KOBİA ötən il 6 mindən çox vətəndaş müraciəti qəbul edib

“2022-ci ildə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə KOBİA) 6300-ə yaxın vətəndaş müraciət edib ki, bunların 1200-dən çoxu KOB maraqlarının müdafiəsi ilə bağlı olub”.

Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, 1200-dən çox müraciətin 21,2 faizi dövlət-biznes və biznes-biznes platformaları çərçivəsində müsbət həll edilib:

“64,8 faizinə qanunvericiliyin tələbləri izah olunmaqla müvafiq tövsiyələr verilib, doqquz faizi aidiyyəti üzrə digər qurumlara yönləndirilib.

Sədr KOB evləri tərəfindən göstərilən xidmətlərdən də danışıb:

“2022-ci ildə Yevlax və Xaçmaz KOB evlərində sahibkarlara ümumilikdə 73 mindən çox “G2B” (dövlət-biznes) və “B2B” (biznes-biznes) xidmətlər göstərilib. Hazırda Yevlax, Xaçmaz və bu ilin 6 yanvar tarixində fəaliyyətə başlamış “Bakı KOB evi”ndə sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 250-dən çox xidmət göstərilir. Ümumilikdə, KOB evləri üzrə göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Növbəti mərhələdə Gəncə şəhərində KOB evinin yaradılması nəzərdə tutulur”.

İlhamə Əbülfət

Share: