Lənkəran Dövlət Universitetində “Yeni il  karnavalı”.

Lənkəran Dövlət Universitetində  (LDU) 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2019-cu il münasibəti ilə möhtəşəm “Yeni il karnavalı” keçirilib.Lənkəran Dövlət Humanitar kolleci  ilə birgə  keçirilən bayram  tədbirini  LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və bütün iştirakçılara xoş bayram arzularını çatdırıb.Universitet rəsmisi başa çatmaqda olan ilin yekunlarından, 2019-cu ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yeni il tədbirində 2018-ci ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə fəxri-fərmanlar təqdim edilib.

Şaxta baba və  Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şux ,  şaqraq mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yaddaqalan olub, iştirakçılara xoş bayram əhval ruhiyyəsi bəxş edib .Bir neçə saat davam edən karnavalda Lənkəran Dövlət Universitetinin və Lənkəran Dövlət Humanitar Kollecinin istedadlı tələbələri maraqlı  konsert proqramı nümayiş etdiriblər.

Sonda  professor Natiq İbrahimov tədbirin təşkilatçılarına,maraqlı musiqi nömrələri ilə çıxış edən   gənc istedadlara  minnətdarlıq bildirib.

Qeyd edək ki, yeni il və 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Lənkəran Dövlət Universiteti  bütün kollektivinə pul mükafatları verilib.

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 

Share: