Kazanda keçirilәcәk BRICS sammitinə hazırlıq işləri davam etdirilir

Aleksandr Şapiro-Suliman: “Biz daimi BRICS ölkələri ilə əməkdaşlıq edirik”

 Xəbər verildiyi kimi, BRICS-ə üzv dövlətlərin liderlərinin sammiti bu il Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazanda baş tutacaq. Rusiya Prezidenti Vladimir Putinin imzaladığı sərəncamla 2024-cü ildə Rusiyada keçiriləcək BRICS-ə üzv dövlətlərin liderlərinin sammitinə ev sahibliyi edəcək şəhər müəyyənləşib.

Sərəncama əsasən, Kazan sammitə ev sahibliyi edəcək və Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yuri Uşakov sammitə hazırlıq üzrə məsul təşkilat komitəsinin sədri olacaq.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasından (CAR) ibarət  olan BRICS-in məqsədi  üzv dövlətlər arasında diplomatik, təhlükəsizlik və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir.

Artıq Kreml ilk dəfə olaraq Kazanda keçiriləcək BRICS sammitinin tarixlərini açıqlayıb. Belə ki, BRICS-in Kazan sammiti 22-24 oktyabr 2024-cü il tarixlərində keçiriləcək. Bunu TASS-a müsahibəsində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib: “Rusiyanın sədrliyinin əsas hadisəsi təbii ki, oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammiti olacaq. Üstəlik, bu, assosiasiyanın geniş tərkibdə ilk sammiti olacaq”.

Bundan əvvəl ancaq sammitin oktyabrda Kazanda keçiriləcəyi məlum idi. Konkret tarixlər verilməyib. Uşakov həmçinin müsahibəsində bildirib ki, BRİKS-ə Rusiyanın sədrliyi üzrə təşkilat komitəsinin üzvləri 2024-cü ilin oktyabrında keçiriləcək sammitə hazırlıq işlərinə nəzarət etmək üçün mütəmadi olaraq Kazana səfər edirlər. O izah edib ki, Tatarıstan Respublikasının paytaxtı sammitin keçirilmə yeri kimi təsadüfən seçilməyib. Rusiya Federasiyası Prezidentinin köməkçisinin sözlərinə görə, şəhərdə dünya liderlərinin görüşünün layiqli səviyyədə təşkili üçün lazım olan hər şey var.

Dekabr ayında birbaşa xətt zamanı Rusiya prezidenti Vladimir Putin BRICS-2024 sammitinin Kazanda keçirilməsinə qərar verilməsinin səbəbini izah etdi. O, həmçinin qeyd edib ki, Tatarıstan Respublikasının paytaxtı belə tədbirlərin keçirilməsi üçün lazımi infrastruktura malikdir və bütövlükdə region müxtəlif millətlərin və konfessiyaların nümayəndələri arasında münasibətlərin nümunəsidir.

BRICS sammitinə hazırlıq üçün təşkilati işlər davam etdirilir. Bu kimi işlərlə bağlı BRICS Beynəlxalq Forumu ilə beynəlxalq ictimai təşkilat olan Dünya Xalqları Alyansı arasında memorandum bağlanıb. Sənədi BRICS Beynəlxalq Forumunun prezidenti Purnima Anand ilə Dünya Xalqları Alyansının baş katibi, sülh səfiri Aleksandr Şapiro-Suliman imzalayıblar. Bu haqda Aleksandr Şapiro-Suliman saytımıza məlumat verib: “Xanım Purnima Anand Hindistanın çox dəyərli ictimai xadimlərindən biridir. Biz daimi BRICS ölkələri ilə əməkdaşlıq edirik. Dünya Xalqları Alyansının dünyanın bütün regionlarında nümayəndələri var. Hamısını biz Kazanda keçiriləcək sammitə dəvət edəcəyik. Alyans olaraq Kazan sammitinin təşkilatçılarından biriyik. Ümumiyyətlə, biz Rusiyada keçirilən əksər sammitlərdə təşkilatçı olaraq iştirak edirik. Ötən il Afrika-Rusiya biznes forumu oldu.Tək biz 17 ölkədən bu tədbirə nümayəndələrimizi dəvət etdik. Afrikada 35 ölkə ilə sıx əlaqəmiz var. Biz humanitar və xeyriyyə, xalqlar dostluğu və sülh, iqtisadi və s. mövzularda tədbirlər təşkil edirik”.

Yeri gəlmişkən, Kazanda BRICS ölkələrinin əsas müzakirə mövzusu məlum olub. Belə ki, Kazanda keçiriləcək BRICS sammiti öncəsi CAR-ın Rusiya Federasiyasındakı səfiri Mzuvukile Jeff Maketuka müttəfiq ölkələrin gələcəkdə istifadə üçün hansı ödəniş sistemini seçəcəklərinə qərar verməli olduqları fikrini ifadə edib. Diplomatın sözlərinə görə, yekun qərar hələ qəbul edilməsə də, CAR-ın qlobal tərəfdaşlarla ticarət imkanlarını təmin edən Afrika ödəniş sisteminə üstünlük verməsi ehtimalı var.

Bundan əlavə, Maketuka CAR-ın BRICS çərçivəsində milli valyutalarda qarşılıqlı hesablaşmalar aparmaq təşəbbüsünü vurğulayıb. Bu mövqe iqtisadi müstəqilliyi gücləndirməyə kömək edir və beynəlxalq əməliyyatlarda hər hansı bir valyutanın, o cümlədən dolların hökmranlığının qarşısını alır. Səfir vurğulayıb ki, milli valyutalardan istifadənin iştirakçı ölkələrin iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi tərəfləri var.

Rusiya isə müstəqil BRICS hesablaşma və ödəniş sistemi yaratmağı təklif edir. Bu haqda Rusiyanın maliyyə naziri Antona Siluanov Braziliyanın “Folha de S.Paulo” qəzetinə müsahibəsində danışıb. Müsahibənin mətni nazirliyin saytında dərc olunub.

“Rusiya builki sədrliyi çərçivəsində maliyyə mövzusu kimi beynəlxalq valyuta-maliyyə sisteminin təhlili və nəzərdən keçirilməsi, onun necə işlədiyi, onun iştirakçısı olan bütün ölkələrin maraqlarını nə dərəcədə effektiv şəkildə təmin etməsi məsələsini qaldırmaq istəyir. Biz siyasətdən kənar və yeni rəqəmsal texnologiyalara əsaslanan öz müstəqil hesablaşma və ödəniş sistemimizi yaratmağı təklif etmək istəyirik”, – Siluanov bildirib.

Onun fikrincə, hazırda dünya iqtisadiyyatının mərkəzi BRICS ölkələrinə, eləcə də şərqə doğru dəyişir. “Ticarət əlaqələrinin uğurla qurulması üçün sabit ödəniş sisteminin olması vacibdir. Ona görə də düşünürəm ki, bu mövzu bizim BRICS tərəfdaşlarımız üçün maraqlı olacaq. Bu, innovativdir, bu gün mövcud olan sistemlər baxımından irəliyə doğru bir addımdır: hesablaşmalarda, maliyyə mesajlarının ötürülməsində, maliyyə institutlarının fəaliyyəti məsələlərində”, – nazir əlavə edib.

Görünən odur ki, BRICS ölkələri bir sıra malların hesablaşması üçün dollardan uzaqlaşmaq istəyir. BRICS neft və zərgərlik üçün ödənişlərdə dolları əvəz etmək qərarına gəlib və gələcəkdə qızıla əsaslanan vahid valyutanı nəzərdən keçirir.

BRICS təşkilata üzv olan ölkələrdən müəyyən mal qruplarının alınması üçün standart valyuta tətbiq etmək istəyir, mənbələr “Telegram” kanallarında yazır.

Xüsusilə Çindən texnoloji məhsulların ödənilməsi üçün yuandan, İrandan neftə rialdan, Hindistandan qızıl və zərgərlik məmulatlarına rupiyə, Braziliyadan kənd təsərrüfatı məhsullarına realdan ödəniş etmək planlaşdırılır.

Gələcəkdə bütün maliyyə fəaliyyətlərinin qızıla əsaslanan vahid valyutaya bağlanması və ya bütün ödənişlərin milli valyutalara köçürülməsi gözlənilir. Beləliklə, BRICS Amerika dollarına alternativ yaratmağa çalışır.

Lakin yaxın gələcəkdə dollardan uzaqlaşmaq fantastik görünür. Ən real variantı analitiklər assosiasiya çərçivəsində nağdsız ödəniş vasitələrini və ya opsion olaraq BRICS-ə üzv ölkələrin valyuta səbətindən ibarət hansısa ehtiyatın yaradılmasını təklif ediblər.

 

Fuad Hüseynzadə

Share: