Lənkəranın ucqar kəndində daha bir problem öz həllini tapdı

İki ildən çoxdur ki, dünya koronavirusla mübarizə aparır. Pandemiya zamanı karantin və vaksinasiya kimi önləyici tədbirlərlə yanaşı, su və təmizlik kimi ehtiyacların təmin edilməsi pandemiya ilə mübarizəmizin önəmli hissəsi olub. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının bir hissəsi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti çətin reyləflərdə yaşayan insanlara müxtəlif yardımlar göstərir. Bu yardımlardan biri də Lənkəran rayonunda həyata keçirilib. Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının tərəfdaşlığı və USAID-in maddi dəstəyilə daha çox insanın təmiz suya ehtiyacını qarşılamaq üçün Ələzəpin orta məktəbinin həyətində su anbarının və təmiz su boru xəttlərinin təmirini bitirib.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Beynəlxalq Qızıl Xaç Hərəkatı (BQXH) öz üzvləri və könüllülər vasitəsilə dünyanın dörd tərəfində müxtəlif çətinliklərlə qarşılaşan, onlarla mübarizə aparan insanlara təmənnasız yardım göstərirlər. Bu humanist addımla onlar yüz minlərlə insana yardım ediblər. Pandemiya dövründə də onlar mütəmadi olaraq Azərbaycanın ən ucqar nöqtələrində, sərt coğrafi relyeflərdə müxtəlif çətinliklərdən əziyyət çəkən insanların problemləri ilə maraqlanıb, onlara kömək ediblər.

Lənkəranın Alazəpin kəndinin sakinləri də uzun illərdir ki, təmiz su problemindən əziyyət çəkir.  Xüsusilə Alazəpin kənd orta məktəbinin şagird və işçi heyəti bu problemi daha çox yaşayanlardandır.  Üstəlik, hər il soyuq və sərt qış şəraiti bu çətinliyi daha da artırırdı. Kənddə məktəb tikildiyi vaxtdan, yəni, 1950-ci ildən bu yana öz həllini tapmayan təmiz su problemi Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının birgə dəstəyi, həmçinin USAID-in maddi dəstəyi ilə nəhayət ki, öz həllinə qovuşa bildi. Hazırda onların təşəbbüsü ilə 1200 metr məsafədən təmiz bulaqdan axan suyun, yeni su xətləri ilə məktəbin həyətinə qədər çəkilməsinə nail olunub. Məktəbin su anbarının və təmiz su xətlərinin tam təmiri isə su probleminin birdəfəlik həllinə yönəlmiş addımdır. Alazəpin kənd orta məktəbinin direktoru Peyman Məmmədlinin sözlərinə görə, məktəb tikildiyi vaxtdan yaranan və uzun illərdir həllini tapmayan su problemi həm içməli suya, həm də məktəbin təmizliyinə olan tələbatı ödəmirdi. Kənddə qış aylarının uzun və sərt keçməsi müəllimlərin və şagirdlərin əziyyətini daha da artırırdı. Ən çətin məqam isə o idi ki, şagirdlər və təmizlik işçiləri qablarla soyuq havada uzaq məsafələrdən su daşımağa məcbur olurdular. O, həmçinin bildirib ki, AzQAC, BQXH və USAID-in dəstəyi ilə uzaq məsafədən məktəbin həyətinə çəkilən və mütəmadi axan təmiz su, təkcə gigiyena və içməli su problemini həll etməyib. Məktəbdə baş verə biləcək yanğın fəlakətlərinə də vaxtında müdaxilə etməyə kömək edir.  Peyman Məmmədli, həmçinin bildirib ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti pandemiya dövründə bütün şagird və müəllim heyətini daim tibbi ləvazimatlar və maska ilə təmin etmişdir. Məktəbin müəllimləri isə təşəkkür etməklə bərabər bildirirlər ki, məktəbin həyətinə qədər çəkilən təmiz bulaq suyu kənd sakinlərinin də köməyinə çatıb, onların da su olmadığı vaxtlarda buradan istifadəsinə kömək edib.

Alazəpin kənd orta məktəbinin müəllim və şagirdləri uzun illərdir davam edən içməli su probleminin birdəfəlik həllində təşəbbüs göstərən beynəlxalq qurumlara öz minnətdarlıqlarını bildiriblər. 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Hərəkatı, Qızıl Aypara Cəmiyyətləri Federasiyası yenə də dayanmadan öz humanist və xeyirsevər niyyətləri ilə Azərbaycanın ən ucqar nöqtələrində həllini tapmayan problemlərə əl uzatmağa davam edirlər.

Qeyd edək ki, AzQAC tərəfindən göstərilən humanitar xidmətlər və hüquqi hərəkətlərin rəqəmsallaşdırılması məqsədi ilə yaradılmış “YARDIM.ET” adlı İanə İdarəetmə Sistemi fəaliyyət göstərir. Bu sistem çərçivəsində HÖP, ASAN PAY, SMS, MilliÖn, eManat, hesab.az, bank kartı və s. kimi vasitələrlə ianələrin toplanması və idarəolunması həyata keçirilir. Toplanmış ianələr ehtiyaclı insanlara müvafiq humanitar yardımların edilməsinə yönləndirilir və heç bir kommersiya və gəlir məqsədi daşımır.

https://www.youtube.com/watch?v=xoPFmVvjVvE


Share: