Laçındakı xəzinənin açaları… — Fotolar

– Ağdamdakı evimiz…

– Laçındakı evimiz…

– Şuşadakı evimiz…

İllərdir şəxsən tanıdığım və tanımadığım məcburi köçkünlərdən bu ifadələri eşitmişəm. Kim bu barədə danışıbsa, dağıdılmış, xarabarlığa çevirilmiş, mənzilinin yerində qalan bir neçə daş parçasına “evimiz” deyib.

Evi ola-ola evsiz qalmağın müsibətini görmüşük…

30 il keçməsinə baxmayaraq, nə o evlərin ünvanı unudulub, nə də telefon nömrələri. Azad olunandan sonra, kim ünvanına baş çəkibsə, evini külündən, hisindən, pasından tanıyıb.

Hətta o evin “kupça”sını indiyədək özündə saxlayanlar da var. Kimisi də yurd-yuvasından didərgin salınanda, qapısını bağlayıb, açarları da özüylə götürüb.

“Nə vaxtsa qayıdacağıq” deyib…

İllər keçdikdə, məcburi köçkünlüyün yubileyləri qeyd olunduqca, çəkisi bir neçə qram olan bu açarlar ağır yükə çevrilirdi.

Kilid üzünə həsrət qalan açarlar da köçkünlüyü yaşayırdı…

Amma heç vaxt dəyərini itirmirdi, dəmirdən olsa belə… 

Ən dəyərli xəzinənin açarları kimi bunu özündə saxlayanlardan biri də Vəliyevlər ailəsidir. Onların evi Laçın şəhərində olub, Nəsimi 29 küçəsində. 92-ci ildə doğma yurdlarından didərgin düşən ailə, illərlə Bakıda yataqxanada yaşayıblar. Qarabağda doğulan ailə başçısı Vəliyev Əsədin son mənzili Qaradağ olub. Bir hərf fərqi ilə insanın doğulduğu yerlə vəfat etdiyi yer arasına kilometrlərlə məsafə düşüb.

Ağır itkilər yaşayan ailənin “Nə vaxtsa qayıdacağıq” ümidi 2023-cü ildə gerçəkləşir, dəqiq tarix bəlli olur.

Ailənin ağbirçəyi Kərimova Şəfəqə “Böyük Qayıdış” proqramı çərçivəsində Laçında bərpa olunan yeni evin, xəzinənin açarları təqdim olunur.

Yeni ünvan: Laçın şəhəri, 22 saylı ev…

Emin Səfərov


Share: