“Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən”

“Qanun” Nəşriyyatında Cənub bölgəsinin gizli qalan tarixini işıqlandıran “Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən” adlı kitab nəşr olunub.

Bu haqda Müstəqil.Az-a kitabın tərtibçisi, Rusiyada yaşayan tanınmış yazıçı-tərcüməçi Gündüz Araz məlumat verib.

“Kitabın müəllifi Mirzəqulu kişi 1904-cü ildə Cəlilabad rayonunun Ləzran kəndində doğulub və 2002-ci ildə bu kənddə vəfat edib. Yeniyetməlik yaşlarında oxuyub yazmağı öyrənən Mirzəqulu kişi şahidi olduğu hadisələri, həmçinin, mötəbər şəxslərdən eşitdiyi ən müxtəlif əhvalatları yazıya almağa başlamışdır. Bu yazıların toplandığı əlyazmalarda Güney bölgəsinin, xüsusilə də, Cəlilabad-Yardımlı rayonlarının, həmçinin otay Azərbaycanın bu əraziyə bitişik bölgələrinin tarixi hadisələri qələmə alınmışdır. Mirzəqulu kişi  şahidi olduğu və eşitdiyi xatirələrə əsasən qələmə aldığı əlyazmasında Sovet hakimiyyətinin qurulması zamanı baş verən qanlı hadisələrdən söz açır, daha sonra kollektivləşmə, İkinci Dünya müharibəsi, müharibədən sonrakı illərdə şahidi olduğu əhvalatları ətraflı şəkildə işıqlandırır. Əsər bir də ona görə dəyərlidir ki, rəsmi tarix kitablarından fərqli olaraq, tərəfsiz mövqeyi olan, həmçinin, özü hadisələrdə iştirak edən şəxsin dilindən danışılır və tarixi hadisələr, siyasi rəng verilmədən, olduğu kimi təsvir olunur. Bu kitabı, doğulub böyüdüyümüz bölgənin tarixini öyrənmək, soy-kökümüzə daha dərindən bələd olmaq üçün çox mahir bir bələdçi hesab etmək olar.  Oxucularımızı belə bir bənzərsiz kitabla tanış olmaq fürsətini qaçırmamağa səsləyirik”.
Müstəqil.Az

Share: