“Kitabxana xalqın mənəvi xəzinəsidir.” Bu fikir təsadüfən yaranmayıb. Çünki kitabxana təkcə kitabların saxlandığı məkan deyil, həm də cəmiyyətin intellektual inkişafına xidmət edən, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürən müqəddəs bir elm və mədəniyyət ocağıdır. Məhz buna görə də müasir dövrdə kitabxanaların fəaliyyətinin daha da genişləndirilməsi, onların cəmiyyət həyatındakı rolunun artırılması dövlətin və ictimaiyyətin əsas prioritetlərindən biri olmalıdır.
İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda bəziləri kitabxanaların əhəmiyyətinin azaldığını düşünür. Əslində isə rəqəmsal dövr kitabxanaların missiyasını daha da genişləndirib. Müasir kitabxana həm çap, həm də elektron resursların toplandığı, elmi araşdırmaların aparıldığı, gənclərin maarifləndirildiyi, mədəni tədbirlərin təşkil olunduğu çoxfunksiyalı bir mərkəzə çevrilməlidir.

Məşhur argentinalı yazıçı Xorxe Luis Borxes demişdir: “Mən həmişə cənnəti bir növ kitabxana kimi təsəvvür etmişəm.”
Bu fikir kitabxananın insan həyatındakı mənəvi dəyərini ən gözəl ifadə edən fikirlərdən biridir. Kitabxana yalnız bilik mənbəyi deyil, həm də insanın düşüncə azadlığının, mənəvi kamilliyinin formalaşdığı məkandır.
Təəssüf doğuran məqamlardan biri son dövrlər kitabxanaçıların akkreditasiyası ətrafında yaranan narahatlıqdır. Peşəkarlığın qiymətləndirilməsi vacib olsa da, bu proses illərlə kitabxana işinə vicdanla xidmət etmiş insanların əməyini kölgə altına almamalıdır. Ömrünü kitaba, oxucuya və kitabxana işinin inkişafına həsr etmiş təcrübəli mütəxəssislərin birdən-birə işsiz qalması cəmiyyətdə haqlı narazılıq doğurur.
Əlbəttə, hər bir sahədə yenilənmə zəruridir. Lakin yenilənmə təcrübənin inkarı hesabına baş verməməlidir. Gənc kadrlarla yanaşı, uzun illər formalaşmış peşəkar kitabxanaçıların bilik və təcrübəsi də qorunmalı, onların mentor kimi fəaliyyət göstərməsi üçün şərait yaradılmalıdır. Təcrübə ilə yeniliyin vəhdəti kitabxana sisteminin inkişafına daha böyük töhfə verə bilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: “Kitabxana xalq, millət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir.” Bu fikirlər bu gün də öz aktuallığını qoruyur. Kitabxanaların inkişafı yalnız mədəniyyət siyasətinin deyil, həm də milli təhlükəsizliyin, elm və təhsilin inkişafının mühüm tərkib hissəsidir.
Məşhur filosof Frensis Bekon isə belə deyirdi: “Bilik gücdür.” Bu gücün cəmiyyətə çatdırılmasında kitabxanalar və kitabxanaçılar əvəzsiz rol oynayırlar. Məhz onlar milyonlarla kitab arasında insanı doğru məlumata yönəldən görünməyən bələdçilərdir.
Bu gün kitabxanalar yeni nəfəsə, yeni layihələrə, müasir texnologiyalara və dövlətin ictimai dəstəyinə ehtiyac duyur. Oxu mədəniyyətinin təbliği, elektron kitabxanaların inkişafı, gənclərin kitabxanalara cəlb edilməsi, regionlarda müasir kitabxana mərkəzlərinin yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.
Kitabxanaçıların peşəkarlığının artırılması məqsədilə keçirilən qiymətləndirmələr isə ilk növbədə inkişafyönümlü olmalı, cəza vasitəsinə çevrilməməlidir. Ən böyük sərvətimiz olan insan kapitalını qorumaq, onların uzun illər qazandıqları təcrübəni gələcək nəsillərə ötürmək cəmiyyətimizin ümumi maraqlarına xidmət edir.
Kitabxana keçmişlə gələcəyi birləşdirən körpüdür. Bu körpünü yaradanlar isə kitabxanaçılardır. Onların əməyinə hörmət göstərmək, kitabxanaların inkişafına dəstək vermək və oxu mədəniyyətini cəmiyyətin ayrılmaz hissəsinə çevirmək hər birimizin mənəvi borcudur.
Səadət Sultan Abbasova
Yazıçı-publisist




















