KARLOS RUİS SAFON XXI ƏSR İSPAN POSTMODERN ROMANININ NÜMAYƏNDƏSİ KİMİ

XXI əsrin ən məşhur və çox oxunan ispandilli yazıçılarından hesab olunan Karlos Ruis Safon (1964-2020), İspaniyanın Barselona şəhərində dünyaya göz açmışdır.

Hələ uşaqlıqdan atasının tövsiyəsi ilə kitablara, mütaliəyə maraq göstərən Safonun, Ç.Dikenz, E.Po, L.Tolstoy, F.Dostoyevski, M.Bulkaqov kimi dühaların ədəbi irsindən bəhrələnməsi, onun gələcək yazar kimi formalaşmasına səbəb olur. Yeniyetməlik dövründə qələmə aldığı 600 səhifəlik “Arlekinlərin labirinti” (El Laberinto De Los Arlequines, 2016) və “Duman şahzadəsi” (El príncipe de la niebla, 1993) romanları ilə bir çox redaktor və nəşr evlərinin diqqətini özünə cəlb etməyi bacarmış Karlos Safon bu əsərlərinə görə ilk “ Premio Edebé” mükafatını qazanır. Müəllifə məşhurluq gətirən “Unudulmuş kitablar məzarlığı” (Cementerio de los Libros Olvidados, 2001) tetralogiyası isə elə ilk andan sanki bir “boom” effekti yaradaraq best sellerə çevrilir. “Küləyin kölgəsi”, (La Sombra del Viento, 2001), “Mələyin oyunu” (El juego de ángel, 2008), “Cənnət məhbusu” (El prisionero del cielo, 2011), “Ruhlar labirinti” (El laberinto de losespíritus, 2016) romanlarından ibarət bu tetralogiya, Migel de Servantesin “Don Kixot” əsərindən sonra 15 miliyondan çox nüsxəsi satılan bədii nümunə kimi müəllifə, beynəlxalq səviyyəli yazıçı statusu qazandırır [1].
Tetralogiyaya daxil olan “Küləyin kölgəsi”, Karlos Ruis Safonun müasir oxucu kütləsi arasında böyük rəğbət qazanmış ilk kitabıdır. 1936-cı ildə İspaniya Vətəndaş müharibəsi zamanı Barselonada cərəyan edən bəzi ictimai, mədəni hadisələrin gedişatına həsr olunmuş roman, daha çox avtobioqrafik xarakter daşıyır. Əsərin baş qəhrəmanı 10 yaşlı Daniel Sempereni, atası köhnə və nadir kitabların yığıldığı “unudulmuş kitablar məzarlığı” adlanan sirli bir yerə gətirir və buradan özünə istədiyi kitabı seçməyini tapşırır. Ənənəyə görə oxucu seçim etdiyi hər kitaba görə məsuliyyət daşıyır və bədii qəhrəmanının taleyini yaşamaq kimi tilsimə mübtəla olur. Künc tərəfdəki rəflərdə Xulian Karaks adlı müəllifin “Küləyin kölgəsi” adlı kitabı Danielin diqqətini çəkir. Kitabın ilk səhifələrindən ovsunlanmış Daniel sanki müəllifin və onun qəhrəmanlarının əsirinə çevrilir. Müəyyən zaman ərzində Daniel, oxuduğu əsərin əsas obrazına çevrilir onun həyatını yaşamağa başlayır. Ovsun öz işini görməyə başlayır. Müəllif sərhəd və məkan anlayışlarını pozaraq, bizi “roman içində yazılan romanın” oxucusuna çevirir. Əsər ideya, süjet və digər struktur xüsusiyyətlərinə görə dahi rus yazıçısı Mixail Bulqakovun “Master və Marqarita” romanına öz bənzərliyi ilə seçilir [2]. Safonun uşaqlıqdan rus nəsrinə göstərdiyi maraq bu kontekstdə özünü biruzə verir. Romanda ənənə və müasirliyin vəhdətində mistika, sehr, cadu elementlərindən istifadə, XXI əsr magik realizminin ünsürü kimi açıqlanır. Bundan əlavə, latınamerikan ədəbiyyatının dahi simaları – Xorxe Luis Borxesin intellektual, Qabriel Qarsiya Markezin regional və Umberto Ekonun postmodern təhkiyə üsuluna yiyələnən Karlos Ruis Safonun yaradıcılığı, heç şübhəsiz ki, XXI əsr postmodern romanının təşəkkülündə möhtəşəm iz qoymuşdur.

Əliyeva Həmidə Muxtar qızı
Elmi rəhbər: f.f.d., b/m Mirzəyeva Vüsalə Kamilpaşa qızı
ADU, Magistratura, Ədəbiyyatşünaslıq (ispan) qr.118
Açar sözlər: İspan ədəbiyyatı, postmodernizm, magik realizm, Karlos Ruis Safon

İstifadə olunmuş ədəbiyyat
Carlos Ruiz Zafón. La Sombra del Viento. Barcelona: Editorial Planeta, 2016.
https://bulletinofadvancedspanish.com/ruiz-zafon-o-la-formula-del-exito/
http://ahenkdergisi.com/?p=1558

Share: