“Kasıbların toyuq hinlərinə də sayğac qoyulsun!.. – Hər şey qələbə üçün!…”

Oliqarx məmur və deputatlarımız da aylıq gəlirlərinin 80 faizini Qarabağda savaşacaq ordu üçün ödəsinlər…

Sultan Laçın

Nazirlər Kabinetinin Tarif Şurasının  ictimai nəqliyyatda qiymət artımı haqda iqtisadiyyatımızın inkişafına xidmət edən son qərarından ruhlanan  Əmək qəhrəmanı Qədimalı kişi kənd zəhmətkşelərinin yığıncağında yeni təkliflərlə çıxış edib. “41-45” müharibəsində faşizm üzərindəki qələbəmiz üçün əlindən gələni etmiş  90 yaşlı ağsaqqal bu gün də öz təcrübəsini erməni tapdağı altındakı torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində xərcləməyə söz verib. Qədimalı kişi öz nitqində “Böyük Vətən Müharibəsi” illərində yoldaş Stalinin ölkənin insan potensialını, sərvətlərini və iqtisadiyyatını alman faşistləri üzərində qələbə naminə necə səfərbər etməsindən bəhs edərək həmin qaydaların  bu gün də Qarabağın azad edilməsi yolunda tətbiq edilməsinin vacibliyini qeyd edib. Natiq varlı, yaxud kasıb olmasından asılı olmayaraq hər bir vətəndaşın qələbəmiz üçün əlindən gələni etməyə borclu olmasını vurğulayıb.  Əmək veteranı xatırladıb ki, “41-45”-də ən kasıb ailələr belə, artıq qalan 100 qram taxılını, bir toyuğunu, yumurtasını da toplayaraq cəbhədəki sovet əsgərlərinə yollayırdı. Kimi yun əyirir, kimi corab toxuyur, kimi paltar, kimi də çarıq tikirdi. Qadınlar oraqla taxıl biçir, onu dəyirmanda üyüdürdü ki, əsgərlər ac qalmasın. Və s. və i.a. Bütün deyilənlərin müasir dövrün tələblərinə uyğun tətbiq edilməsinin vacibliyini bir daha önə gətirən Qədimalı kişinin ən unikal təklifi isə toyuqlarla bağlı olub. O xatırladıb ki, müharibə dövründə digər heyandarlıq, quşçuluq məhsulları kimi yumurtadan da vergi verilirdi. “Lakin o dövrdə toyuqların neçə yumurta çıxarmasını düzgün saymaq üçün texnologiya yox idi. Amma bu gün Elmlər Akademiyasının qabaqcıl alimləri bunun da öhdəsindən gələ bilərlər. Yəni bütün quşçuluq fermalarında olduğu kimi, hər bir kənddə, qəsəbədə, şəhərdə ən kasıb vətəndaşın belə, taxtadan düzəltdiyi hində saxladığı toyuqlara da sayğac qoyulması üçün təcili tədbirlər görülməlidir. Toyuqların da vergidən yayınmasının qarşısı alınmalıdır. Hər bir toyuğa sayğac qoyulduqdan sonra ailə üzvlərinin sayına görə hər ailə üçün yumurta limiti müəyyən olunmalıdır. Bilirsiniz, hazırda vergidən yüz milyonlarla vəsaiti yayındıran vəzifəli dələduzlar saysız-hesabsızdır. Artıq kasıblar da onların bu davranışından nümunə götürərək  vergidən yayınırlar. Odur ki, toyuqlara sayğac qoyulması günün  vacib məsələsidir. Məsələn, gündə bir toyuqları  6 yumurta yumurtlayan  6 nəfərlik ailəyə 3 yumurta saxlamaq lazımdır… Yəni hər birinə yarım yumurta bəs edər. Qalan 3 yumurta isə hökumətə verməlidir. Əgər həmin ailənin 16, lap 160 toyuğu olsa belə, yenə də gündəlik 3 yumurta saxlamaq şərti ilə qalan yumurtalar bələdiyyələr tərəfindən toplanmalıdır. Məncə, bu vergu qaydasına heç bir kəs etiraz etməz. Hələ lazım gəlsə,  qoyunlara, keçilərə də neçə bala doğmalarını dəqiq bilmək üçün sayğac qoymaq olar. Çünki biz müharibə şəraitində yaşayırıq və hər bir vətəndaş  “Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!”   devizi ilə yaşamalıdır…”-deyə Qədimalı kişi çxışını tamamlayıb…
Qədimalı kişinin kənd zəhmətkeşlərinin yığıncağındakı sürəkli alqışlarla qarşılanmış təklifləri torpağını itirmiş bir vətəndaş olaraq  mənim də ürəyimcə oldu. Odur ki, həmin çıxışın əsas məzmununu nəzərinizə çatdırmağı özümə borc bildim. Amma Qarabağın azad edilməsinə xidmət edəcək bu təkliflərə bir ciddi əlavə etmək də ağlıma gəldi. Qədimalı kişinin yadından çıxıb ki, biz artıq neftimizin, qazımızın, pambığımızın, qızılımızın, misimizin və s. Moskva tərəfindən istismar edilib talandığı(!) sovet dövründə yaşamırıq.  Artıq biz yeraltı-yerüstü sərvətlərmizi müstəqil şəkildə talayırıq, üzr istəyirəm,  xalqımızın ehtiyaclarına xərcləyirik… Və  27 illik müstəqillik dönəmində Vətənimizin sərvətləri hesabına kifayət qədər varlanıb-hallanmış, dünya səviyyəli milyarderlərə dönmüş nazirlərimiz, başçılarımız, məmurlarımız,   oliqarxlarıımız var. Torpaqlarımızın azadlığı uğrundakı savaşda onların gücündən istifadə etməsək, xətirlərinə dəyər. Və elə çox yerində yadıma düşdü ki, bir sıra keçmiş partokrat, komsomol  məmurlar sovet dövründə Lenin, Stalin, Brejnevi dillərinin əzbəri etdikləri kimi, bu gün də  “cərgədən dala qalmamaq üçün” Atatürkdən də tez-tez sitatlar gətirirlər. Yəqin, böyük Türk öndərinin 1921-ci ilin avqustunda – 10-15 Avropa dövlətinin mühasirəsində qaldığı, neftinin, qazının və s. olmadığı bir dönəmdə imzaladığı  “Milli vergi”haqqında verdiyi 10 əmr haqda da məlumatları var. Həmin əmrlərə uyğun olaraq hər evdən ordunun ehtiyacı üçün bir dəst alt paltarı, bir cüt corab, bir cüt çarıq alınırdı. Lakin eyni zamanda imkanlı şəxslər, sahibkar və tacirlərin əlində olan malların 40 faizi pulu qələbədən sonra ödənmək şərti ilə  alınırdı… Yeni dövrün tələblərini, müasir silah-sursat və texnikanın bahalığını nəzərə alaraq bəndəniz də təklif edir ki,  üçrəngli bayrağımız Şuşada, Kəlbəcərdə, Laçında, Xankəndində, Ağdamda, Cəbrayılda və s.  ucaldıldıqdan sonra  50 faizi qaytarılmaq şərti ilə bizim oliqarx, nazir, başçı,  deputat, məmur  və sahibkarlarımızın aylıq gəlirlərinin 80 faizi torpaqlarımızın azadlığı uğrunda savaşacaq ordumuzun, eləcə də hərbçilərimizin arxadakı ailələrinin ehtiyacı üçün ödənsin… Bundan sonra biz kasıblar da hər toyuq-cücəmizdən, rayondakı qohum-əqrəbanın  bizlər üçün şəhərə göndərdiyi hər yumurtadan, hər litr süd-qatıqdan, hər kilo, soğandan, xiyardan belə, vergi ödəməyə hazırıq…
Hər şey cəbhə üçün! Hər şey qələbə üçün!..

Share: