“Kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çeviriblər”

“Təhlükəsizlik qaydalarına ciddi riayət edilməklə 2020-21-ci təsərrüfat ilində 10 min hektar, 2021-22-ci təsərrüfat ilində 50 min hektar, 2022-23-cü təsərrüfat ilində isə 72 min hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb edilib”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisdə keçirilən ictimai dinləmədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.

Nazir qeyd edib ki, bu isə potensial ərazilərin cəmi 60 %-ni təşkil edir: “Göründüyü kimi 40 % torpaq sahəsi qeyd olunan səbəblərdən hələ də əkin dövriyyəsinə cəlb oluna bilinməyib. Bu ərazilərdə mina ilə çirklənmə o dərəcədə yüksəkdir ki, bütün təhlükəsizlik tədbirlərinə baxmayaraq hadisələr qaçılmaz olur. 

ANAMA-nın məlumatına əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı fəaliyyətləri zamanı indiyədək 10 mina partlaması hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb, 7 nəfər isə həyatını itirib. 6 ədəd kənd təsərrüfatı texnikası yararsız hala düşərək sıradan çıxıb. Eyni zamanda, işğalçılar uzun illər ərzində kənd təsərrüfatı torpaqlarını döyüş poliqonuna çevirib və münbitliyinə ciddi ziyan vurub. Həmin ərazilərin torpaq resurslarının monitorinqi zamanı müəyyən edilib ki, uzunluğu 2000 km, sahəsi isə təxminən 4200 hektar olan səngərlər və istehkamlar qurulub və bu torpaqlar kəskin antropogen eroziyaya məruz qalıb. Yüksək səviyyədə mina və partlamamış silah-sursatla çirklənmiş əkin sahəsi təxminən 5 min hektardır”.

Zaur Mirzə


Share: