Kuleba: “Ukrayna səfirlikləri diplomatlara hədə-qorxu məzmunlu 17 məktub alıb”

“Ukrayna səfirlikləri içində bomba və ya inək, donuz gözləri kimi heyvan hissələri olan 17 məktub alıb”.

Bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində deyib.

“Bu kampaniya qorxu yaratmaq və ukraynalı diplomatları təşvişə salmaq məqsədi daşıyır”, – deyə Kuleba bildirib.

Telekanalın məlumatına görə, onun Kiyevdəki müxbirinə məktublardan birinin təsviri göstərilib və rəsmilərin dediyinə görə, yumşaq zərfin içərisində donuzun göz bəbəyi olub.

“Hər şey Ukraynanın İspaniyadakı səfirliyində partlayışla başladı. Amma bu partlayışdan sonra baş verənlər qəribə və hətta deyərdim ki, daha xəstə təfəkkürlü oldu”, – deyə Kuleba qeyd edib.

Nazir bu məktubların arxasında kimin dayandığı sualına cavabında Rusiyanın adını çəkib.

“Dərhal Rusiyanın adını çəkmək ağlıma gəlir, çünki ilk növbədə bunun kimə sərfəli olduğu sualını cavablamaq lazımdır”, – deyə o vurğulayıb.

“Ola bilsin ki, bu terror aktıdır. Bizim Rusiya üçün beynəlxalq arenada yaratdığımız diplomatik dəhşətə Rusiyanın cavabıdır. Və bu yolla da onlar real diplomatik döyüşlərdə bir-birinin ardınca uduzaraq geri çəkilməyə çalışırlar”, – deyə Kuleba əlavə edib.

Onun fikrincə, bu hadisələrə görə Rusiya ya birbaşa məsuliyyət daşıyır, ya da Rusiyaya rəğbət bəsləyən kimlərsə qorxu yaratmağa çalışır.

“Yekun nəticəni müstəntiqlər çıxaracaqlar, amma mən hesab edirəm ki, bu iki versiya daha məntiqlidir”, – deyə o bildirib.

Share: