Karantin dövründə online fəaliyyət göstərən partiyalar – sədrlərdən açıqlama

Aprelin 5-dən Azərbaycanda koronaivurs (COVİD-19) infeksiyası ilə bağlı karantin rejimi bir qədər də sərtləşdirilir. Bu tarixdən etibarən bəzi qurumlarda çalışanlar istisna olmaqla, insanlar çölə yalnız hər gün yalnız 2 saatlıq müddət üçün  SMS vasitəsilə icazə alaraq çıxa biləcəklər. Azərbaycanda karantin rejiminin aprelin 20-nə qədər davam etməsi nəzərdə tutulur.

Bəs bu vəziyyətdə ölkə ictimaiyyəti, partiyalar, QHT-lər necə fəaliyyət göstərirlər?

Müstəqil.Az bildirir ki, Musavat.com-un əldə etdiyi məlumata görə hazırda əksər QHT-lər və partiyalar online formada fəaliyyətlərini qurub, i rinə bu cür davam edirlər. Onlar əsasən online qruplar yaradıb, müzakirə ediləsi məsələlərini həmin qrupda danışırlar.

Ağ Partiya sədri Tural Abbaslı bildirdi ki, karantin dövründən əvvəl də müxalifətin fəaliyyət məkanı daralmışdı:

“Karantin elan olunandan sonra təbii ki, digər sahələrdə olduğu kimi siyasi arenada da məsələlər ağırlaşdı və siyasi fəaliyyət səngidi. İndi əslində elə əsas siyasi mövzu da pandemiya, insanların bundan az itkisiz çıxmasıdır. Xüsusi siyasi proses yoxdur ki, ondan kənarda qalaq. Çalışırıq ki, bu və ya digər mövzulara partiya kimi mövqeyimizi bildirək. Bu mövqeyi də həm jurnalistlərə açıqlama verməklə, həm də sosial şəbəkələr vasitəsilə bildiririk. Həftədə 1 dəfə müasir texnologiyanın yaratdığı imkanlardan istifadə edib, idarə heyətinin iclasını keçirirk. Təbii ki, online şəkildə, sosial şəbəkələr vasitəsilə siyasət tam mənasında həyata keçirilə bilməz. Bunun üçün canlı ünsiyyət, karantinin aradan qaldırılması lazımdır ki, partiyalar tam şəkildə fəaliyyət göstərsin. Ümid edirik ki, yaxın zamanlarda həm dünyada, həm də Azərbaycanda mövcud vəziyyət düzələr və biz də fəaliyyətimizə geri dönərik”.

VHP İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, pandemiya dövründə Vətəndaş Həmrəyliyi Partiyası öz fəaliyyətini mövcud şərtlər əsasında həyata keçirir:

 “İlk gündən Mərkəzi Aparatın yaşı 65-dən yuxarı olan, səhhətimdə problem olan ştatlı işçilərinin evdə qalmasına göstəriş verildi. Ölkədə karantin elan olunduqdan sonra isə bütün işçilərin işə gəlməsi dayandırıldı və onlayn əlaqələr vasitəsi ilə fəaliyyət göstərilir. Partiya rəhbərliyindən yalnız Mərkəzi İcra Aparatının rəhbəri baş ofisdə fəaliyyət göstərir, sənədləşmə və əlaqələndirmə işlərini həyata keçirir. VHP-nin ştatda olan əməkdaşlarının əməkhaqqı ödənilib. VHP-nin bütuň rayon təşkilatlarının fəaliyyəti dayandırılraq onlayn formaya keçirilib. Yalnız telefon və internetin imkanları vasitəsi ilə əlaqələr qurulur. Siyasi Şuranın və digər seçkili qurumların fəaliyyətləri müvəqqəti dayandırılıb. Zərurət olduğu təqdirdə toplantılar onlayın formada keçiriəcəkdir. Bütün üzvlərə karantin rejiminə əməl etmək göstərişi verilib”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn qaydalara əməl etdiklərini söylədi:

“Karantin rejimi elan olunmamışdan əvvəl siyasi fəaliyyətlə bağlı qərargaha gediş-gəliş məhdudlaşdırılmışdı. Özüm qərargaha gedirdim. Çünki işlə bağlı materiallar var. Eyni zamanda, özümün məşğul olduğum materiallar da oradadır. Amma hazırda qərargah bağlıdır. Dostlarla, o cümlədən, partiya rəhbərliyinə daxil olan şəxslərlə telefon, internet vasitəsilə əlaqələr saxlayırıq, məsləhətləşmələr aparırıq. Karantin rejimində elan olunan qaydalara tam əməl olunur”.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirdi ki, karantin dövründə bütün şərtlərə əməl edərək, evdə otururlar:

 “Heç yerə çıxılmır, hər hansı təşkilati işlər görülmür. Pandemiyanın artmaması üçün vətəndaş olaraq gərəkən addımları atmağı vacib bilirik. Bu baxımdan karantin dövründə “evdə qal” prinsipinə riayət edirik”.

ReAL Partiyasının idarə heyətinin üzvü Natiq Cəfərli isə bildirib ki, onlar online formada fəaliyyət göstərirlər: “Online  qruplarımız var, bəzi məsələlərin müzakirəsini orada təşkil edirik, regionlarla və Bakı Məclisləri ilə müxtəlif online platformalarla əlaqə saxlayırıq”.

 

Əli Rais

Share: