Lavrov Müqəddəs Məryəm kilsəsini ziyarət etdi

Azərbaycanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Bakı şəhərindəki Müqəddəs Məryəm Mövlud kilsəsini ziyarət edib, burada aparılan bərpa işlərinin gedişi ilə tanış olub.

Müstəqil.Az xəbər verir ki, Rusiya XİN-in rəhbəri bu məbədin binasının 1896-cı ildə xeyriyyə vəsaitləri hesabına inşa edilməsi barədə məlumatlandırılıb. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra kilsənin fəaliyyəti dayandırılıb, onun binasından kazarma kimi istifadə edilib.

Qeyd olunub ki, 1944-cü ildə Müqəddəs Məryəm Mövlud kilsəsi yenidən öz qapılarını dindarların üzünə açıb. 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə məbəddə genişmiqyaslı bərpa işləri başlanıb.

Rusiya XİN rəhbəri və Rusiya nümayəndə heyətinin üzvləri kilsənin inzibati binasında da olublar.

Müstəqil.Az

Share: