar da bizim binamızdadırlar, burada seminar və dərslərini, ümumiyyətlə fəaliyyətlərini davam etdirirlər.

– 9 mərtəbəli binada artıq yer yoxdur?

– Bəli. Yəni söhbət istifadəsi mümkün olan otaqlardan gedir. Həmin yararlı otaqlarımız artıq doludur.

– Leyla xanım, ümumiyyətlə, sizcə, bundan sonra “Azərbaycan” nəşriyyatının binasını Azərbaycan mətbuatının mərkəzinə çevirmək real görünür?

– Siz mərtəbələri gəzsəniz, onsuz da mətbuat mərkəzi ab-havasını hiss edəcəksiniz. Binada kifayət qədər media orqanları, saytlar, qəzet redaksiyaları və digərləri var. Yəni buranı başqa cür necə mərkəz edək ki? (gülür) Və onu da qeyd edim ki, biz bura gələndən heç bir redaksiya binadan ayrılmayıb.

– Nəşriyyatın binası acınacaqlı vəziyyətdədir. Bunu bayaq özünüz də qeyd etdiniz. Ümumiyyətlə, binanın təmiri məsələsi gündəmdədirmi?

– Bilirsiniz, təmir məsələsi hər zaman gündəmdədir. Amma özünüz də görürsünüz ki, bina çox böyükdür və təmirinə xeyli miqdarda vəsait lazımdır. İnanıram ki, yaxın zamanlarda təmiri də nəzərdə tutular.

– Müraciət edilibmi?

– Yox, edilməyib. Sizə açıq deyim ki, hazırda təmir işləri sırf öz gücümüzə aparılır. Yəni nə edə biləriksə, onu etmişik. Həyətdə bəzi təmir-bərpa işləri aparmışıq. Yəni, dediyim kimi, bunlar hamısı xırda cari təmirlərdir və onları öz hesabımıza edirik.

Həmçinin yeni çap avadanlıqları alınıb, artıq istifadədə olanlar təmir edilib.

– Bayaq dediniz ki, buraya təkcə media sahəsi ilə məşğul olanları deyil, eyni zamanda, incəsənət sahələri ilə məşğul olanları da cəlb edirsiniz. Ümumiyyətlə, nəşriyyatda əvvəllər belə şey olub?

– Bəli, əvvəllər rəssamlar, heykəltəraşlar olub. Və bunun özü, fikrimcə, çox gözəl haldır. Sənət adamlarının birlikdə olması yeni-yeni ideyaların yaranmasına təkan verir. O baxımdan, gələcək üçün planlaşdırmışıq ki, burada emalatxanası olan rəssamlarla ustad dərsləri keçirək, uşaq və böyüklər üçün seminarlar təşkil edək. Bilirsiniz, əslində, insanlarda maraq var, sadəcə məkan yoxdur, gedəcək yer yoxdur. Biz də düşünürük ki, bu şəraiti onlara yaradaq. Hətta biz istəyərdik ki, təqaüdə çıxan adamlar belə gəlib bu incəsənət seminarlarına qatılsınlar. Dünyada oxşar təcrübə var.

– Mediada kifayət qədər bu yöndə yazı var ki, nəşriyyatın binasında elə redaksiyalar, elə media orqanları yerləşir ki, nəyə xidmət edirlər, nə işlə məşğuldurlar, bilinmir.

– Nihat bəy, ona biz cavab verə bilmərik. Nəşriyyat onlara sadəcə işləmək üçün məkan verir, meydan yaradır. O adamlar bu binaya mətbuat işçisi olaraq gəlir, müraciət edir. Bizim boynumuza düşən vəzifə onlara məkanı verməkdir. Onlar nə yazacaq, onları kim oxuyacaq, iş prinsipləri nə cür qurulacaq – bu sualların ünvanı biz deyilik.

– Siz gəlməmişdən öncə binanın ayrı-ayrı redaksiyalar tərəfindən özəlləşdirilməsi məsələsi gündəmdə idi. Hansı ki xarici ölkələrdə də bu təcrübə var. Lakin söhbət sonradan səngidi.

– Bura, ümumiyyətlə, dövlət qurumudur. Bu bina dövlət balansındadır. Hesab edirəm ki, burada özəlləşdirmə deyə bir şey ola bilməz.

– Gürcüstanda var, məsələn.

– Elə bir dənə Gürcüstanda var, başqa haradadır?

– İkinci də bizdə olsun. Olmaz? Həm də həmin özəlləşdirən redaksiyalar öz paylarına düşən hissəni təmir edərlər.

– Mən bu söhbətdən, ümumiyyətlə, uzaq idim, heç eşitməmişdim də. Buraya gəldikdən sonra mənə deyildi ki, belə bir söhbət var. Amma bunun mümkün ola biləcəyini düşünmürəm. Təsəvvür edin, hansısa nazirliyin binasını ayrı-ayrı qurumlara verəsən. Bu, mümkün deyil. Təmirə gəldikdə isə, dediyiniz şərtlər daxilində bu boyda binanın təmiri mümkünsüzdür. Onsuz da hər hansısa bir redaksiya daha yaxşı təmir istəyirsə, edir.

– Onda belə çıxır ki, sizə məkan üçün müraciət edən redaksiya təmiri öz hesabına edir?

– Yox, biz həmin redaksiya istifadə edilə bilən otaq veririk. Yəni normal şəraitli. Amma istəyən otağın rəngini dəyişər, pəncərəni dəyişər, divar kağızı vurar və s. Bura ofisdir, bura ev deyil, şəxsi otaq deyil, bura dövlət idarəsidir. Bu səbəbdən, siz nə istəsəniz, edə bilməzsiniz, təbii.

Amma bəzən olur ki, deyirlər, bizə tam təmirsiz otaq verin. Məsələn, studiya qurulur və o studiyanın konsepsiyasına uyğun təmir olmalıdır. Biz də elə olanda otağı təmirsiz veririk.

– Bütün mərtəbələrdə internet və işıq sistemi var?

– Var, bəli. Bütün mərtəbələrdə internet, işıq, su və istilik sistemi var. Köhnə də olsa, hər şey var yəni. (gülür) Və onu da qeyd edim ki, binada 60-cı ildən bu yana heç bir təmir işi aparılmayıb.

– Leyla xanım, “Azərbaycan” nəşriyyatının Azərbaycan mediası üçün funksionallığını necə qiymətləndirirsiniz?

– Dövlət qəzetləri burada çap olunur və bizim çapımız da yüksək keyfiyyətdədir. Dünyadakı ən gözəl qəzet çaplarından biridir hətta. Bu, birmənalıdır. Çünki avadanlıqlarımız dünyanın ən yaxşı avadanlıqlarından biridir. Digər qəzetlər də burada çap olunur.

– Qəzet və qəzetçilik 21-ci əsr üçün nə dərəcədə aktualdır? Bu qədər sosial şəbəkə və saytların meydan suladığı vaxtda qəzet oxunurmu?

– İnanın ki, oxunur. Sözün açığı, mən də sizin kimi hesab edirdim ki, oxunmur. Amma bura gəldikdən sonra gördüm ki, oxunur. Doğrudur, 30-40 il əvvəlki ilə nisbətdə azdır, bunu tiraj sayı da göstərir. Məsələn, bir vaxtlar 100 min tirajla buraxılan qəzet bu gün 7-8 min tirajla buraxılır. Bu da təbiidir. Özünüz də qeyd etdiyiniz mənbələrdən informasiyadan almaq daha çevik və rahat olur. Qəzetlər gecə çap olunur və baş verən hadisədən ancaq səhər xəbər tutmaq olur – xəbər aktuallığını itirdikdən sonra. Amma bunlara baxmayaraq, bütün dünyada qəzet çap olunur. Lazım olmasaydı, çap olunmazdı. Nə saytlar, nə sosial şəbəkə, nə də ki, elektron kitablar qəzetçiliyin yerini verir. Niyə? Çünki onlar bir saniyənin içində yox ola, silinə bilər. Ya səhvən, ya bilərəkdən, fərqi yoxdur. Yazılı mətn daha etibarlıdır. Yüz il bundan əvvəl hansısa qəzetdə nə yazılıbsa, bu gün onu olduğu kimi tapıb oxumaq olar. Amma yüz il sonra bu gün saytda yazılan hansısa xəbərin itməyəcəyinə heç kəs əmin ola bilməz. Çap məhsulu əbədidir. İnsanlar da zaman-zaman çap məhsuluna qayıtmaqdadır. Ümumiyyətlə, qəzet olsun, kitab olsun, vərəqlənəndə verdiyi hiss nəyə desən dəyər.

– Bayaqdan qəzeti müdafiə edirsiniz. Maraqlıdır, bu vəzifəyə gələnə qədər qəzet oxuyurdunuz?

– Mən sizə səmimi deyəcəyəm: hər gün, sistematik şəkildə qəzet oxuyan olmamışam. Ancaq, əlbəttə ki, vaxtaşırı oxumuşam, məlumat almışam, çünki bizim evdə hamı qəzet oxuyurdu və günü bu gün də oxuyur. Bir növ, qəzet oxunan mühitdə böyümüşəm.

– Bəs indi?

– Yox, indi başqadır axı. İndi hər gün oxuyuram, vərəqləyirəm, göz gəzdirirəm. Yəni işin tələbi budur: çapına, dizaynına, keyfiyyətinə və digər. İnformasiyanın əksəriyyətini isə internet vasitəsilə alıram. Bu, həqiqətdir.

– Qəzet kağızlarının keyfiyyəti necə, qaneedicidirmi?

– Keçən ilin 1 oktyabrından mən ancaq qəzet kağızının keyfiyyəti ilə maraqlanıram və biz onun yaxşılaşdırılmasına çalışırıq. O səbəbdən, dünyadakı bütün qəzet kağızları istehsalçılarından nümunələr almışıq. Nəticə etibarilə, bugünkü qəzetlərimiz keyfiyyətli kağızlardan çap olunur. Və bundan yaxşısı olacaqsa, onu da əldə edəcəyik. Azərbaycan qəzetləri dünyanın ən yaxşı qəzet kağızında çap edilməlidir. Siz özünüz də baxın, keyfiyyət, kifayət qədər yaxşıdır. İstifadə edilən boyalar da standartlara cavab verir.

– Ümumiyyətlə, nəşriyyat kağız qıtlığı yaşayıb?

– Yox, mən bu vəzifəyə təyin olunandan burada belə bir hal olmayıb. Əvvəl olubsa, onu deyə bilmərəm.

– Kağızın qiyməti məsələsi necə, sizi qane edirmi?

– Əlbəttə, etmir. Amma bu problem təkcə bizdə deyil. Kağız dünyada çox-çox bahalaşıb. Eyni zamanda, bizdə də. Tək qəzet kağızı deyil, bütün növ kağız məmulatı, ən azı, iki dəfə bahalaşıb. Səbəbini bilmirəm, amma bəzən deyirlər, Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədardır. Mən bu fikirlə razı deyiləm. Çünki bu artım münaqişədən də öncə olmuşdu.

– Kağızın bahalaşması qəzetin qiymətinə təsir edir?

– Yox. (gülür) Bu, ancaq bizə təsir edir.

– Bəs kağız üzərindən ƏDV-nin götürülməsi necə təsir elədi?

– Bu, olduqca yaxşı qərardır. Əgər götürülməsəydi, bahalaşma ilə birlikdə çox böyük bir rəqəm alınacaqdı. ƏDV-nin götürülməsi çap məhsullarının istehsalına birbaşa dəstəkdir. Buna görə də bu təşəbbüsü göstərənlərə bir daha təşəkkürümüzü bildiririk.

– Leyla xanım, özünüzü bu vəzifədə necə hiss edirsiniz? Nəzərə alsaq ki, sizdən gözlənti böyükdür.

– Birinci növbədə, çox böyük bir məsuliyyət hiss edirəm. Bütün dövlət qəzetlərinin burada çap olunması, hesab edirəm ki, kifayət qədər ciddi bir məsuliyyətdir. Biz də çalışırıq ki, bunun altından layiqli şəkildə çıxaq, işin öhdəsindən gələk.

– Qəzetlərə ayrılan maliyyə məsələsi tez-tez müzakirələrə səbəb olur. Siz necə düşünürsünüz?

– Bilirsiniz, bu cür fikir və iddialar əsassızdır. Vəsait ayrılır və konkret formada çapa xərclənir. Bütün bu proses şəffaf şəkildə həyata keçirilir. Və o xərcin böyük qismi, birmənalı olaraq, kağıza xərclənir. Yəni məbləğin böyüklüyünə aldanıb bu cür əsassız iddialar səsləndirmək doğru deyil.

– Bu, son sualımdır və sırf mənim özümə maraqlıdır deyə, soruşuram. Siz qəzet və qəzetçiliyin içində olan bir adam kimi təmirə bağlanmış hansısa bir ofisin şüşələrinə yapışdırılan, yaxud, ümumiyyətlə, tamamilə ayrı məqsədlər üçün istifadə edilən qəzet vərəqləri görəndə nə hiss keçirirsiniz?

– Bu, normal bir haldır. Və bu proses bütün dünyada da eyni cürdür. Qəzet bu gün buraxıldı, oxundu, vəssalam. Bir hissəsi arxivlərdə qalır, yaxşı bəs qalan hissəsi necə olsun? Yəni onu nə edək? Yaxud alıb oxuyan adam nə edə bilər? Kimisə buket düzəldir, kimisə meyvə yığır, kimisə dediyiniz kimi təmirdə istifadə edir, bütün bunlar normaldır. Və bunun özü də, bir növ, reklamdır. Mən burada qəribə nəsə görmürəm. Bu, qəzetə marağın azalmasından doğan bir nəticə kimi təqdim olunmamalıdır. Və bu, qətiyyən qəzetə və qəzetçiliyə hörmətsizlik deyil.

Share: