Komandos Ter-Tadevosyan kimi yox, Hikmət Mirzəyev kimi olur

Ermənistanda 1992-ci ildən bəri hər il “üçqat bayram” kimi qeyd olunan 8 may tarixi indi ümumilli pərtlik və kədər, hüzn günüdür. Hər il Ermənistan hərbi-siyasi rəhbərliyi mayın 8-də və 9-da Qarabağa cəmləşərək Xankəndində parad keçirər, Şuşada bayram şənlikləri keçirib “dünya erməniliyinin ən möhtəşəm qələbəsini” qeyd edərdi. Sonuncu dəfə isə Nikol Paşinyan Şuşanın işğalı günü içib sərxoş olmuş və yallı getmişdi, Ermənistan baş nazirinin Şuşada yallı getməsi Azərbaycan xalqının heysiyyatına toxunan hadisələrdən biri oldu və yəqin o vaxt ermənilərin heç ağlına da gəlməzdi ki, onlar Azərbaycanın bu tarixi şəhərində, mədəniyyət beşiyində sonuncu dəfə işğalı bayram edirlər…

 

 

Bu yeyib-içmək məclisi Paşinyan üçün Şuşada sonuncu yeyib-içmək oldu…

Bu gün isə Azərbaycan bayram edir, işğaldan azad olunan Şuşada təmir-bərpa işləri aparılır. Ermənilərin “üçqat bayramı” artıq tarixin zibilliyinə atılıb və onlar Şuşaya ancaq aralıdan baxıb köks ötürə bilərlər.

Lakin belə görünür ki, Ermənistan rəhbərliyi dünya erməniliyi üçün bu hüzn günündə özünə və cəmiyyətə təsəlli verməyə də çalışır. Belə ki, prezident Armen Sərkisyan 1992-ci ilin mayında Şuşanın işğalına başçılıq etmiş, illərdir ermənilərin “əfsanəvi qəhrəmanı” kimi təbliğ edilən, şəhərin Azərbaycan ordusu tərəfindən azad olunmasından bir neçə ay sonra bu dərdə dözməyib o dünyaya yollanan (Görünür Allah bu işğalçı-cəllada görk eləmək üçün ona Şuşanın azad olunmasını sağlığında görməyi də nəsib eləmişdi,-red.) “komandos” ləqəbli general Arkadi Ter-Tadevosyana ölümündən sonra Milli Qəhrəman adı verib.

 

Sovet hərb məktəbinin yetirməsi olan Ter-Tadevosyan Şuşanın işğalına başçılıq etdi, uzun illər ermənilər onu “əfsanəvi sərkərdə, hərb dahisi” kimi təbliğ etdilər, amma 28 il sonra Şuşanın azad olunmasına dözməyərək o dünyaya yollandı…

Ter-Tadevosyana 29 il əvvəlki döyüş xidmətlərinə görə indi Milli Qəhrəman adı verilməsi əlbətdə ki, kapitulyasiyadan, Şuşanın əldən getməsindən ruhdan düşmüş erməni cəmiyyətinə az da olsa mənəvi dəstək verməyə, ruhlandırmağa yönəlib. Amma Ermənistan cəmiyyəti çətin ki, bu cür fərmanlarla sarsıdıcı məğlubiyyətin təsirindən ayıla bilsin. Digər tərəfdən,  ermənilər 29 il əvvəl Şuşanı heç də Ter-Tadevosyan kimi “komandosların” və ya Xocalı cəlladı Vazgen Sərkisyan kimilərinin şücaəti, hərbi biliyi sayəsində işğal etməmişdilər, Şuşa Bakıda gedən siyasi oyunların və Elbrus Orucov kimi o zaman hansı məhzəbə qulluq etdiyi bəlli olmayan komandirlərin nəticəsi olaraq işğal edilmişdi.

 

1992-ci il. İşğalçılar Şuşaya daxil olur

28 il sonra isə bu şəhəri Azərbaycan ordusunun xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi altında əsl komandoslar azad etdi. Özü də dünya hərb tarixində misli görünməyən əməliyyatla, yenilməz şücaətlə və fədakarlıqla. Sıldırım qayalardan dırmaşaraq şəhərin küçələrində sonuncu gülləsinə qədər döyüş aparan, əlbəyaxa döyüşə girən Azərbaycan igidləri əsl komandosların, əsl qəhrəmanların necə olduğunu ermənilərə göstərmiş oldu.

 

28 il sonra- 10 dekabr, 2020-ci il. Şuşa fatehi, general Hikmət Mirzəyev şəhərin azad olunması və Qələbə münasibətilə Bakıda keçirilən paradda xüsusi təyinatlıların önündə gedərkən…

Onların uzun illərdir bütləşdirdiyi , sinəsində çoxsaylı orden-medal gəzdirən “qəhrəmanlar”, Ter-Tadevosyan kimi “hərb dahiləri, komandoslar”, əslində isə əlləri dinc insanların qanına batmış hərbi canilər bu misilsiz şücaəti görəndən sonra xəcalətdən gərək adam içinə çıxmamaydılar. Çünki bu uydurma “qəhrəmanlar” əslində 30 il əvvəl başlatdıqları işğalla, törətdikləri cinayətlərlə erməni xalqını milli fəlakətə, dibi görünməyən səfalətə sürüklədilər,  Azərbaycan ərazilərində “müstəqil arsax” qurmaq əvəzinə Ermənistan adlanan dövləti də faktiki batırdılar, dibə yuvarladılar.  Amma hələ də çıxırlar və bəziləri hətta revanş xülyasındadır…

F.Məmmədov

Share: